Nazirlik əsgərin intihar etdiyini, yaxınları döyülüb öldürüldüyünü deyir
Əsgərin qohumları: «Xidmətini bitirməsinə bir ay qalmış əsgər intihar etməz»
Daha bir əsgərin müəmmalı ölümü ölkə mediasının gündəmini zəbt etdi. Belə ki, Göyçay hərbi komissarlığından Qazax N saylı hərbi hissədə qulluğa çağırılan rayonun Kürdəmiş kəndinin sakini, 1991-ci il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu hərbi xidmətdən tərxis olunmağa bir ay qalmış dünyasını dəyişib.
Müdafiə Nazirliyi olayla bağlı açıqlamasında əsgərin intihar etdiyini bildirib: “Əsgər postda olarkən tabel silahından atəş açaraq intihar edib. Hadisəylə bağlı cinayət işi açılıb, araşdırma aparılır”.
Ancaq mərhumun yaxınları nazirliyin fikriylə razı deyil…
“Bu, döyülmənin, işgəncənin sübutudur”
Fevralın 28-də saat 16 radələrində özünü güllələdiyi iddia edilən Seymur Allahverdiyevin yaxınlarına axşam saat 21 radələrində Gəncə şəhərində yerləşən hospitaldan xəbər veriblər. Dərhal Gəncəyə gedən mərhumun dayılarına isə əvvəlcə əsgərin düşmən tərəfin gülləsinə tuş gəldiyi, daha sonra isə intihar etdiyi deyilib.
Bu məlumat sosial şəbəkələrdə yayılan kimi böyük ajitoaj yarandı. Hətta gecə saatlarında paytaxtın mərkəzində mitinq keçirilməsi təklifində bulunanlar da oldu.
Xəbəri eşidən kimi gecəyònən Göyçaya yollandıq. Kürdəmişə çatanda isə artıq bütün rayonun bu “intihar”dan xəbəri vardı. Mərhumun iki mərtəbəli, təmirsiz ata evində adam əlindən tərpənmək mümkün deyildi.
Kənd sakinləriylə söhbət zamanı onlar bildirdilər ki, əsgərin intihar etməsi xəbərinə inanmırlar: “Bu mümkün deyil. Xidmətinin qurtarmasına bir ay qalan əsgər niyə intihar etməlidir? Bu heç bir məntiqə sığmır”.
Yaxınlarına başsağlığı verib, əsgərin cənazəsinə yaxınlaşırıq. Seymur Allahverdiyevin qohumları əsgərin döyülərək öldürüldüyü qənaətindədirlər. Onların sözlərinə görə, hərbi xidməti bitirməsinə bir ay qalmış əsgər intihar etməzdi, həm də meyidin üzərindəki əlamətlər onun öldürüldüyünə dəlalət edir: “Mərhumun sağ qulağının yuxarı hissəsində tikiş izi də var. Bundan başqa, meyidin başının yuxarı nahiyəsi içəri batıb. Bu, döyülmənin, işgəncənin sübutudur”.
Əvvəl bayraqsız, sonra bayraqla…
“Bir neçə gün bundan əvvəl bizimlə danışdı. Hər şeyin yaxşı olduğunu dedi. Bəs necə oldu intihar etdi? Budurmu dövlətimiz? Niyə əsgərlərə yiyə durmurlar? Vurub öldürüblər, sakit bir uşaq idi. Uşağımızı necə aparıblar, elə də təhvil versinlər. Deyirlər RPK ilə özünü öldürüb. Meyidi açıb baxmışıq, avtomatla özünə güllə atan adamın beyni dağılmalıdır. Güllə bədənin hansı nahiyəsinə daxil olursa əks tərəfdən çıxmalıdır. Beyin isə sağ-salamatdır. Uşağımızı döyüb öldürüblər. Belə özbaşınalıq olmaz. Hardadır böyük vəzifələlilərin övladları? Niyə onların başına bu iş gəlmir? Bunu azərbaycanlılar edib, ermənilər yox. Erməni öldürsəydi deyərdik ki, vətən yolunda şəhid olub”,- deyə Seymur Allahverdiyevin qohumları söyləyirlər.
Əsgərin yaxınları onu da bildirdilər ki, mərhumun cənazəsini rayon hərbi komissarlığının əməkdaşları gətirib onlara verib və dərhal gediblər: “Cəzanəzəni bayraqsız gətirdilər. Üstündən bir neçə saat keçəndən sonra bayraq gətirdilər. Belə hörmətsizlik olar? Soruşuruq ki, belə niyə etmisiniz? Cavab verirlər ki, yadımızdan çıxıb. Əsgəri öldürmək yadınızdan çıxmır, ancaq bayrağı unudursunuz?”.
Bizimlə söhbət edənlər deyirlər ki, Seymur Allahverdiyev məzuniyyətə gələndə çox yaxşı idi: “Dedik, güldük, qohum toyu idi, əyləndik. Intihar etmək niyyətində olan adam heç vaxt bu əhval-ruhiyyədə ola bilməz”.
“Əsgər yoldaşlarına tapşırıq veriblər ki, sussunlar”
Seymur Allahverdiyev evin böyük övladı idi. Ondan başqa ailədə bir qız və bir oğlan uşağı böyüyür. Valideynləri Rusiyaya çörək dalınca gediblər. Elə Seymur da valideynləriylə orada olub. Allahverdiyevlər övladının fərari olmaması üçün onu Azərbaycana gətirərək hərbi xidmətə yola salıblar: “Çox sakit uşaq idi. Heç kimlə işi olmazdı. Elə bil ailəsi onu öz əliylə düşmənə təhvil verdi”.
Seymurun valideynləri övladlarının ölüm xəbərini eşidən kimi ölkəyə üz tutublar. Gecikmə olduğu üçün mərhumun dəfni də yubanır: “Atası zəng etdi dedi ki, biz gəlməyincə oğlumu basdırmayın. Onlar gələndən sonra Seymur dəfn olunacaq”.
Biz mərhumun yas mərasimində olanda yalnız hərbi hissədən iki zabitin gəldiyini gördük. Onlarla birlikdə gələn əsgərlərin isə Göyçaydan olduğu deyilirdi: “Göyçaylı əsgərləri ona görə bura gətiriblər ki, yerli olduğu üçün söz-söhbət olmasın. Onlardan mərhumla bağlı söz soruşuruq, hamı yaxasını kənara çəkir. Hamı deyir ki, biz heç nə bilmirik. Hamısını öyrədiblər. Ola bilməz ki, əsgər yoldaşları Seymurun ölümü barədə heç nə bilməsin. Sadəcə onlara tapşırıq veriblər ki, susunlar”.
“Elə bir silah varmı ki, əsgər onunla gicgahına güllə vursun? Bu yalnız tapança ilə ola bilər. Əsgərdə isə tapança olmur. Nə Kalaşnikov avtomatı ilə, nə RPK ilə, nə də başqa bir silahla insan başına güllə vura bilməz. Bu mümkün deyil. Bir də ki, avtomat 100 metrdən adama dəyəndə həmin yeri darmadağın edir. Onun isə başında bir tikiş var, bir də yuxarı nahiyəsi içəri girib. Bu isə döyülməyin əlamətidir” – deyə Allahverdiyevlərin yaxınları etiraz edirlər.
Hansı versiya?
Biz orada olanda maraqlı bir xəbər də eşitdik. Sən demə, mərhumun qohumlarına Seymur Allahverdiyevin xəstə olması barədə də məlumat veriblər: “Özlərini itiriblər. Bilmirlər nə desinlər. Gah deyirlər ermənilər vurub, gah söyləyirlər intihar edib, gah da xəbər çatdırırlar ki, xəstə imiş. Əgər Seymur xəstə idisə, o zaman hansı səbəbdən hərbi xidmətə aparıblar? Intihar idisə, niyə beyni salamat qalıb?”.
Yaxınları deyir ki, Bakıdan heç kim gəlməyib: “Hələ ki, nə gələn olub, nə maraqlanan”.
Bu olay rayonda böyük səs-küyə səbəb olduğundan, ciddi narazılıq yaratdığından Ictimai Palatanın rayon təşkilatı Göyçay Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin qarşısında piket keçirmək üçün icra hakimiyyətinə müraciət ünvanlayıb. Bundan başqa, Bakıda müstəqil gənclər martın 10-na şəhərin mərkəzində mitinq təyin ediblər.
***
Mərhumun cənazəsi hələ ki ata evindədir. Valideynləriylə sonuncu “görüş”ü qalıb. “Görüş”dən sonra isə…
Ramin DEKO
Bakı-Göyçay