Hakimiyyətə qarşı beynəlxalq kampaniyaya onun ən yaxın müttəfiqi də qoşuldu
“Azlıqlar üçün təhlükəsizliyin əsl zəmanəti diktatorun xoş münasibəti yox, yalnız demokratiya ola bilər”
Azərbaycan hakimiyyətinə qarşı xarici medianın tənqidlərinə İsrail mətbuatı da qoşuldu. İsrailin ən populyar nəşrlərindən olan “Haaretz” qəzeti Əliyevlər rejimini “oğru hakimiyyəti” adlandırıb. Qəzetin dərc etdiyi “Antisemitizmin olmadığı ölkə” başlıqlı yazıda yəhidulərə Azərbaycandakı xoş münasibətdən, hakimiyyətin İsraillə dostluğa çalışmasından bəhs olunur. Lakin müəllif Anşel Pfeffer belə bir suala cavab axtarır ki, ümumən insan haqlarını pozan və korrupsiyalaşmış rejim öz xalqına qarşı zorakı rəftar etdiyi halda yəhudilərə necə yaxşı ola bilər.
“Burada antisemitizm yoxdur və heç vaxt da olmayıb”. Anşel Pfefferin Azərbaycanda hər addımda eşitdiyi ifadə bu olub. Müəllif xatırladır ki, söhbət İranın qonşuluğunda yerləşən, əhalisinin isə 95%-i şiə müsəlmanları olan ölkədən gedir.
“Doğrudur, azərbaycanlılar və yahudilər müxtəlif imperiyaların əsarəti altında 2500 ildən artıq yanaşı yaşayıblar”, deyə qeyd edən müəllif bildirir ki, şiələrin əksəriyyəti tolerant əhval-ruhiyyədədir, Azərbaycan mədəniyyəti isə kifayət qədər dünyəvidir. Müəllif yazır ki, İsrail Azərbaycanla güclü strateji alyansdadır. Prezident İlham Əliyev tez-tez yəhudi mərkəzlərinə baş çəkir.
Ancaq müəllif daha sonra Dağlıq Qarabağ müharibəsini yada salır və həmçinin, qeyd edir: “Kleptokratik rejim (yunanca oğru hakimiyyət deməkdir – red.) nümayişçiləri döyür, jurnalist və müxalifətçiləri əsassız olaraq həbsə atır, seçkilərin nəticələrini saxtalaşdırır”.
Pfeffer yazır ki, ayrı-ayrı ölkələrdə insan haqları ilə bağlı sitasiyada «lakmus kağızı» yahudilərə münasibətdir. Lakin Azərbaycan və “Putin Rusiyasının” nümunəsi bu məsələdə sual yaradır: “Diktator öz xalqı ilə pis, yahudilərlə yaxşı rəftar edə bilərmi? Bəlkə onun hərəkətləri Vaşinqtondakı “yahudi lobbisinin” himayəsinə olan ümidlə izah edilir?”.
Məqalədə qeyd olunur ki, “Coordination Forum for Countering Anti-Semitism” təşkilatının məlumatına əsasən 2012-ci ildə Azərbaycanda cəmi bir dəfə antisemit qalmaqalı qeydə alınıb – rusiyalı jurnalist Vladimir Solovyov “Azerbaijan Airlines”i ermənini reysə buraxmadığına görə tənqid etdikdən sonra antisemit məktub alıb. “Yəqin ayrıca bir hadisəyə görə kənara çıxmağa dəyməz, ancaq görünür, yahudilər özlərini Azərbaycanın loyal vətəndaşları kimi aparanda onlara dözürlər və müdafiə edirlər”, – deyə müəllif yazır və ardınca sual edir: “Bəs gənc yahudilər protest elektorata qoşulsa, Əliyev yahudi icmasını müdafiə edəcəkmi?”.
Məqalənin sonunda isə müəllif vurğulayır: “Azlıqlar üçün təhlükəsizliyin əsl zəmanəti diktatorun xoş münasibəti yox, yalnız demokratiya ola bilər”.