Gürcüstan prezidenti Rusiyanın Azərbaycanda dövlət çevrilişi hazırladığını dedi
«Azərbaycan hakimiyyəti öz narahatlığını Saakaşvilinin vasitəsilə dilə gətirir»
“Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-sabitlik təhlükəsi ilə üz-üzədir”. Azərbaycana səfərini başa vuraraq geri qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisi aeroportunda jurnalistlərə verdiyi açıqlamada belə deyib. Prezident qeyd edib ki, hər iki ölkəni əlavə muxtariyyətlər yaradılmaqla daha da parçalanmaq gözləyir, Azərbaycanda isə Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlayırlar: “Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Sadıqov (Söyün Sadıqov) soyadlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə söz verib.
Bu cür vədi ölkəmizdəki ermənilərə Gürcüstanın yeni hökumətinin əfv etdiyi erməni siyasi fəal Vaaqn Çaxalyan da verib. Sadıqov milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşırlar”.
“Azərbaycanda dövlət çevrilişi mümkün deyil”
Dünən məsələyə həm Azərbaycan, həm də gürcü tərəfindən reaksiyalar gəlib. YAP Idarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar Ibrahimov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət çevrilişi ümumiyyətlə mümkün deyil: “Çünki ölkədə hüquq-mühafizə orqanları, xalq, prezident var. Azərbaycan xalqı bütöv şəkildə ölkə prezidentinin ətrafında birləşib, ona görə də bu fikirlərə inanmıram”. E.Ibrahimovun sözlərinə görə, Saakaşvili əgər belə bir fikir səsləndirirsə, bu fikirin məsuliyyətini də dərk edir: “O bilir nə deyir. Bir məsələni də qeyd etmək istəyirəm ki, tarixdən üzü bəri hər hansı bir ölkədə dövlət çevrilişi etmək istəyənlərin o ölkədə güclü bazası olub. Buna diqqət edin: Azərbaycanda Söyün Sadıqov adlı bir şəxsi tanıyan varmı? Vahid Ələkbərovu tanıyan varmı? Bu məsələyə inanmıram. Əgər insanlar onları tanımırlarsa, demək onları bir nəfər belə, müdafiə etməyəcək. Amma hesab edirəm ki, Saakaşvili bu açıqlaması ilə Azərbaycana yaxşılıq etdi. Insanları bir daha ayıltdı. Azərbaycan xalqı prezidentin ətrafında daha da sıx birləşəcək”.
DIP sədri, millət vəkili Asim Mollazadə isə “Qafqazinfo”ya bildirib ki, Saakaşvilinin dediklərində həqiqət var: “TANAP layihəsindən sonra Azərbaycana təzyiqlər artdı. Rusiya öz müttəfiqləri ilə birgə hər zaman çalışır ki, Azərbaycanla Gürcüstanın inkişafının qarşısını alsın. Biz də bunları bildiyimizdən dolayı təhlükəsizliyimizin qarşısının almağa daim hazır olmalıyıq”.
“Lukoil” təkzib edir
“Lukoil”in prezidentini dövlət çevrilişində ittiham etmək iftiradır”. Bu sözləri Modern.azÿsaytına “Lukoil” şirkətinin Bakı ofisinin rəsmi nümayəndəsi Eldar Əliyev bildirib.
O, Saakaşvilinin “AzərRos”un sabiq prezidenti Söyün Sadıqovla “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun birgə Azərbaycanda gürcüstansayağı dövlət çevrilişi həyata keçirmək istəyində olmaları haqda bəyanatını cəfəngiyat və iftira adlandırıb: “Belə fikirləri səsləndirmək axmaqlıqdır. Gürcüstanda nə baş veribsə, onların öz işidir. Amma ”Lukoil”un prezidentini belə bir şeydə ittiham etmək böhtandan başqa bir şey deyil”.ÿ
Gürcüstan da reaksiya verdi
“Gürcüstanın prezidenti Mixail Saakaşvili Azərbaycandan dönəndən sonra antidövlət bəyanatı verib”. Bu sözləri Gürcüstanın müdafiə naziri Irakli Alasaniya Söyün Sadıqovun müəyyən təşkilat yaratması və bu təşkilatın Gürcüstan və Azərbaycan üçün eyni anda təhlükəli olması barədə bəyanatına münasibət bildirərkən deyib:ÿ”Saakaşvilinin çıxışından sonra məndə belə fikir formalaşır ki, o, siyasətdən getdikdən sonra istəyir ki, Gürcüstanda daş üstündə daş qalmasın”.
I.Alasaniyanın sözlərinə görə, belə bəyanat antidövlət xarakteri daşıyır və Gürcüstanın regional təhlükəsiz inkişafına mane olur.
Politoloq nə deyir?
“Saakaşvili prezident Ilham Əliyevlə təkbətək görüşdə bunu deyə bilərdi. Amma mətbuata səsləndirməsinin arxasında bir sıra məsələlər dayana bilər”. Bu sözləri politoloq Vəfa Quluzadə deyib (Modern.az). Azərbaycanda vəziyyətin ziddiyətli olduğunu deyən politoloq siyasi qüvvələri Rusiyanın bu iyrənc planına qarşı birləşməyə çağırıb. V.Quluzadənin sözlərinə görə, Amerika və Türkiyə Azərbaycandakı vəziyyətlə bağlı ehtiyatlı olmalıdır: “Azərbaycanda vəziyyət olduqca ziddiyətlidir. Amma buna baxmayaraq ölkədə vəziyyət Azərbaycan hakimiyyətinin tam nəzarətindədir. Rusiyanın Azərbaycan çevriliş eləməsi mənim fikrimcə, mümkün deyil. Bütün məsələlər Azərbaycandakı daxili vəziyyətdən aslıdır. Azərbaycanda daxili vəziyyətdə stabillik pozularsa, onda bu vəziyyətdən təkcə Rusiya deyil, hamı istifadə etməyə çalışacaq. Rusiyada buna cəhd edəcək, Iran da. Eyni zamanda bu baş verməsin deyəÿ Amerika və Türkiyə çox ayıq olmalıdır. Azərbaycanın milli qüvvələri, iqtidar da hamısı bir yerdə bu cür variantın həyata keçməsinin qarşısını almaq barədə düşünməlidir”. Politoloq həmçinin gürcü prezidentin belə bir çıxışının arxasında müəyyən məqamların ola biləcəyini vurğulayıb: “Hesab edirəm ki, Saakaşvili prezident Ilham Əliyevlə təkbətək görüşdə bunu deyə bilərdi. Amma bunu mətbuata səsləndirməsinin arxasında bir sıra məsələlər dayana bilər”.
Saakaşvili Ilham Əliyevin sözünü deyir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Saakaşvilinin bu bəyanatının kifayət qədər sensassiyalı olduğunu deyir: “Azərbaycan hökuməti tərəfindən Milyarderlər Ittifaqının əleyhinə təblibat aparılırdı. Bu qurum Azərbaycanın daxili işlərinə müdaxilədə, hansısa siyasi maraqlara xidmət etməkdə ittiham olunurdu. Ittifaqın üzvləri isə siyasətlə məşğul olmadıqlarını, daha çox diaspora fəaliyyətinə üstünlük verdiklərini ifadə edirdilər. Indi Saakaşvilinin belə bir bəyanat səsləndirməsi Azərbaycan hakimiyyətinin apardığı siyasətlə səsləşir. Görünür, Saakaşvilinin səfəri zamanı Azərbaycan iqtidarı ondan açıq mövqe bildirməsini istəyib. Hakimiyyət öz narahatlığını Saakaşvilinin vasitəsilə dilə gətirir. Çünki müxtəlif ssenarilərlə bağlı ciddi əndişə duymaqdadır. Indi də öz qorxusunu ictimailəşdirməyə çalışır. Bilir ki, Saakaşvili ilə Rusiya hökuməti arasında münasibətlər kifayət qədər kəskindir. Bundan istifadə edib Rusiyaya qarşı psixoloji-siyasi təsir göstərmək istəyir”.
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Rusiya həmişə Qafqazda təsir imkanlarını genişləndirmək üçün aktiv fəaliyyət göstərir: “Xəzər dənizində hərbi donanmasını gücləndirməsi, Ermənistanı silahlandırması, Gürcüstanda özünə tərəf olan bir qüvvənin parlamentdə üstünlük əldə etməsinə nail olması bütün bunların bariz nümunəsdir. 2013-cü il prezident seçkisi ilə əlaqədar Rusiya Azərbaycanda bir layihə həyata keçirəcək. Burada əsas məqsəd Azərbaycanı öz təsir dairəsinə salmaqdır. Saakaşvilli deməmişdən əvvəl də biz bunu qeyd etmişik. Bunun özünü reallaşdırması isə xalqımızın siyasi səriştəsindən, Azərbaycan müxalifətinin birliyindən və iqtidarla müxalifətin əməkdaşlığından, uzaqgörən siyasətindən asılıdır”.