Etibar Əliyev: «Məktəb test əzbərlətmək yeri deyil»
TQDK və dərsliklər son çağlar istər mətbuatda, istərsə də sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bu müzakirəllərdə TQDK ön sırada dayanır, guya yüksək dairələrdə bu qurumun ləğvi məsələsi artıq həll olunub, qəbul məsələsi yenidən Təhsil Nazirliyin səlahiyyətinə veriləcək. Bütün bu məsələlərlə bağlı təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevlə söhbətləşdik, təhsil sahəsində baş verənlərə, problemlərə işıq salmağa çalışdıq.
– Etibar müəllim, son vaxtlar Kütləvi Informasiya Vasitələrində TQDK-nın ləğvi məsələsi yenə gündəmə gəlib, bu məsələyə münasibətinizi bilmək istərdik. Test üsulu özünü doğrultmur?
– Məncə, ləğv olunması haqqında şayiələr o qurum haqqında gəzib-dolaşmalıdır ki, həmin qurumda korrupsiyanın ucu-bucağı görsənməsin. Yaxud həmin qurum üzərinə düşən vəzifəni yerinə yetirməsin.
Məncə, TQDK üzərinə düşən vəzifələri yerinə yetirə bilir və korrupsiyaya bulaşmamış qurumdur. Test üsulu ilə imtahanların keçirilməsini əleyhinə olanların çoxuna elə gəlir ki, testlərlə biliyin yoxalanılmasını TQDK icad edib. Təhsil sistemi öndə olan ABŞ-ın “Təhsil aktında” yazılıb: “Bütün Amerika məktəbliləri 4-cü, 8-ci, 12-ci sinfi bitirdikdən sonra ingilis dilindən, riyaziyyatdan, təbiət elmlərindən, tarix və coğrafiyadan biliklərinin səviyyəsinin yoxlanması üçün testdən keçməlidirlər. Hər bir məktəbdə müəllim inandırmalıdır ki, onun şagirdləri düşünməyi bacarır”. Indi təsəvvür edin, elm sahələri üzrə Nobel mükafatçılarının 80%-nin cəmləşdiyi bir ölkədə testin funksiyası nədən ibarətdir? Biz testin bu keyfiyyətini kənara qoyub, yalnız əzbərçilik, “tapmaca” xarakterindən danışırıq. Yaxşı müəllim həm keçdiyi dərsdə həm də test tapşırıqları ilə bağlı təlimlərində şagirdinin düşünə bilmək qabiliyyətini üzə çıxarmağa çalışmalıdır.
– Etibar müəllim, TQDK-nın Təhsil Nazirliyi ilə birləşməsi barədə də şayiələr gəzir. Sizcə, hansısa yığcam qurumun yaradılması gözləniləndir?
– Misir Mərdanovun səriştəsizliyi və çirkin əməlləri ucbatından Təhsil Nazirliyinin itirilmiş səlahiyyətləri özünə qaytarılsa, bu qurum bütöv sistem halına gələ bilər. Məsələn, təhsilin 1-ci və əsas pilləsi sayılan məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinə tabeçiliyi yolverilməzdir. Belə tabeçilik təhsilin əsas pillələrindən birini iflic vəziyyətinə salıb. Fikrimcə, orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının keçirilməsi də Təhsil Nazirliyinə qaytarılmalıdır. Yeni strukturun yaranmasından söhbət gedirsə, məncə bu, TQDK-nın Təhsil Nazirliyinə birləşməsindən yarana bilməz. Biliyin qiymətləndirilməsi və Akkreditasiya büroları müstəqil qurumlar olmalıdır. Indiki vəziyyətdə Elm və Təhsil Nazirliyinin yaradılması daha aktualdır və bir çox ölkələrdə yaradılmış belə qurum daha səmərəli fəaliyyət göstərir. Elmi təhsildən ayrı salmaq olmaz. Ali məktəblərdə təhsilin 3 pilləsindən ikisi elmlə bağlıdır. Magistratura və doktorantura. Elm və Təhsil Nazirliyinin yaranmasından söhbət düşdükdə, Milli Elmlər Akademiyasının rəhbərliyi narahat olmamalıdır. Burada yalnız ali məktəblərdəki elmin təşkili və elmi tədqiqatlardan söhbət gedir. Digər tərəfdən, elm sahəsində rəqabət mühiti də yarana bilər.
– Siz TQDK-nın fəaliyyətini tam şəffaf hesab edirsiniz?
– Bilirsiniz, TQDK ölkədə ən yaxşı “Asan xidməti”dir. Bu qurum Informasiya cəmiyyətinin bütün mümkün dəyərlərini fərdlərdən əsirgəmir. Bu qurumun istənilən xidmətini internet vasitəsilə almaq və məqsədlər üçün istifadə etmək mümkündür. Bu, çox yüksək iş bacarığından xəbər verir. Bu qurumun rəhbərliyi bütün fənlər üzrə ən yaxşı müəllimlərin bilik və bacarığından yararlanmağa çalışır. Özü də xüsusi qayğı ilə. Inanmıram ki, kiminsə təkmilləşmə ilə bağlı pozitiv ideyası olsun, lakin TQDK ondan istifadə etməsin. Təhsil sahəsində son zamanlar aparılan islahatlar onu göstərir ki, təhsil siyasətini həyata keçirən qurumla, biliyin qiymətləndirilməsi qurumunun əhalinin etimadını doğrultması üçün onlar ən yüksək səviyyədə ciddi dəstək verilir. Bu təqdir olunmalıdır.
Təhsil Nazirliyinin bu tədris ilində keçid balının 200 bal müəyyənləşdirilməsi ilə bağlı təklifini TQDK-nın da dəstəkləməsi müsbət haldır. Söz-söbət gəzirdi ki, guya TQDK-nın gəlir yerləri bağlandı. Ancaq bu məsələ onu göstərdi ki, bu qurum aşağı bal toplamış abituriyentlərin ali məktəblərə qəbulunun tərəfdarı deyil. Yaranmış konsensus cəmiyyətdə də yaxşı qarşılandı. Qayıdıram sualınıza. Söhbət təkcə məndən getmir, əhalinin böyük kəsiminin TQDK-nın fəaliyyətindən razılığı hiss olunur. Orta və ali məktəblərdə təhsilin keyfiyyəti nə qədər sürətlə inkişaf etsə, TQDK-nın işi daha parlaq görünə bilər. Bu amil hətta gələcəkdə keçid ballarının yüksəldilməsinə də səbəb ola bilər.
– Deyirlər ki, test üsulu ilə imtahanlar uşaqların nitq qabiliyyətini inkişaf etdirmir. Elə bu səbəbdən ekspertlərin bir qismi imtahanların şifahi keçirilməsinin tərəfdarı kimi çıxış edirlər…
– Qəbul imtahanlarını keçirən qurumun rəhbərliyi uşaqların testlərə ifrat dərəcədə aludə olmasının tərəfdarı kimi çıxış etmir. Mən buna rast gəlməmişəm. Bu qurum daha çox proqramların mənimsənilməsi faizindən söhbət açır. Və bu istiqamətdə elmi-statistik təhlillər aparır. Uşaqların testləri əzbərləməsi və testlərə bağlılığını məktəb müəllimləri və repetitorlar yaradır. Əslində məktəbin vəzifəsi fənn proqramalırının mənimsənilməsi və uşaqlarda olan qabiliyyətlərin üzə çıxarılmasından ibarət olmalıdır. Belə olan halda onların test tapşırıqlarına cavabı da asanlaşa bilər. Məktəb test əzbərlətmək yeri deyil. Onda sual olunur. Orta məktəblər və ali məktəblər niyə şagird və tələbələrin nitq qabiliyyətini inkişaf etdirmirlər? Məncə, bu bacarığın lazımınca inkişaf etməməsi orta məktəb və universitetlərin problemidir.
– Etibar müəllim, son zamanlar orta məktəb dərsliklərində yol verilən jarqon xarakterli ifadələr və söyüşlər geniş tənqid olunur. Hətta dərsliklərin birinin müəllifi Nizami Cəfərov belə ifadələrin dərsliklərdə artırılmasının tərəfdarı kimi çıxış edib. Bu məsələyə münasibətiniz necədir?
– Çox pis. Dərsliklərdə qeyd etdiyiniz ifadələrin işlədilməsi qətiyyən yolverilməzdir. Nizami Cəfərovun yaxşı alim olmasını heç kim danmır. Ancaq onun tutduğu saysız-hesabsız vəzifələrlə yanaşı dərslik yazması da vacibdirmi? Söyüş və jarqon ifadələrin işlədilməsi üçün kifayət qədər yerlər var. Məktəbi də həmin yerlərin birinə çevirmək olmaz. Dərslik yazarkən çox vaxt böyük titullar və adlar rol oynamamalıdr. Bir misal çəkim: Tanınmış rus riyaziyyatçı və böyük riyaziyyat məktəbinin yaradıcısı Andrey Kolmoqorov, səhv etmirəmsə, 1977-ci ildə 7-ci siniflər üçün həndəsə dərsliyi yazmışdı. Bir neçə ildən sonra o, müəllimlərdən yaxşı dərslik yazmadığı üçün üzr istəmiş və bir daha dərslik işinə qarışmamışdır. Bu yaxşı bir nümunədir. Bizdə monitorinqlər nəticəsində dərsliklərində məzmun, dil və yazı üslubu, məntiq, tapşırıqların elmi-metodik baxımdan məzmuna uyğunsuzluğu məsələlərində 100-lərlə kobud səhvlər aşkar olunmuş dərslik müəllifləri yenə də dərslik yazmaqda davam edir. Əslində Nizami Cəfərov da daxil olmaqla bu cür müəlliflərin özləri dərslik yazmaqdan imtina etməlidir. Təhsil Nazirliyi belə məsələlərdə çox ciddi prinsipiallıq ortaya qoymalıdır. Sovetlər vaxtı biz biliklərin böyük əksəriyyətini müəllimdən çox dərslikdən alırdıq. Təhsil sistemi inkişaf etmiş ölkələrdə bu prinsipə indi də əməl olunur. Məncə, ali məktəblərin nəzdində humanitar və təbiət fənləri üzrə dərslik yazmaq üçün laboratoriyalar yaradılmalıdir. Dərslik yazmaq bir ya iki nəfərin işi ola bilməz. Azərbaycanda ixtisası müəllifi olduğu dərsliyə qətiyyən uyğun gəlməyən şəxslərə dərslik yazmaq həvalə olunub. Bu, biabırçılıqdır. Dərsliklərin yazılması və çapı ilə bağlı islahatlar aparılmasa, dərsliklər tədris prosesində əhəmiyyətli rol oynamayacaq. Necə ki, indi oynamır.
Xəyal