Vahid Məhərrəmov: «Fermerlərin üzləşdiyi problemlər süni şəkildə yaradılıb, aqrotexniki qaydalar, aparılan siyasət düzgün seçilməyib»
Ağdaş rayonunun bir neçə kəndində fermerlər tarladakı məhsullarını vaxtında toplaya bilmir. APA-nın məlumatına görə, rayonda kəndli fermerlər kombayn çatışmazlığından əziyyət çəkir. Zəmilərdə məhsul yetişsə də, biçin aparmaq üçün texnika yoxdur.
Rayonun elə kəndi var ki, orada nəinki buğda, hətta arpa biçininə də başlanılmayıb. Rayonun Qaradağlı kəndinin fermerlərinin sözlərinə görə, 11 hektar arpa sahəsində hələ biçin başlamayıb. Çünki təxminən 100 hektar taxıl sahəsi olan Qaradağlı kəndində bir ədəd belə, kombayn yoxdur. Bu günə qədər kənddəki taxıl sahələrinin cəmi 20 faizi biçilib. Hazırda kənddə kombayn olmadığı üçün taxıl sahələri məhv olur.
Təkcə kənd təsərrüfatı naziri deyil, əksər qurumların rəhbərləri də bölgələrə səfərində bu problemdən əziyyət çəkən insanlarla rastlaşır. Qeyd edək ki, taxıl əkiniylə məşğul olan rayonlarda biçin işi başlasa da, ya kombayn çatmır, ya da onun qiyməti çox bahadır. Maraqlıdır ki, hökumət Azərbaycanın özünü taxılla təmin etdiyini iddia edir, amma həmin taxılı biçməyə kombaynı yoxdur.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov xatırladır ki, 1985-ci ildə ölkədə 495 min hektar taxıl əkiləndə 4500 ədəd kombayndan istifadə olunurdu. Ekspert müqayisə apararaq bildirir ki, hazırda 1 milyon hektardan çox əkin sahəsi olduğu halda, kombaynların sayı 1740 ədəddir: “Kənd Təsərrüfatı Nazirliyi isə kombaynların sayının 2600 ədəd olduğunu deyir. Bu qədər olsa belə, mövcud texnika bugünkü əkin sahəsini nəzərə alanda, optimal müddətdə biçin aparmağa yetərli deyil. Optimal müddət isə 10 gündür. Həmin müddətdə bu qədər sahədə mövcud texnikayla biçini qurtarmaq mümkün deyil. Bu texnikanın əsas hissəsi də istifadə müddətini artıq başa vurub. Yəni, 20 ildir həmin texnika sıradan çıxıb və tez-tez itkiyə yol verir. Əkin sahələrinin hissələrə bölünməsi və digər problemlər də çətinliyə yol açır. Vətəndaşların bu sahədə üzləşdikləri çətinliklər süni şəkildə yaradılıb”.
V.Məhərrəmov vurğulayır ki, taxılçılığı əslində, ekstensiv deyil, intensiv yolla inkişaf etdirmək zəruridir. Yəni, sahələri genişləndirməklə uğura nail olmaq mümkün deyil. Sahələri genişləndirəndə texnikaya, avadanlığa, anbarlara daha çox ehtiyac yaranır. Fermerlər isə bütün bu ehtiyacları qarşılaya bilmirlər. Çünki taxılçılıq gəlirli sahə deyil ki, fermer özü üçün kombayn alsın. Eləcə də 6 hektar sahəsi olan fermerə kombayn almaq da sərfəli deyil.
V.Məhərrəmov təklif edir ki, sahələrin miqdarı azaldılmaqla növbəli əkin sistemi bərpa edilsin. Çünki hazırda növbəli əkin sistemi pozulub. Ekspert qeyd edir ki, sahələrdə 4 ildən bir taxıl əkmək olar: “Hazırda fermerlərin üzləşdiyi problemlər süni şəkildə yaradılıb və aqrotexniki qaydalar, aparılan siyasət düzgün seçilməyib”.
Nigar