Şahin Ağayevi də Yadigar Sadıqovun işi üzrə həbs eləmək planı var
AXCP Gənclər Komitəsinin Lənkəran şöbəsinin üzvü Şahin Ağayevin yaşadığı evə dünən səhər saatlarında polislər gəlib və gənc fəal polis şöbəsinə aparılıb. Yeddi saatdan artıq dindirmədən sonra buraxılan Şahin Ağayev bu barədə “Azadlıq”a açıqlama verib: “Yadigar Sadıqovla bağlı insident zamanı onun yanında idim, birlikdə çay içirdik. Insident baş verəndən sonra həmin adam bizi polisə verdi. Iki gün əvvəl Yadigar bəyi apardılar, sonra da Yadigar bəyin ifadəsi əsasında məni şahid qismində polisə çağırdılar. Şahid kimi ifadəmi aldılar”.
Gənc fəal bildirir ki, polis şöbəsində ona qarşı zorakılıq olmasa da, mənəvi təzyiqlərə məruz qalıb: “Bir az mənəvi təzyiq oldu, amma heç bir fiziki təzyiq olmadı. Əvvəlcə məni Lənkəran polis şöbəsi rəisinin yanına, sonra isə müstəntiqin yanına apardılar. Müstəntiq suallarını verdi, daha sonra izahat yazdım. Mənə dedilər ki, yalan danışırsan. Dedilər ki, əlimizdə videogörütüntülər var. Mən də həmin görüntüləri tələb etdim. Sonra söhbəti dəyişdilər. Məni bölmədə çox gözlətdilər. Buna etirazımı bildirəndə kobudluq etdilər”.
Polis şöbəsində Şahin Ağayevə eşitdiriblər ki, mübarizədən geri çəkilməsə, o da həbs olunacaq: “Idarədə bir polis mənə sual verdi ki, mübarizəni bundan sonra da davam etdirəcəksən? Onun bu sualından aydın olur ki, müxalifətçi olduğumuz üçün bizə qarşı belə bir tələ qurublar. Polisə cavab verdim ki, əlbəttə, mübarizəmi davam etdirəcəyəm. Idarədə dedilər ki, səni yenidən çağıracağıq, hazırlıqlı ol. Məni yalnız hal şahidi kimi dindirmirlər, həm də ittiham edirlər. Guya, mən də həmin adama qarşı zorakılıq eləmişəm”.
Bəyim Həsənli