Təqsirləndirilən şəxslərin qohumları zalı ələ keçirib hökm oxunmasına imkan verməyib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətldə və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmədə insident baş verib.
Gürcüstandan gələn Şamilov qardaşlarının 50-dən çox qohumu məhkəməyə basqın edib. Qohumlar məhkəmə iclası keçirilən zalı tutaraq saat 15.30-a təyin edilmiş məhkəmənin keçirilməsinə etiraz ediblər.
Şamilov qardaşlarının qohumları zalı tutduğu üçün hakim heyəti məhkəmə iclası keçirə bilməyib. Məhkəmə zalında qarşıdurma yaranıb və hadisə yerinə Nəsimi rayon Polis Idarəsinin 22-ci polis bölməsindən çağırış olub. Polis əməkdaşlarından ibarət qrup məhkəmə zalında olsalar da, Şamilov qardaşlarının qohumlarını zaldan çıxarmaq mümkün olmadı. Mübahisə zamanı təqsirləndirilən şəxslərdən biri məhkəmə binasının şüşələrini sındırdı.
Etirazlara baxmayaraq polis həmin şəxsləri məhkəmə zalından çıxarmağa nail oldu. Məhkəməyə hücum edən şəxslərdən biri həbs edildi. Şamilov qardaşlarının qohumları məhkəmə zalından çıxarılsa da binanın qarşısında etirazlarını davam etdiriblər.
Məhkəmə prosesi iyulun 1-nə kimi təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.
Istintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, Hümbət Məmmədov vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq edib. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb. Zərərçəkən 24 nəfərdən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.
Qeyd edək ki, dövlət ittihamçısı Hümbət Məmmədovla Vüsal Qurbanova ömürlük, Tofiq Bəkirova 15 il, Fərman Hacıyevə 14 il 6 ay, Sahil və Şamil Şamilov qardaşlarının hər birinə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Dünən məhkəmə hökm elan etməli idi.
Ramin DEKO