Sağlığında layiq olduğu dəyərini almayan görkəmli alimimizi də itirdik
Sağlığında bircə yol tutmurlar hörmətini,
Xəbislər hey pisləyirlər,
Öləndən sonra verirlər öz qiymətini,
O qədər tərif edirlər ki,
Ölmüş o dahi dirilmək istəyir. (A.K).
Ömrünü 7 yaşından əməyə, elmə, şərəf və ləyaqət uğrunda mübarizəyə həsr edən, əqidə və məslək carçısı, görkəmli pedaqoq-alim, Şuşa həsrəti ilə yanan Əhəd Musa oğlu İbrahimovu da son mənzilə yola saldıq.
Əhəd müəllim kimi fədakar və vətənpərvər ziyalıların həyatı, keçdikləri şərəfli müharibə və mübarizə yolu gənc nəsillərə bir məktəbdir. Bəli, gələcək nəsillər mütləq bu tarixi şəxsiyyət haqqında bilgiyə malik olmalıdırlar. Hesab edirəm ki, Azərbaycanın ən yeni tarixində “Əhəd İbrahimov səhifəsi” önəmli yerlərdən birini tutacaqdır. Əhəd İbrahimovun keçdiyi şanlı döyüş yolu müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün də böyük bir məktəbdir.
Əhəd İbrahimov vətəninə, millətinə bağlı şəxsiyyət olmuşdur. O, 27 oktyabr 1926-cı ildə Azərbaycanın musiqi beşiyi, mədəniyyətin, incəsənətin mərkəzi sayılan Qarabağın tacı Şuşa şəhərində anadan olmuşdur.
Əhəd İbrahimovun atası işləmək qabiliyyətində olmadığından, ailənin yükü, əsasən xanımı Aynanın üzərinə düşmüşdür. Əhəd balaca olsa da, anası Ayna xanımla birgə ev işlərində gətir-götür edir. Hətta o, bir müddət Laçında yaşadıqları vaxtlar dərsdən sonra evə qayıtmır, anasının sağıcı işlədiyi sovxoza qaçır. Həmin sovxozda o, 7 yaşı olanda “süd hesabdarı” vəzifəsində çalışır. Beləcə, Əhəd bir müddətdən sonra ailə üzvləriylə Şuşaya qayıdır və orada orta məktəbdə təhsilini davam etdirir.
1941-ci ildə Əhəd 09-cu sinfi bitirir. Həmin il iyin ayının 22-də qəflətən Almaniya SSRİ-yə hücum edir. Böyük Vətən müharibəsi başlayır.
Balaca olsa da, özünü kişi sayan Əhəd “düşmənləri vətənə buraxmayacağıq” deyir və könüllü olaraq ordu sıralarına yazılmaq istəyir. Bu zaman onun yaşı çatmırdı. Lakin müharibəyə getmək,Vətəni qorumaq istəyi vardı. Atası Əhədin istəyinin əleyhinə çıxmır. Bu ailə üçün Vətən hər şeydən öndə olduğundan, Musa kişi Əhədin yaşının 2 il artırılması və əvvəlcə hərbi məktəbdə hazırlıq kursu keçəndən sonra, müharibəyə getməsinə razılıq verir. Bu məqsədlə də Musa kişi Əhədin anadan olma tarixini 1924-cü il yazdıraraq, onun müharibəyə getməsinə şərait yaradır. Ailənin dolanışığı ağır olsa da, Musa kişi və Ayna xanım Əhədi müharibəyə yola salırlar.
Onu öncə Gürcüstanın Cənubi Osetiya vilayətinin mərkəzi Staliner (indiki Sxinvali) şəhərində fəaliyyət göstərən Hərbi təhsil məktəbinə təlim keçmək üçün göndərirlər. Burada ona zabit rütbəsi verilməli idi. Lakin faşistlər Bakını tutmaq xəyalı ilə Şimali Qafqazda Sovet ordusunun müdafiə xəttini yararaq sürətlə cənuba doğru irəliləyir, Topçu kimi təhsil almaqda olan Əhəd İbrahimov ilk dəfə kursant kimi faşist ordusunun Qroznı-Bakı istiqamətindəki yürüşü nəticəsində hərbi təhsilini yarımçıq qoyub, Orconikidze-Tbilisi strateji şose yolunun müdafiəsinə yollanır. İlk dəfə burada düşmənlə üz-üzə gəlir və öz döyüş qabiliyyətini sınayır. Bu sınaqdan alnıaçıq, üzüağ çıxır.
Beləliklə, o, Cənubi və Şimali Qafqazın müdafiəsində xidmət edir. İlk olaraq Qafqazda 220 saylı atıcı-təlim alayında hərbi xidmətə başlayır.
1943-cü ilin iyulunda Kursk şəhəri ətrafında gedən savaşda ciddi yara və ilk dövlət mükafatını alır. Müalicə olunduqdan sonra 1-ci, sonra isə 4-cü Ukrayna ordusu tərkibində Ukraynanın, Belorusiyanın, Çexoslovakiyanın, Polşanın, Şərqi Sileziyanın azad olunmasında fəal iştirak etmişdir.
Bundan sonra qarşılarına Ukraynanı, Belorusiyanı faşistlərdən tamamilə təmizləmək kimi ağır vəzifə qoyulur. 1943-cü ilin 7 noyabrında almanlar əldən verdikləri Kiyev şəhərini geri almağa çalışırlar. Buna görə də Ukrayna ərazisindəki sovet qoşunlarına kömək məqsədilə Əhəd İbrahimovgilin diviziyası Belorusiyadan Kiyev istiqamətinə göndərilir. Ukrayna torpaqlarının azad edilməsində də Əhəd İbrahimov tank əleyhinə top komandiri vəzifəsində iştirak edir. 4-cü Ukrayna cəbhəsinin tərkibində onun xidmət etdiyi 351-ci diviziya Karpat dağlarının şərq ətəklərində yerləşən Lvov şəhərini, sonra isə Borislav, Striy, Skole şəhərlərini azad edərək, Karpat dağlarını keçib, Qərbi Ukraynaya-Zakarpatye vilayətinin Ujqorod və Muqacov şəhərlərinin və digər regionların azad olunmasında fəal iştirak edir.
Əhəd İbrahimov 8 sentyabr-28 oktyabr 1944-cü ildə Copu, Lvov, Doroqoviç, Borislavun azad edilməsində Karpat əməliyyatının iştirakçısı olur. Bü döyüşlərdəki şücaətinə görə “Şöhrət” ordeni ilə təltif edilir. Sonrakı mərhələdə 4-cü Ukrayna cəbhəsinin tərkibində Qərbi Ukraynanın, Çexoslovakiyanın şərqində Tatira dağlarının ətəyində yerləşən Kositsa şəhərinin, 1945-ci ilin əvvəllərində Belorusiyanın, Macarıstanın, Polşanın Krakov, Osvensim və digər ərazilərinin, o cümlədən Şərqi Sileziya torpaqlarından tutmuş Almaniyanın və digər regionların faşistlərdən azad edilməsində iştirak edir. 1945-ci ilin əvvəllərində Franfurtda Oder çayı ətrafında yaralanır. Yarası yüngül olduğundan hospitala yerləşdirilmir. O, yaralı olsa da, digər yoldaşları kimi, Oder çayını keçərək 351-ci diviziyanın tərkibində Praqa şəhərinə daxil olmaqla, şəhərin azad edilməsində fəallığı ilə seçilir. Burada diviziya böyük qələbəyə nail olur. Bu qələbədə Əhəd İbrahimovun əməyi də yetərincə olur.
Əhəd İbrahimov Qafqazdan Almaniyayadək döyüş yolu keçmişdir. Oder çayının ətrafında Çexoslavakiya xalqı Praqada əsgərlərimizi təntənə ilə qarşılayanda Əhəd İbrahimov da bunun canlı şahidi və iştirakçısı olmuşdur. Uzun sürən və hər an ölüm saçan bu müharibə illərində Əhəd İbrahimov çox qorxulu və fəlakətli günlər yaşayır. O, daim döyüş meydanının ən təhlükəli, ən çətin yerlərində görünür, 76 millimetrlik topunun arxasına sıxılaraq, faşistlərə irəliləmək imkanı vermirdi.
Böyük Vətən müharibəsində faşist Almaniyası üzərində Qələbə xəbərini Əhəd İbrahimov 1945-ci il may ayının 8-də döyüş yoldaşları ilə birlikdə Çexoslovakiyanın paytaxtında eşidir.
Müharibə qurtardıqdan sonra Əhəd İbrahimovun da tərkibində döyüşdüyü diviziyanın bir hissəsi Polşanın Osvensim şəhəri, Şərqi Sileziyanın cənub-şərqində yerləşən strateji ərazi olan və orada faşit ordusuna xidmət edən daş kömür-kimya kombinatında yüz minlərlə müharibə əsiri, SSRİ-dən deportasiya olunanlarla yanaşı həmin kombinatın sökülüb SSRİ-yə göndərilməsi göstərişini yerinə yetirmək məqsədilə çalışırdılar. Burada Əhəd İbrahimov çox acı faciələrin canlı şahidi olur.
O özü də bilmədən Osvensim şəhərində yerləşən ölüm düşərgəsindəki hərbi-kimya (daş kömür-kimya) kombinatının sökülüb SSRİ-yə-Azərbaycanın Sumqayıt şəhərinə göndərilməsində iştirak edir.
1948-ci ildə Azərbaycan zabiti Əhəd İbrahimov leytenant rütbəsində ordudan tərxis olundu.
O, müharibədə iki dəfə yaralanıb. Müharibə illərində onun hərbi fəaliyyəti “Birinci dərəcəli Vətən müharibəsi ordeni”, “Üçüncü dərəcəli Şöhrət ordeni”, “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” və s. 10-a yaxın digər orden və medala layiq görülüb. O, 1941-1945-ci illər müharibəsinin, Böyük Qələbənin veteranı olmuşdur.
Tərxis olunduqdan sonra yarımçıq qalmış təhsilini Bakı şəhərində Fəhlə-gənclər məktəbində davam etdirir. Bununla yanaşı, onun “Leninneft” mədənlərində operator kimi iş fəaliyyəti də başlayır.
1949-cu ildə Azərbaycan Politexnik İnstitutuna daxil olan Ə.İbrahimov institutu 1954-cü ildə bitirir. İstehsalatda o, mühəndis vəzifəsinə qədər yüksəlmişdir. Öz elmi biliklərini artırmaq üçün istehsalatdan elmi-tədqiqat institutuna işləməyə gedir.
Onun fəaliyyətində ən böyük yeri “Dənizneftqazlayihə” Elmi-Tədqiqat İnstitutundakı Dalğa laboratoriyası, onun Neft Daşlarındakı stansiyaları və stendləri tutur.
Aparılmış elmi-tədqiqat işləri imkan verdi ki, metal payalara təsir edən dalğa yüklərinin çoxlu miqdarda sinxron ölçmələri sistemləşdirilsin.
Təhlil və ümumiləşdirmələr dalğaların əvvəlcədən məlum ölçülərinə düzəliş etməyə kömək etdi.
Aparılmış nəzəri və təcrübi işlər əsasında Ə.İbrahimov dissertasiya hazırlayır. 1962-ci ildə bu institutun elmi şurasında Əhəd müəllim müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, texniki elmlər namizədi alimlik dərəcəsi alır. 1957-ci ildə isə hidrotexnika üzrə böyük elmi işçi rütbəsi qazanır.
Bu sahədəki dərin bilikləri imkan verdi ki, geniş proqram üzrə öz nəzəri və təcrübi işlərini davam etdirsin, elm və texnika üçün çox qiymətli materialları sistemləşdirsin. Ə.İbrahimov tərəfindən təklif olunmuş, çoxparametrli fiziki proseslərin ölçüsüz təhlili metodu əsaslandırılmış analitik asılılıqların alınmasına səbəb oldu. Bu materiallar müxtəlif ranqlı konfrans, simpozium və toplantılarda məruzə olunmuş, elmi əsərlərində öz əksini tapmışdır. Bütün görülmüş işlər ümumiləşdirilərək, dissertasiya şəklini almış, 1972-ci ildə Leninqrad Su Nəqliyyatı İnstitutu Birləşmiş Elmi Şurasında müdafiə edərək texniki elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əhəd müəllim müdafiədən sonra elmi istiqamətini davam etdirərək monoqrafiyalar, normativ sənədlər, məqalələr, ixtiralar, elmi-texniki hesabatlar işləyib hazırlamış, ümumilikdə 130 əsərin müəllifidir.
O, 1992-ci ildə Moskvanın “Nedra” nəşriyyatında “Şelfi mənimsəmək üçün neft-qaz mədən hidrotexniki tikililəri”, 1996-cı ildə “Neft-qaz mədən hidrotexniki tikililəri” monoqrafiyalarını çap etdirmişdir. Ümumi həcmi 35 çap vərəqi olan son kitabı aerohidrodinamiki qüvvələr: parametrlərin tədqiqi və hesabına (dalğalar küləklər, axınlar, seysmik və s.-yə həsr olunmuşdur. Təəccüblü deyildir ki, bu material Rusiyanın “LUKoyl” neft şirkəti mütəxəssislərinin diqqətini özünə cəlb etmiş və ona sponsorluq etmişlər.
Ə.İbrahimovun monoqrafiyasında neft sənayesi üçün əhəmiyyətli olan mürəkkəb və maraqlı məsələlər öz əksini tapmışdır. Külək və axınlarında yaranan dəniz dalğalarının kinematikası, dinamikası, Xəzərin seysmik və buz rejimi, belə yüklərə tab gətirən tikililər və digər məsələlər tədqiq olunmuşdur. Gənc kadrların hazırlanmasında bu monoqrafiyanın böyük rolu ola bilər. Bu kitab Azərbaycan elminə böyük hədiyyədir.
Beynəlxalq miqyaslı elmi konfranslarda, sinpoziumlardakı çıxışları ilə Əhəd İbrahimov Azərbaycan elmini, təhsilini təmsil etməklə həm də müdafiə etmiş, Beynəlxalq Elmi Mərkəzin diplomuna layiq görülmüşdür.
İxtisas-peşə şifrinə görə Əhəd İbrahimov nəinki Azərbaycanda, hətta MDB məkanında yeganə elmlər doktoru-professordur.
2003-cü ildə “VEKTOR” Beynəlxalq Elmi Mərkəzi Mükafat komissiyasının qərarı ilə “Azərbaycanın Tanınmış Alimləri” beynəlxalq layihəsinin qalibi olaraq 067 saylı “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur.
Görkəmli alim-pedaqoq Əhəd İbrahimov müstəqil Azərbaycan dövlətinin təşkilində də yaxından iştirak etmişdir. Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan mübarizə aparan ziyalı olmuşdur. Musavat Partiyasının, Qarabağ Azadlıq Təşkilatı Ağsaqqallar Şurasının üzvü, eyni zamanda, “AMAL” və digər bir sıra elmi-siyasi birliklərin aktiv-aparıcı üzvü olmaqla yanaşı, mətbuatda əsaslandırılmış elmi-siyasi məqalələrlə Qarabağın işğalının səbəbkarlarını, milli erməni-rus düşmənlərimizi ifşa etməkdə daim öndə olmuşdur.
Əhəd İbrahimov heç vaxt Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin qorunmasına, iqtisadi inkişafına, insan haqlarının müdafiə olunmasına yardımını və bilik-bacarığını əsirgəməmişdir. Keçmiş döyüşçü, bugünün alimi Əhəd İbrahimovun Allahdan bircə arzusu doğulub boya-başa çatdığı Şuşa, Qarabağ və onun ətrafındakı 7 rayonun tezliklə erməni faşistlərindən azad olunmasına yardımçı olmuşdur.
Qüdrətli alim bildirirdi ki, bu ahıl çağında vətən torpaqlarını azad etmək üçün 1941-1945-ci illərdə olduğu kimi, döyüşə könüllü getməyə də hazırdır. Zarafatla bildirir ki, bu müharibədə, 1941-1945-ci il müharibəsindən fərqli olaraq, nə qədər lazımdısa, o qədər yaşını azaltmağa da hazırdır.
60 illik ömür-gün yoldaşı vəfat edəndə ona səbr diləyənlərə bildirir ki, “dərd o deyil, inan, bu məni bir o qədər yandırmır. Amma Şuşanı itirmək barədə düşünəndə gecəni səhərə kimi yata bilmirəm. Mənə təsəlli verən qohumlara da deyirəm ki, o boyda itkilərin yanında bu nədir ki?! Bizlər dağıq ki dözürük…”
“Mən Qarabağsız ölmək istəmirəm” deyən Əhəd İbrahimov təəssüf ki, Qarabağın azad olduğu günü görmədən 21 sentyabr 2016-cı ildə əbədiyata qovuşdu.
Allah ona rəhmət etsin,
Onun görə bilmədiyi Qarabağın azad olduğu günü vurğunu olduğu həmvətənlərinə görmək nəsib olsun.
Amin!
Qeyd edək ki, Əhəd İbrahimov çətin anlarda hər zaman “Azadlıq”a dəstək olub:
https://www.azadliq.info/23592.html
https://www.azadliq.info/37781.html
azadlıq.info