Gültəkin Hacıbəyli: «Referenduma verilən ilkin rəy onu göstərir ki, Azərbaycanda gedən demokratiya uğrunda mübarizəyə bütün dünya birliyi dəstək verir»
Azərbaycanda keçirilən referenduma beynəlxalq aləmin sərt mövqeyi gəldi. ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit Azərbaycanda Konstitusiya dəyişikliklərinə dair sentyabrın 26-da keçirilmiş referendum barədə verdiyi bəyanatda bildirib ki, bu səsvermə Azərbaycan prezidentinin hesabatlılığının azaldılmasına hesablanıb və “referendum onun son nəticəsindən asılı olmayaraq legitimsizlik prosesinin kulminasiyası olub”.
Bəyanatda deyilir ki, Azərbaycan hökuməti bu mühüm dəyişiklikləri tələsik səsverməyə çıxarmaqla Azərbaycan xalqını bu məsələlər barədə azad debat aparmaq kimi təməl haqqından məhrum edib.
Konqresmen xatırladıb ki, hökumətin planlaşdırdığı dəyişikliklərin əleyhinə olan fəallar və jurnalistlər həbslər və təqiblərə məruz qalıblar.
Bəyanatda deyilir ki, cəmi bir il bundan əvvəl rəsmi Bakı parlament seçkilərinin ATƏT-in seçki müşahidəçiləri tərəfindən montorinqini bloklamaqla Azərbaycan xalqının ATƏT öhdəliklərinə uyğun şəkildə səs verməsinin qarşısını almışdı: «Mən dərindən narahatam ki, bu qeyri-legitim proses azərbaycanlıların layiq olduqları və göszlədikləri demokratik gələcəyi daha da yubadacaq».
ABŞ Helsinki Komissiyasının rəhbəri Azərbaycan hökumətini bütün vicdan məhbuslarını azad etməyə, onlara və onların şərti cəza almış həmkarlarına qarşı səfər qadağanının qaldırılmasına çağırıb.
Sentyabrın 8-də Smit və Konqresin başqa üzvləri Azərbaycan hökumətinin hazırladığı təkliflərlə bağlı prezident İlham Əliyevə məktub yazmışdılar.
Bundan əvvəl, 2015-ci ilin dekabrında sədr Smit Azərbycan rəsmilərinə qarşı maliyyə və viza sanksiyaları nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etmişdi.
Amerikadan daha bir mövqe Dövlət Departamentindən gəlib. Departament məsələlər bir qədər rəsmi yanaşsa da, qurum narahatlığını ifadə edib.
Avropa Komissiyası da Azərbaycanı referenduma çıxarılmış dəyişikliklər haqda Venesiya komissiyasının narahatlıqlarını nəzərə almağa çağırır. Bunu Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Azərbaycanda konstitusiyaya əlavə və dəyişiklər üzrə referendum haqda bəyanatında bildirir.
Bəs, Azərbaycana keçirilən referenduma beynəlxalq aləmdən bundan sonra hansı mövqeyi gözləməyə dəyər?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, beynəlxalq birliyin referenduma verdiyi rəy obyektivdir. Azərbaycan tərəfinin bu obyektiv rəyin qarşılığında heç bir arqument irəli sürə bilmədiyini deyən G.Hacıbəyli vurğuladı ki, Venesiya Komissiyasının Avropa ölkələrində keçirilən seçkilərlə bağlı rəyi beynəlxalq birlik üçün müstəsna əhəmiyyət kəsb edir və orentir rolunu oynayır: «Venesiya Komissiyası qısa müddət ərzində Avropa Şurasının Parlament Assambleyasının sifarişi əsasında referenduma çıxarılan dəyişikliklərə rəy verdi. Həmin rəy birmənalı olaraq mənfi və sərt rəy oldu. Bu da dəyişikliklərin mahiyyətcə mürtəce xarakterli olmasından irəli gəlir. Aydındır ki, bundan sonra istər ABŞ, istərsə də Avropa təşkilatlarının rəyi ilk dövrlərdə Venesiya Komissiyasının rəyinə səaslanacaq. Hətta Azərbaycan lobbiçiliyinin güclü olduğu AŞ PA-da belə referendumla bağlı yanaşmalarında Venesiya Komissiyasının rolu həlledici olaraq göstərilir. İstər AŞ PA, istər də Avropa Birliyi ilkin dəyərləndirməsində Venesiya Komissiyasının mövqeyini bölüşdüyünü vurğulayır. Bu faktiki referenduma çıxarılan dəyişikliklərin istər Azərbaycan Konstitusiyasına, istərsə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, istərsə də insan hıquqlarına zidd olduğunu göstərir».
ABŞ-dan referendumla bağlı verilən rəyləri də obyektiv hesab edən G.Hacıbəyli bildirdi ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar sənədinin müəllifi olan Smitin referenduma münasibəti kifayət qədər birmənalıdır. G.Hacıbəylinin sözlərinə görə, Dövlət Departamentinin yanaşmasına gəlincə dövlət qurumunun mövqeyi kfiayət qədər ölçülmüş və təmkinlidir. Amma o rəydə eyni zamanda vurğulanır ki, bu məsələ ölkənin daxili işidir. Çünki bu məsələ ilk növbədə Azərbaycan xalqının məsələsidir: «Bu da düzgün yanaşmadır. Referenduma çıxarılmış məsələlər Azərbaycan vətəndaşlarının həyatını ağırlaşdıracaq. Onların hüquq və azadlıqlarını məhdudlaşdıran dəyişikliklərdir. Bu dəyişikliklərə müqavimət göstərmək ilk növbədə Azərbaycan vətəndaşının məsuliyyətidir. ABŞ Dövlət Departamenti, ABŞ vətəndaşları biz azərbaycanlıların yerinə ölkəmizdə demokratiya qurmalı deyillər. Bu baxımdan Dövlət Departamentinin rəyi əsaslıdır. Bu həm də onu göstərir ki, Azərbaycanda gedən demokratiya uğrunda mübarizəyə bütün dünya birliyi dəstək verir. Amma yenə də son söz Azərbaycan xalqınındır. Əgər Azərbaycan xalqı öz haqları uğrunda mübarizəyə qalxarsa, daha yaxşı həyat uğrunda mücadilə verərsə, təbii ki, xalqımız daha demokratik və firavən ölkədə yaşayacaq. Yox əgər biz bu məsuliyyəti bundan sonra da beynəlxalq təşkilatların, ABŞ-ın, Avropa ölkələrinin üzərinə atacağıqsa, nəticə olmayacaq. Qərbin dəstəyi yalnız siyasi formada ola bilər. Biz başqa dəstək də istəmirik. Çünki bu Azərbaycanın daxili işlərinə müdaxilə ola bilər. Azərbaycanın gələcəyi yalnız və yalnız xalqın məsuliyyətidir».
Xəyal