Oqtay Haqverdiyev: «Bank sistemimiz iqtisadi qanunlar əsasında işləmir»
Qubad Ibadoğlu: «Manatın başı üzrəində qara buludlar qalmaqdadır»
Bazar ertəsi valyuta hərracında Azərbaycanın kommersiya bankları rekord dərəcədə az – cəmi 11,9 mln. dollar alıb. Mərkəzi Bankın məlumatına əsasən, Dövlət Neft Fondu (SOFAZ) valyuta hərracına 150 mln. dollar çıxarıb, lakin doqquz bank cəmi 11,9 mln. dollar alıb.
Alış qiyməti açıqlanmayıb, amma dünənə Mərkəzi Bankın məzənnəsi 1USD=1,6411 manat təşkil edib.
Baş verənləri necə qiymətləndirmək olar. Son on gündə keçirilən hərraclarda Mərkəzi Bank və Neft Fondundan satışa ən yaxşı halda 50 milyon çıxarılırdı. Və hərracdan sonra elan olunurdu ki, bu məbləğ tələbatdan 6 dəfə az olub. Belə anlaşılırdı ki, tələbat 300 milyon dollardır. Amma buna baxmayaraq hərraca tələbə uyğun dollar çıxarılmırdı. Dünən isə hərraca 150 milyon dollar çıxarılsa da satış 11 milyon dollar olub. Bu təzadı necə qiymətləndirmək olar? Bir müddət oxşar proses yaşanan zaman dolların kursu öncə ensə də, sonradan kəskin bahalaşdı.
Iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirdi ki, hərracda satılan dolların faiz dərəcəsi də bəzi hallarda bankları dollar alışında maraqsız edə bilər. Hər kommersiya bankının alğı-satqıda iştirak etməyə imkanın olmadığını deyən O.Haqverdiyev vurğuladı ki, eyni zamanda banklar dollara olan tələbə uyğun hərəkət edir: “Bizim bank sistemi balanslaşmanı itirib. Ona görə bank sistemimiz iqtisadi qanunlar əsasında işləmir. Bir də kommersiya banklarının sahiblərinə baxsaq görərik ki, onların əksəriyyətinin bank işindən başı çıxmır. Onlar yalnız kredit vermək haqqında düşünür. Kommersiya bankları şəxsi maraqlarının düşünür. Ümumi siyasət barədə isə heç kim maraqlanmır”.
Bu məsələ ilə bağlı iqtisadçı-ekspert Qubad Ibadoğlu özünün Facebook səhifəsində status paylaşıb. Onun sözlərinə görə, Neft Fondunun 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfert artırıldıqdan sonra digər xərcləri ilə birlikdə 8 milyarda yaxınlaşıb. Belə olan halda ARDNF ay ərzndə valyuta bazarına orta hesabla 400 milyon dollar çıxara bilər. Bu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq üçün kifayət etməyəcək. Çünki, 2016-c il büdcəsinin beynəlxalq öhdəlikləri və dövlət borcuna xidmət xərcləri 1 ay ərzindən 150 milyon dollar məbləğində valyutaya tələbat yaradır: “Bundan başqa, ötən il yalnız sərbəst dönərli valyuta (SDV) ilə rəsmi olaraq bəyan edilən idxal əməliyyatları üzrə hesablaşmalar 6,5 milyard dollar təşkil edib. Baxmayaraq ki, bu hesablama yalnız rəsmi idxal göstəricilərinin bazasında aparılıb, gerçəkdə isə cəmi idxal əməliyyatları rəsmi açıqlanan rəqəmdən 50 faizə qədər çox olur, yenə də bu il üçün idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə cari ildə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq. Bununla yanaşı, hazırda bankların, dövlət və özəl şirkətlərin xarici banklar qarşısında öhdəlikləri 10 milyard dolları ötür və bu borclara xidmət xərcləri daxili bazarda mal və xidmətlərini manatla reallaşdıran təşkilatlarda dollara əlavə tələbat yaradır. Bundan əlavə, xarici investorların valyutaya ehtiyaclarını, vətəndaşların valyuta ilə əməliyyatlarını da nəzərə alanda ölkədə sərbəst dönərli valyutaya olan orta aylıq tələbat ən azı 1 milyard dollar təşkil edəcək ki, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dolları ötməsi deməkdir. Bunun da üçdə biri Dövlət Neft Fondu hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından 2 dəfə çox məbləğə tələbat yaradır”.
Q.Ibadoğlunun sözlərinə görə, MB ilə yanaşı xərcləri bölüşmək imkanı ARDNŞ-də olsa da, hazırda ARDNŞ-nin özünün valyuta ilə olan borclarını və öhdəliklərini qarşılamaq sahəsində çətinlikləri var. “Odur ki, yalnız Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun daxili bazardakı təklifləri ilə valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq. Ona görə də ”manatın başı üzrəində qara buludlar2 qalmaqdadır və onun sabitləşməsi ilə bağlı son bəyanatar siyası məqsədlərə xidmət edir. Iqtisadi gerçəklik isə narahatçılıq üçün ciddi əsaslar yaradır”, deyə Q.Ibadoğlu vurğulayıb.
Xəyal