Onun torpaq sahəsini dövlət adına alsalar da, pulunu vermirlər
“Azadlıq”a müraciət edən Lerik rayon sakini Miriş Şahıyev keçmiş prezident Heydər Əliyevin dostu məşhur Xanış kişinin böyük oğlu olduğunu yazır. Qəzetə müraciətinə səbəb dövlət məmurlarının onun torpağını aldadıb əlindən almasıdır. Müraciətdə deyilir:
“Məni 2010-cu ilin martında Lerik rayon icra hakimiyyətinə çağırıb bildirdilər ki, rayonda modul tipli elektrik stansiyasının tikilməsi barədə prezidentin tapşırığı var. Stansiyanın tikintisinə də 5 hektar torpaq sahəsi lazımdır. Nəzərdə tutulan da dövlət aktına əsasən mənə və ailə üzvlərimə məxsus olan torpaq sahəsidir. Əkinə yararlı, əmlak payı olan 0,45 ha torpağım vardı, 4,5 ha əmlak payı isə digər 11 nəfərin idi. Bizə bildirdilər ki, stansiya bu torpaq sahəsində tikiləcək. Bizə isə başqa yerdə torpaq veriləcək. Razılıq verdik və stansiyanın tikintisinə başlandı. 17 aydan sonra torpağın sənədləşməsi üçün vətəndaşlara müraciət edəndə onlar narazılıqlarını bildirdilər. Çünki onlara torpaq sahəsi verilməmişdi. Həmin vətəndaşların 4 nəfərinin övladını ayrı-ayrı idarələrdə işlə təmin etdilər. Iki nəfərin hər birinə 0,12 ha, bir nəfərə 0,04 ha həyətyanı torpaq verildi. Torpaq sahələrinin dövlət rüsumlarını Lerik icra hakimiyyəti ödədi. Mənə bildirdilər ki, bizə 0,45 ha torpaq sahəsinin verilməsi Lerik bələdiyyəsinə tapşırılıb. Mən və 7 nəfər digər şəxs RIH hüquq şöbəsinin müdiri Araz Quliyevin tərtib etdiyi müqaviləyə əsasən torpaqları ona bağışladıq. Iki nəfərsə müqaviləyə imza etmədi və indiyə qədər də şikayətçidilər.
Dəfələrlə etdiyim müraciətlərim nəticəsiz qalıb. Rayon məhkəməsinə iddia ərizəsiylə müraciət etdim. 3 ay müddətində beş məhkəmə prosesi olub. Məhkəmə qarşı tərəf – “Azenko”, “Azərenerji”ni dəvət edə bilmədi. Qərar çıxarıldı ki, tərəflər məhkəməyə gəlmədiyi üçün məhkəmə dayandırılıb. Halbuki bütün proseslərdə iştirak etmişəm. Məhkəməyə əlavə iddia ərizəsiylə müraciət etdim. Lakin qarşı tərəfi məhkəmə iclaslarına cəlb edə bilmədilər. Axırıncı prosesdə Astara elektrik stansiyasının müdiri “Azərenerji”nin münayəndəsi kimi məhkəməyə gələrək arayış təqdim etdi. Qaldırdığım vəsatətə görə stansiyanın tikintisiylə əlaqədar torpaq sənədlərinin surətini istədim. “Azərenerci”nin məhkəməyə verilən arayışında bildirilir ki, stansiya Lerik RIH-in sərəncamına əsasən inşa olunub. Lakin bu düzgün deyil. Ədliyyə Nazirliyinə ərizəylə şikayət etmişəm və 3 aydır ki, cavab gözləyirəm. Hazırda stansiya tikilib başa çatmaq üzrədir. Bağışladığımız torpaqlar A.Quliyevin hesabındadır. Əkinə yararlı torpaq olduğuna görə Nazirlər Kabineti də buna icazə verməyib. Əlaqədar qurumlara dəfələrlə etdiyim şikayətlər şikayətçi olduğum məmurlara, Lerik RIH-ə göndərilir. Onlar da mənə heç bir məlumat vermirlər. Qarşı tərəfə isə deyirlər ki, mən torpağı bağışlamışam. Eşitdiyimə görə, stansiyanın tikintisinə 32 milyon manat vəsait ayrılıb. Stansiya 4 ildir tikilib, amma qaz xətti çəkilməyib. Qaz xətti əhalinin həyətyanı sahəsindən keçdiyi üçün adamlar buna imkan vermir. Əhaliyə söküntü işinə görə təzminat verməli olsalar da, bunu etmirlər. Mən torpağımın pulunun prezidentin müvafiq sərəncamına əsasən hesablanıb verilməsini istəyirəm”.
Sosial şöbə