Əyyub Kərimov: «İstənilən nazirliyin fəaliyyətini yoxlasaq, MTN-dən daha çox nöqsanlar ortaya çıxacaq»
«Hacı Məmmədovun əməlləri MTN-də baş verənlərin fonunda toya getməlidir»
Hakimiyyət daxilində təmizləmə əməliyyatı bir sıra suallar yaradır. Bir müddət iqtidarda baş verən proseslər, bir-birinin ardınca Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin məhdudlaşdırılması onu deməyə əsas verirdi ki, nazir Ziya Məmmədov vəzifəsiylə vidalaşacaq. Amma bu baş vermədi, onun yerinə milli təhlükəsizlik naziri Eldar Mahmudov “vuruldu”. Hazırda MTN-də baş verənlər ölkə mətbuatının gündəmini zəbt edib. Amma baş verənlərlə bağlı ortada xeyli cavabsız suallar var. Həmin suallara cavabı hüquqşünas Əyyub Kərimovla tapmağa çalışdıq.
– Əyyub bəy, MTN-də nələr baş verir? Son olayları necə dəyərləndirmək olar?
– MTN-dəki olaylar qəfil baş tutdu. Bu da heç də MTN-in sahibkarlara divan tutulmasına cavab deyildi. Məsələnin kökündə elə bir ciddi problem dayanır ki, dövlət başçısı xarici səfərdən qayıdan kimi Eldar Mahmudovun tutduğu vəzifədən azad olunmasıyla bağlı sərəncam imzaladı. Amma digər qəribə cəhət ondan ibarətdir ki, bu tip uzaqlaşdırılmalarda dövlət başçısı özü şəffaflığı qoruyur. Heydər Əliyevin dövründə keçirilən ümumi iclasda vəzifəli şəxsin tutduğu postdan nəyə görə uzaqlaşdırıldığı elan olunurdu. Ilham Əliyevin hakimiyyətinin ilk illərində də buna riayət edilib. Amma bu dəfə bu baş vermədi. Sərəncam verildi və həmin sənəddə də Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasının səbəbi göstərilmədi. Halbuki 10 il əvvəl Əli Insanov və Fərhad Əliyev vəzifəsindən azad olunub, həbs edildikdə telesüjetlər, zəhmətkeş məktubları gündəmdən düşmürdü. Amma bu dəfə dövlət televiziyası susmağa üstünlük verdi. Yalnız qısa məlumatlar verildi. Digər tərəfdən, baş prokurorluğun özü də ətrafa heç bir məlumat verməyən, əksinə, şayiələrə yol açan açıqlama ilə çıxış etdi. On il əvvəl keçirilən nazir həbslərində onlara qarşı “vətənə xəyanət” maddəsi qoyulmuşdu. Sonradan həmin ittihamlar özünü doğrultmadı və sadəcə onların fəaliyyəti yoxlanıldı. Burada əsas cavab verilməli suallardan biri Eldar Mahmudovun fəaliyyəti ilə kimə xəyanət etdiyidir. O kimə xəyanət edib? Sahibkarlara, dövlət başçısına, yoxsa özünə? Hər şey buradan başlayır. Eldar Mahmudovun fəaliyyəti kimə qarşı xəyanət idi? Istənilən nazirliyin fəaliyyətini yoxlasaq, MTN-dən daha çox nöqsanlar ortaya çıxacaq.
“Cahangir Hacıyevin həbs olunmasına mane olan kimdir?”
– Baş verənlərin səbəblərilə bağlı müxtəlif fərziyələr səslənir, onlardan biri də Beynəlxalq Bankla əlaqəlidir. Eldar Mahmudovun Cahangir Hacıyevlə quda olmasını əsas götürənlər hesab edir ki, nazir məhz Beynəlxalq Bankın problemlərini ört-basdır etməyə çalışdığı, ölkədən pul çıxarmağa çalışdığı və vəziyyətin hazırkı həddə çatmasına görə məsuliyyət daşıdığı üçün cəzalandırılıb…
– Hər bir ehtimal üzərində düşünmək olar. Amma Cahangir Hacıyev heç də elə-belə vəzifəsindən azad edilməmişdi. Cahangir Hacıyevlə bağlı məslələr başlayanda sözsüz ki, dövlət başçısına məruzə olunmuşdu və nəticədə Beynəlxalq Bankın rəhbəri postundan getmişdi. Amma MTN rəhbəri ilə Cahangir Hacıyevin qohum olduğunu bilirdilər axı. Yəni bunlar o qədər ehtiyatsızlığa yol veriblər? Yəni əgər ölkədən pul çıxarılmasına cəhd edilibsə və bu baş tutubsa, deməli, o biri qurumlar da işləmir. Əgər bu fərziyə doğrudursa, o zaman Cahangir Hacıyev gedən zaman, MTN də nəzarətə götürülməli idi. Cahangir Hacıyev vəzifəsindən çıxarıldı. Bəs nəyə görə həbs olunmadı? Axı Cahangir Hacıyev həbs olunması üçün daha nələr etməli idi? Belə olan halda sual yaranır. Cahangir Hacıyevin həbs olunmasına mane olan kimdir? Kim onu həbsdən qurtara bildi? Rəhbərlikdə təmsil olunanlar vəzifədən gedir və həbs olunur. Amma bütün bunlar Cahangir Hacıyevdən yan keçir. Nəyə görə bankın birinci fiquru həbs olunmur? Axı onun xəbəri olmasaydı bu qədər iri pullar dağıdıla bilməzdi. Cahangir Hacıyevin heç harada olduğu da bilinmirdi. Yalnız anasının yasında üzə çıxdı. Əgər Cahangir Hacıyevi həbsdən qoruyan Eldar Mahmudov idisə, o zaman hazırda MTN-in icraçılarından başqa rəhbərlikdən kim həbs olunub.
– Vəzifədən uzaqlaşdırılanlar arasında generallar da var…
– Azərbaycanda general əlindən tərpənmək mümkün deyil. Hər bayramda general veriləndə belə bir nəticə olmalıydı. MTN-in özündə də general əlindən tərpənmək mümkün deyil. Gəlin, real götürək. “Qara kəmər” və valyutadəyişmə məntəqələrinə hücumdan başqa MTN-in həyata keçirdiyi böyük əməliyyatı mənə deyin. On vəhabinin həbsi və ya sərhədi keçənlərin saxlanılması bu hesaba daxil deyil. Ölkəni silkələyəcək və böyük bir cinayətkar dəstəni ifşa edən əməliyyatını deyin. Əslində “qara kəmər” əməliyyatı da Cahangir Hacıyevin yoldaşı oğurlanmasaydı heç zaman keçirilməyəcəkdi. Hacı Məmmədovun buraxdığı ən böyük səhv Cahangir Hacıyevin xanımının oğurlanması idi. Bu hadisə baş verəndən sonra bu əməliyyat MTN-ə tapşırıldı. MTN də hazır materialdan istifadə etdi. Valyutadəyiçmə məntəqələrinə də prokurorluq çıxmışdı. Amma DIN əməliyyat tapşırığını həyata keçirmirdi. Əməliyyat tapşırığı MTN-ə veriləndən sonra bu dəstə zərərsizləşdirildi.
“MTN-də kəşfiyyat əks-kəşfiyyatdan ayrılmalıdır”
– MTN-lə bağlı versiyalardan biri də nazirin xarici dövlətlərlə əlaqələrinin olmasıdır. Bu versiyanı diplomat Arif Məmmədov qeyd edib. O, MTN rəhbərini Israil kəşfiyyatı ilə əlqələrdə ittiham edir. Maraqlıdır ki, Eldar Mahmudov tutduğu postu məhz Ilham Əliyev MDB sammitində Putinlə görüşdən qayıtdıqdan sonra itirir…
– Bu sahədə mən bir o qədər də məlumatlı deyiləm. Amma dünürəm ki, MTN-də kəşfiyyat əks-kəşfiyyatdan ayrılmalıdır. Azərbaycanda kəşfiyyat MTN-in nəzarətindən çıxarılmalıdır. Istəsək də, istəməsək də nazir o boyda quruma nəzarət edə bilməz. On il müddətində MTN hansı bir xarici kəşfiyyatı ifşa edib? Amma bu müddət ərzində ölkəmizə bəlkə də xarici kəşfiyyat istədiyi qədər soxula bilib. Hacı Məmmədov hələ də cəzaçəkmə müəssisəsinə göndərilməyib. Amma araşdıranda, belə demək olar, Hacı Məmmədovun əməlləri MTN-də baş verənlərin fonunda toya getməlidir. “Qara kəmər” və valyutadəyişmə məntəqələrinə hücumla bağlı əməliyyatlardan sonra MTN rəhbərliyində başgicələnmə yarana bilərdi və yarandı da. Bundan başqa, MTN Hacı Məmmədovu özündə saxlamaqla Hacı Məmmədov virusuna yoluxdu. Çünki Hacı Məmmədov biznesini adam oğurluğu ilə qurmuşdu. Hacı Məmmədovu həbs edən qurum niyə 10 il müddətində ondan kənara gedə bilmədi. Hesab edirəm ki, Hacı Məmmədovun çəkdiyi tabloları mətbuat yenidən çap edib, onları incələməlidir. Bu günün reallığından tablolara baxaraq, Hacı Məmmədovun qurumun içərisindəki durumla bağlı nə demək istədiyini araşdıraq. “Qara kəmər” əməliyyatı ilə bağlı öz ərizəsi ilə Zahid Dünyamalıyev, Zakir Nəsirov işdən çıxarıldı. Eyni zamanda Bakı Şəhər Baş Polis Idarəsində müavin Cavadağa Sultanov vəzifəsini itirdi. Bu gün MTN-də rəhbərlikdən göstərin kimsə kənarlaşdırılıb. Hazırda yalnız idarə rəisləri olan generallar işdən azad edilir. Onlar hamısı “parket generalları”dır. Onlar parketin üzərində gəzib general olublar. Amma bu qurumda general almaq üçün gərək 10-15 il tər tökəsən. Hazırda bütün nazirliklərdə generallar var.
“Rəsmi mətbuat Ilham Əliyevin mövqeyini gözləyir”
– Rəsmi mediada bu məsələlərlə bağlı bir qədər susqunluq hiss olunur. Bu nə ilə əlaqədardır? Burada MTN-dən uzaqlaşdırılan generalların əllərində olan kompromatları yaya biləcəyindən çəkinmə ola bilərmi?
– Bu kompromatlar həmişə olub. Məncə, hər şey dövlət başçısının MTN-də nə baş verməsiylə bağlı reaksiyasından asılıdır. Nə qədər Ilham Əliyev bu barədə heç nə deməyib, rəsmi mətbuat susacaq. MTN-i qoyaq kənara. Milyardlarla vəsaitin səmərəsiz istifadəsində ittiham olunan Cahangir Hacıyevlə də bağlı mövqe ortada yoxdur. Rəsmi mətbuat Ilham Əliyevin mövqeyini gözləyir.
– Yadınızdadırsa, Gülər Əhmədova məsələsində onun “ağzımı açdırmayın” deməsindən sonra ona qarşı bir yumşalma oldu, yüngül cəza verildi və bir müddətdən sonra da həbsdən azad edildi. Indi həbs olunanlar daha məlumatlı adamlardır. Bunların əlində müxtəlif kompromatlar ola bilər. Sonrakı proseslərə bunun hansı təsirləri ola bilər?
– Heç kim heç nə açmayacaq və danışmayacaq. Məhkəmələrin hamısı qapalı keçiriləcək. Hacı Məmmədov da deyirdi ki, “ağzımı açdırmayın”. Bir nəticə oldumu? Amma MTN məsələsinə qiymət verəndə Elşad Abdullayevin məsələsi də unudulmamalıdır. Elşad Abdullayevin qardaşı MTN-in zabiti idi. Bu günə qədər onun aqibəti bilinmir. Namiq Abbasov MTN-ə rəhbərlik edən dövrdə Mahir Abdullayev yoxa çıxmışdı. Həmin dövrdə Namiq Abbasovun mətbuata müsahibəsi var idi ki, bu olduqca qaranlıq məsələdir. MTN-in zabiti yoxa çıxıb. Bəs Eldar Mahmudov nə etdi? Bu gün də istintaq bu məsələdə ölü nöqtədədir. Ölkədə MTN kimi qurum olduğu halda və Elşad Abdullayev əlindəki materialların, kasetlərin surətini bu quruma təqdim etdiyi halda Azərbaycanı necə tərk edib? Və bu ciddi faktlat ölkədən necə çıxıb? Bundan başqa, bu günə qədər Mahir Abdullayevlə bağlı məsələ niyə açılmayıb?
“2004-cü ildən Azərbaycanda MTN adlı qurum olmayıb”
– Dövlətin onurğa sütunu sayılan bir qurumda bu cür proselərin baş verməsi ölkəni hansı təhlükələr qarşısında aciz buraxır?
– Baş verənlər göstərir ki, 2004-cü ildən bu ilə kimi Azərbaycanda MTN adlı qurum olmayıb. Ad olub. Amma qurumun fəaliyyəti olmayıb. Lakin bu o demək deyil ki, MTN-də profisonallar yoxdur. “Qara kəmər” əməliyyatı olan zaman DIN-dəki professonallar danışmağa başladılar. Bəs nəyə görə biz MTN-dən bu cür çıxışlar görmürük? Yəni bir MTN əməkdaşı desin ki, mən müqavimət göstərmişəm, amma sadəcə gücüm çatmayıb.
“Yeni nazir postunu Ilyas Ismayılov tuta bilər”
– Bu təmizləmənin davamı ola bilərmi? Yenə yüksək vəzifəlilərdən kimlərsə həbs oluna, postundan uzaqlaşdırıla bilərmi?
– Bəli, hökumətdəki nazirlərin təmizləmə prosesinin davamı olacaq. Hazırda bu xətlə əlaqədar balans pozulub. Vəzifədən uzaqlaşdırılanların, taleyi ipdən asılı olanların bütün nazirliklərdə təmsilçiləri var. Onlar hamısı çıxarılmalıdır. Vergilər Nazirliyində yüksək post tutan Vidadi Məmmədov işdən azad edildi. Vergilərdə istənilən sahibkarla bağlı məlumat gələndə məhz Vidadi Məmmədovun rəhbərlik etdiyi Təqdqiqat Departamenti araşdırırdı. Vidadi Məmmədov bu postu kiminsə hesabına tutmuşdu? Son on il ərzində MTN-dən xeyli professional öz ərizəsi ilə kənarlaşmışdı. Onlar geri qayıdacaqmı? Ona görə düşünürəm ki, MTN-in rəhbəri postuna elə bir adam gətirilməlidir ki, onun namizədliyi ilə bağlı heç bir sual olmasın. Bu fiqur gözlənilməz olsa da belə, həm də bir şəxsiyyət olmalıdır. Rusiyanın ən ağır dövründə FTB-yə rəhbər kimi siyasətçi Primakov göndərilmişdi. Azərbaycanda da bu cür fiqurlar var. Mən birinin adını çəkə bilərəm. Məsələn, Ilyas Ismayılov. Bu adam vaxtilə respublikanın baş prokuroru, ədliyyə naziri olub. Neçə illərdir ki, deputatdır. MTN rəhbərliyinə hüquq, həm də siyasət aləmində tanınan elə fiqur gətirilməlidir ki, heç kim dodaq büzə bilməsin. Mənim Mədət Quliyevə qarşı heç bir şəxsi qərəzim yoxdur. Amma hesab edirəm ki, Mədət Quliyev istəsə də belə MTN-də nəyisə dəyişmək gücündə deyil. Unutmayaq ki, Mədət Quliyev əvvəlki postunda çox dəhşətli xəta buraxıb. Hələ də Lamiyənin uşağı qapalı sitemdə necə dünyaya gətirdiyi bilinmir. O sistemin rəhbəri kimi Mədət Quliyevin bu səhvi çox ciddi nöqsan idi.
Bir məqama da diqqət yetirək. Əvvəlki nazirlər Namiq Abbasov vəzifəsindən çıxarıldı, Nəriman Imranov həbs olundu. Amma bu hadisələr zamanı MTN-ə ciddi zərbə dəymədi. Və ya “qara kəmər” əməliyyatı zamanı DIN-dən cinayətkar dəstə çıxmışdı. Şəxsən mən bütün yazılarımda Ramil Usubovu tənqid edirdim. Ancaq bu gün MTN-ə baxanda etiraf etmək lazımdır ki, DIN şükrlü imiş. Amma DIN-də Zakir Nəsirovun həbsindən, Zahid Dünyamalıyevin istefasından başqa hansı general getdi? Hanı MTN-dəki generalların istefa mədəniyyəti? “Qara kəmər”dən sonra MTN-dən bir general istefa vermişdi. Amma baxın, MTN-də neçə general və vəzifəli şəxs vəzifəsindən gedib və hələ bu proses davam edir.
Xəyal