Keçmiş nazirin açıqlamalarının pərdəarxası ilə bağlı ilginc mülahizələr
Bir neçə gün əvvəl Israilin keçmiş xarici işlər naziri Avidqor Liberman Azərbaycan hakimiyyətinin ünvanına xoş sözlər səsləndirdi. O, Azərbaycanda keçiriləcək parlament seçkilərinin beynəlxalq tələblərə uyğun baş tutacağına əminliyini bildirdi. “Azərbaycan demokratiyanın, stabilliyin və uğurlu xarici siyasətin bariz nümunəsidir”, – deyə Avidqor Liberman bəyan etdi.
Israil kimi demokratik ölkənin xarici işlər naziri olmuş, təcrübəli bir siyasi xadimin avtoritar Azərbaycan hakimiyyətini bu şəkildə öyməsi təəccüb doğurmaya bilməzdi.
Nədən Liberman öz imicinə ləkə vura biləcək bir addımı atdı? Bu sual əlbəttə ki, çoxlarını düşnüdürür.
Ekspertlər hesab edir ki, Libermanın Azərbaycan hakimiyyətinə yarınmasının ciddi siyasi səbəbləri olmamış deyil. Onlar bu açıqlama ilə “MTN işi” arasında əlaqə olduğunu düşünürlər. Ekspertlər Eldar Mahmudovun Israil xüsusi xidmət orqanları ilə yaxınlığını önə çəkərək hesab edirlər ki, bu gün MTN ətrafında baş verənlər Israilin maraqlarına uyğun deyil. “MTN işi”ndə elə faktlar ortaya çıxa bilər ki, bu, Israil-Azərbaycan münasibətlərinə təsir edə bilər. Mümkündür ki, Liberman da bundan ehtiyat edir. Ona görə də indidə Azərbaycan hakimiyyətinə bu sayaq jest etməklə gözlənilən gərginliyi yumşaltmağa çalışır.
Başqa bir səbəb isə Azərbaycandakı “Gülən şəbəkə”si ilə bağlı ola bilər. Bu şəbəkənin Israillə ilişgiləri barədə danışmaq artıqdır. Ərdoğan hökuməti “Gülən şəbəkəsi”nə qarşı apardığı mübarizədə bunu dəfələrlə sübut edib. Ərdoğan Azərbaycandakı “gülənçilərin” də zərərsizləşdirilməsində israr edir. Türkiyə prezidentinin bununla bağlı Azərbaycan rəhbəri Ilham Əliyevə dosye təqdim etdiyi barədə iddalar var. Azərbaycan tərəfi “gülənçilər”lə bağlı bir neçə dəfə uğursuz əməliyyat keçirib. Sonuncu əməliyyat isə daha rüsvayçı olub. “Gülənçilər”in əvəzinə tamamilə başqa təriqətə mənsub şəxslər saxlanılıb. Hətta Türkiyə mətbuatı yazmışdı ki, Ərdoğan bununla bağlı Ilham Əliyevə zəng edərək əməliyyatın səhv keçirildiyini bildirib. Bu əməliyyatı MTN keçirmişdi. Ekspertlər MTN kimi ciddi qurumun belə bir səhvə yol verəcəyini inandırıcı saymır. “Bu əməliyyat məqsədli şəkildə səhv keçirilə bilər. Bu yerdə yenə də yada Eldar Mahmudovla Israili xüsusi xidmət orqanlarının yaxınlığı və ”gülənçilər”in bu ölkə tərəfindən dəstəkləndiyi yada düşür”, – deyə ekspertlər bildirir.
Artıq Azərbaycandakı “gülən şəbəkəsi” Türkiyədə geniş müzakirə mövzusudur. Bir neçə gün əvvəl Ərdoğana yaxın mətbuatda SOCAR bu şəbəkə ilə əlaqədə ittiham olunmuşdu. Indisə artıq ana müxalifət partiyası olan CHP Azərbaycandakı gülən şəbəkəsi ilə bağlı müxtəlif iddialar səsləndirməyə başlayıb. Hətta Azərbaycanın Istanbuldakı baş konsulu Həsən Zeynalov bu iddialarla bağlı müvafiq qurumlarda araşdırmalar aparıldığını bildirib: “Bu, bizim səlahiyyətimiz çərçivəsində deyil. Yazıda adları çəkilən şəxslər SOCAR-ın Türkiyədəki törəmə şirkətlərində işləyirlər. Lakin onların nə qədər bu işlə bağlı olub-olmadığı haqqında məsələ bizə məlum deyil. Araşdırma aparılır və nəticələr bəlli olandan sonra bu haqda danışmaq mümkün ola bilər. Yəni bu informasiyanın böhtan və doğru olması bizə hələlik bəlli deyil”.
Bütün bunlar göstərir ki, Azərbaycandakı “gülən şəbəkəsi” artıq Ilham Əliyev üçün ciddi başağrısına çevrilib. Ölkə başçısı problemdən qurtulmaq üçün hansısa addımlar ata bilər. Güman ki, Libermanı narahat edən məsələlərdən biri də məhz budur.