Azərbaycan həqiqətlərindən bəhs edən yeni sayt fəaliyyətə başlayıb – “onlarkimdir.com”. Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” (AZAD) təşkilatının yaratdığı bu saytda bir xeyli maraqlı və təsirli videogörüntülər yerləşdirilib. Söhbət müxtəlif vaxtlarda keçirilmiş mitinqlərdə, etiraz aksiyalarında dinc vətəndaşlara qarşı törədilən vəhşiliyi əks etdirən kadrlardan gedir.
“onlarkimdir.com” saytında yer alan videokadrlarda dinc aksiyaçılara qarşı zorakılıq edən polislər və mülki geyimlilərin sifəti aydın görünür. Ona görə də saytdakı xüsusi bölmədə istifadəçilərdən xahiş olunur ki, o adamların kimliyi barədə məlumatları varsa, bunu “onlarkimdir.com”un poçtuna yazsınlar.
Sayt yaradıcılarının məqsədi bu yolla öz xalqına qarşı vəhşilik edən, insanların sərbəst toplaşmaq azadlığını zorakılıqla məhdudlaşdıran şəxsləri həm Azərbaycanda, həm də bütün dünyada ifşa etməkdir.