“Azərbaycanı dünyanın hər yerində biz necə tanıyırıqsa elə tanıyırlar”
Qənimət Zahid: “Ailəmin qayıtması iki halda mümkündür”
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid nəhayət ki, Bakıda, iş başındadır. Bu ilin may ayından ölkəni tərk edən baş redaktorun adı ətrafında müxtəlif fikirlər dolaşırdı, hətta onun ölkəyə qayıdacağına şühbə edənlər də var idi. Qənimət Zahidin hansı şəraitdə ölkəni tərk etməsi «Azadlıq» qəzetinin kollektivinə məlum idi. Lakin məsələ ictimaiyyəti maraqlanırdığından bu sulları ona ünvanlamalı olduq. Ailəsini Fransada yerləşdirən baş redaktor bu prosesə bir daha nəzər saldı.
– Türkiyəyə müalicəyə, ordan da ailənizlə Fransaya getdiniz. Hər halda ictimaiyyət üçün maraqlıdır, bu proses necə baş verdi?
– Əslində, mən Ankaraya gedişimi müalicə kimi təqdim etdim. Hərçənd burada həqiqət var idi – həmin ərəfədə doğrudan da səhhətimdə ciddi problemlər vardı. Sadəcə hadisələr üst-üstə düşdü.
Mayın əvvələrindən etibarən çox ciddi təhdidlər almağa başlamışdım. Həm də təhdidlər birbaşa övladlarımla bağlı idi. Bir neçə dəfə uşaqlar məktəbdən çıxanda naməlum adamlar onlara çox ciddi hədə-qorxu gəlmişdi. Mənə görə cəzalandırılacaqları barədə xəbərdarlıq etmişdilər. Bu sadəcə qorxutma ola bilməzdi. Bu, çağırış idi. Ona görə də mayın əvvəllərindən başlayaraq uşaqlar demək olar ki, məktəbə getmədilər. Bir neçə nəfərə bunu dedim. Cəmiyyətə açıqlamağa isə açığı, qorxdum. Çünki 2005-ci ildə öldürüləcəyimlə bağlı bir xəbər aldım və alan kimi onu mətbuata açıqladım. O zaman Redaktorlar Birliyi Ramil Usubovla görüşdü, baş prokurorluğa müraciətlər oldu. Sonra da məni öldürmədilər, ancaq həbs etdilər. Amma belə seçimi uşaqlarıma buraxa bilməzdim. O təcrübəni nəzərə aldım. Ona görə də dostlarımın da məsləhəti ilə məsələni qapalı saxladım. Müalicə adı ilə ölkədən getdim. Ankarada yerləşdim. Getməzdən əvvəl, hədə-qorxular ciddi şəkil alanda Sərhədsiz Reportyorlarla əlaqə saxladım. Onlar da mənə dedi ki, bunu bəlkə də açıqlamağa ehtiyac yoxdu. Kimlərsə daha da aqressivləşə, alternativ nəsə edə bilər. Getdim Ankarada həm müalicə aldım, həm də Fransaya getməklə bağlı sənədləşdirmə işləri ilə məşğul oldum. Sentyabrın əvvələrində də çıxıb getdim Fransaya.
– Uşaqların məktəb, universitet məsələsi necə oldu?
– Uşaqların cüzi dil problemi var. Artıq bir aydan çoxdu başlayıblar dil öyrənməyə. Onu da təhsillə paralel öyrənirlər. Uşaqlar orda fransız məktəbində oxuyurlar. Hər biri təhsildə təxminən bir il geri düşür. O da Fransa təhsil mexanizminə görə normaldı. Orda orta təhsil 18 yaşa qədərdi. Böyük qızım universitetdə oxuyur, ancaq bir kurs aşağı. Təxminən burdakı ixtisasda. Burda amerikaşunaslıq üzrə oxuyurdu, orda da ingilis dili və ədəbiyyatı üzrə oxuyur.
«Yaxın bir-iki ilə uşaqları bura gətirmək fikrim yoxdu»
– Ailənizin qayıtması haqda hansı planınız var?
– Ailəmin qayıtması iki halda mümkündür. Birincisi, ölkədə siyasi rejim dəyişəndə. Güman edirəm, bu daha tez olar. İkincisi, onlar ordan vətəndaşlıq alandan sonra. Orda yaşayanlar üçün beş il normativ müddət var. Hər halda ümid edirəm ki, birinci variant daha tez baş verər. Açığı onları yaxın bir-iki ilə bura gətirmək kimi fikrim də yoxdu. Tədris prosesi orda başlayıb. Bir mərhələ geri düşüblər. Yenidən bura gələndə hansısa problemlər ola bilər. Onu istəmirəm. Hər halda hələ belə gedəcək.
– Gedib-gəlmək baxımından problemlər olmayacaq ki?
– Onların problemi olacaq. Ancaq mən gedib-gələcəm. Çalışacam işimi tənzimləyim. Hər bir halda orada buradaki kimi məişət, texniki, bürokratik problemlər olmur. Dövlət ərazisində yaşayan bütün insanlar üçün o işləri görür. Siyasi mühacirlərə isə deyərdim, daha artıq diqqət göstərilir.
«Mənə görə uşaqların cəzalandırılması çox ağır olardı»
– Milli Azadlıq Hərəkatının fəallarındansınız. Hər zaman öndə, mübarizədə, təhlükələrin içində olmusunuz. Müstəqilliyi uğrunda bu qədər mübarizə aparan, əziyyətlər görən bir insane kimi ailənizi Azərbaycandan çıxarmaq Sizə çətin gəlmədi ki?
– Çox təəssüf edirəm ki, vəziyyət doğrudan da o həddə çatdı, mənim başqa seçim imkanım olmadı. Əlbəttə, özümün gedib xaricdə qalmaq kimi planım, fikrim, niyyətim yoxdur, ola da bilməz. Uşaqlar da burda fəal idilər. Gənclər təşkilatlarına qaynayıb-qarışmışdılar. Aksiyalarda iştirak edirdilər. Əgər bu təhlükələr onlara mənim fəaliyyətimə görə yox, özlərinin ictimai fəallığına görə olsaydı, bunu çox normal qarşılayardım və bu addımı da atmazdım. Çünki bu ölkədə fəal gənclər var, onların hər biri hansısa təzyiqlərin altındadır. Mənim övladlarım da onlardan heç nə ilə artıq deyil. O təzyiqlərə məruz qalsaydılar, bunu nəzərə almazdım. Hətta böyük qızım bir neçə dəfə polis tərəfindən saxlanılanda, həbs olunanda hamı görürdü ki, mən bunu sakit, nomral şəkildə qarşılayıram. Öz gəncliyim də elə olub. Amma mənə görə onların cəzalandırılması çox ağır olardı. Bu dəfə cəza inzibati deyil, daha qəddar, daha quldurcasına ola bilərdi. O məni narahat edirdi.
«Mübarizə onların həyat tərzidi»
– Fransa elə bir ölkədir ki, orda Azərbaycanın təbliğatına, lobbiçiliyinə ehtiyac var. Yerləşəndən sonra ailə üzvlərinizin bu işlə məşğul olacağını gözləmək olar?
– Hökmən. O adamların xarakteri elədir ki, onlar ictimai fəaliyyət olmadan yaşaya bilməzlər. Artıq bu, onların həyat tərzidir. Qısa müddətdə bu hiss olunmayacaq. Çünki yer, adaptasiya problemi var. Ancaq hər halda bir neçə aydan sonra onların orda Azərbaycanın problemləri ilə əlaqədar ictimai fəaliyyətini hamı müşahidə edəcək.
– «Azadlıq»ın mühacirətdə olan əməkdaşları ilə görüşə bildiniz?
– Aqil Xəlillə görüşdüm. Ancaq Fikrət Hüseynli ilə görüşə bilmədim. Çünki o bir qədər aralıdadı. Düzdü, çox uzaq olmasa da, yaxın da deyil. Həm də bu müddətdə başım bürokratik məsələrə qarışmışdı. Ancaq telefonla əlaqə saxladıq. Mühacirətlə olanlardan kimlərsə mənimlə görüşə gəldisə, onlarla görüşə bildim.
«Bu kollektivin üzvü olduğuma görə qürur hissi keçirirəm»
– Qəzetin fəaliyyətini izləyə bilirdiniz?
– Qəzet çox gözəl idi. «Azadlıq» fərqli qəzetdi. Açığı, bu kollektivin üzvü olduğuma görə sevinirəm, qürur hissi keçirirəm. «Azadlıq»da inzibati idarəetmə sistemi yoxdur. Güman edirəm, heç zaman da olmayacaq. Kollektiv özünü tənzimləyə bilir. Həm də kollektivin hər bir üzvü müşahidə edib ki, bəlkə də burda olduğum zamanlardan daha artıq dərəcədə burda olmadığım vaxt ünsiyyət saxlaya bilirəm. Bu, həm də yaradıcılıq prosesinə müdaxilə baxımından belədir. İndi 21 əsrdi – elm, texnika buna imkan verir.
– Heç yaradıcılıqla bağlı elə an oldu ki, deyəsiniz «Bakıda olsaydım, filan məsələ daha yaxşı olardı»?
– Elə məqam olanda «Facebook»da əməkdaşları xəbərdar edirdim.
«Elşad Abdullayevlə görüşsəydim, ona başqa rəng verərdilər»
– Siz Fransada olanda orda yaşayan Ramin Nağyev, Elşad Abdullayev «Azadlıq»da məqalə ilə çıxış edirdilər. Onlarla görüşünüz, söhbətiniz oldu?
– Ramin Nağıyevin yazıları mən Türkiyədə olanda çıxdı. Elşad Abdullayevin yazıları çıxmağa başlayanda Fransadaydım. O yazılar «Azadlıq»ın elektron poçtuna gəlirdi. Mən onlara baxırdım, bəzilərini redaktə edirdim. Açığı, görüşmədim. Heç belə təşəbbüsüm də olmadı. Vaxtım yox idi. Sözün açığı, elə həvəsim də olmadı görüşməyə.
Elşad Abdullayev bu sistemin içində olmuş adamdı. İndi onunla bağlı hansı işlər açıb töküblər, cinayətkar olub, hansısa işlər görüb, olsun. Azərbaycanda bütün universitetlərdə belə işlər olur. Birində az, birində çox. Üstəlik o, universitetdə mərhum prezident Heydər Əliyevin qardaşı ilə birgə olub. Bunların şərikləri ilə hansı münasibətləri var, bu, məni qətiyyən maraqlandırmır. Bu mülahizələri də nəzərə alaraq Elşad Abdullayevlə görüşmədim. Bəlkə görüşsəydim, buna başqa rəng verənlər də olardı.
«Azərbaycana hardan baxsaq, eyni görünür»
– Xaricdən baxanda ölkədəki ictimai-siyasi vəziyyət necə görünür?
– Fərqli görünmür. Azərbaycanı daha yaxşı görmək üçün daha uzağa çəkilmək lazım deyil. Daha tutqun görmək üçün də yaxına gəlməyə ehtiyac yoxdu. Burda dövlət idarəetməsi, hökumətin manerası, davranışı, avtoritarizmin və diktaturanın sarsaqlığı o qədər parlaq formadadır ki, onu elə bu ölkənin içindən necə görürsənsə, kənarından da elə görürsən. Dünyada yıxılmaqda olan rejimlərindən başqa bir neçə belə ölkə qalıb ki, bunlar kəmağıl, psixi problemi olan siyasi idarəetmə kimi qiymətləndirilə bilər. Hardan baxsaq, bu eyni dərəcədə görünür.
Az qala ömrü boyu informasiyaların içində olmuşam. Əvvəl sovet hakimiyyəti, ində də bunlar. Güman edirəm ki, bunlar sovet hökumətindən daha yaramaz və yırtıcı rejim yarada biliblər. Xarici ölkələrdə yaşayanlar üçün də elə eyni təəssüratdır. Dünyanın hər yerində Azərbaycanı biz necə tanıyırıqsa, elə tanıyırlar. Türkiyədə dövlət, hökumət, ictimaiyyət səviyyəsində hamı bilir ki, bunlar hansı hoqqalardan, oyunlardan çıxıblar. Elə Avropa da bunu bilirlər.
Fizzə Heydərli