Erməni əsirliyindən gələn şəxs haqqını arayır
Bakının Nərimanov rayonu, M.Əlizadə-53 a ünvanında qeydiyyatda olan, hazırda kirayədə yaşayan Xocalıdan olan məcburi köçkün, Qarabağ müharibəsi əlili Əli Nəbiyev “Azadlıq”a müraciət edib. Ehtiyatda olan zabit, “Xocalı” kiçik müəssisəsinin təsisçisi və direktoru kimi üzləşdiyi problemdən yazır:
“Uzun müddət Dağlıq Qarabağda məsul vəzifədə çalışmışam. 1988-ci ildən Qarabağ müharibəsində iştirak etmişəm. Xocalı soyqırımı vaxtı vzvod komandiri kimi döyüşərək əsir düşmüşəm. 150-yə qədər qohum-qardaşım həmin soyqırımın qurbanı olub. Ermənilər məni əsir götürəndə ağır yaralı olmuşam. Onlar tapançayla ağzımdan vurdular, dişlərimi kəlbətinlə çəkdilər, qollarımı qırıb ayaqlarıma xaç çəkdilər. Ermənilər başımı neçə yerdən zədələyiblər, mənə gündə işgəncə verərək 10 litr qar suyu içiriblər. Birinci dəfə ermənilərə əsir düşmüşəm. Ikinci dəfə isə aldanaraq icra başçısının oyununa, əsir və girovuna çevrilmişəm…
O vaxt Heydər Əliyev şəhər meri Rəfail Allahverdiyevə tapşırıq verdi ki, “Xocalı” kiçik müəssisəsinə torpaq ayrılsın, dövlətdən 2 faizlə pul verilsin və köməklə bina tikintisi həyata keçirilsin, müəssisə işləyəndə də həmin pul qaytarılsın. 02.01.1997-ci il tarixli sərəncamla 1119 saylı məhəllədə təsisçisi olduğum müəssisəyə torpaq ayrılması və layihələndirilməsi qərara alındı. Lakin rayon icra aparatının 19.03.2014-cü il tarixli məktubunda məni şantaj edərək “Xocalı” kiçik müəssisəsinin guya 14 təsisçisi olduğu bildirilir.
1997-ci ildə binanın özülü qazılandan sonra şəhər merindən xəbər olmadı. Mən Heydər Əliyevə xəbər yollayanda o, cavab verdi ki, Rəfail Allahverdiyev olmasa, pul verilməz. Merin gəlməyəcəyini deyəndə Orta Sibirdə iş adamları olan həmyerlilərimdən məüəssisəyə ili 20 faizlə 1 milyon 100 min dollar verilməsinə razılaşdıq. Onlar bu pulu iki il müddətində yolladılar. Binanı 2002-ci ildə tiksəm də, sənədlərini çox çətinliklə 2006-cı ildə aldım. Binanı icarəyə vermişdim və 3-cü mərtəbədə də dörd nəfər qaçqın və ailəm yaşayırdıq. Borc aldığım pulu və faizi qaytara bilmədim. Pul verən adamlar gəlib binanı ölçdülər. 2011-ci ildə eşitdim ki, bina söküləcək. Pul aldığım adamlara məlumat verdim. Onlar teleqram vuraraq 26.07.2011-ci ildə faiziylə birlikdə 8 milyon, 728 min 840 manat borcum olduğunu dedilər. Hazırda onlara 15 milyon borcum var. Onların teleqramını Nərimanov Rayon Icra Hakimiyyətinə və Bakı Şəhər Icra Hakimiyyətinə (BŞIH) təqdim etmişəm. Həmin adamlar Bakıya gəlsə də, onları bu qurumlarda qəbul etmədilər.
2011-ci ilin 5 sentyabrında məni icra hakimiyyətinə çağırıb müəssisənin söküləcəyini, lakin kompensasiya verilməyəcəyini dedilər. Binanı dövlətin tikdirəcəyini deyib məni memar Nadir müəllimin yanına göndərdilər. O da razılığımla binanın layihəsini çəkdi. Layihəni BŞIH-in təsdiqləyəcəyini dedilər. Lakin məndən sonra layihəni dəyişiblər. Məni Nərimanov Rayon Icra Hakimiyyətinə çağıraraq “ARAZ-2011A” MMC-nin zəmanət müqaviləsi əsasında müəssisəmin 2012-ci ilin iyulunadək tam tikilib bütün sənədləriylə birlikdə veriləcəyini dedilər. Binaya mərkəzləşdirilmiş istilik sisteminin qoyulacağını, döşəməyə parket vurulacağını və soyutmaq üçün 20 ədəd kondisioner qoyulacağını bildirdilər. Icra başçısı Abdin Fərzəliyev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan xahiş edib ki, müəssisənin binası altındakı torpağı qeydiyyata almasın və özəlləşdirilməməsi üçün bütün təşkilatlara tapşırıq versin.
Icra aparatının məktubunda göstərilir ki, guya sökülmüş binaya görə 3 milyon 500 min manat veriblər və mən də ondan imtina etmişəm. Mənim imzamla onlarda imtina sənədi varsa, təqdim etsinlər. Məktubda yazılıb ki, müəssisənin sökülən binası 1720 kv.m-dir. Binanın pasportunda sahəsi 2283,1 kv.m-dir.
Icra hakimiyyətinin sərəncamıyla bizi 2011-ci ildə binadan çıxardılar. Məni icra hakimiyyətinə çağıraraq dedilər ki, 3 milyon 500 min manata vəkalət verim, onlar pulu alsınlar və binanı tikib qurtarsınlar. Həmin vaxta qədər isə binanın dövlətin hesabına tikiləcəyini deyirdilər. Onlara dedim ki, bina tikilib qurtarandan sonra, sənədlərini mənə verəndə vəkalət verərəm və pulu alarlar. Onlar razılaşmadılar və bizə kirayə haqqı olan 4 min manatı 2012-ci ilin mayından vermədilər. Xahiş edirik, bu pulu versinlər ki, kirayə haqqını ödəyək. Binanın tikintisini o vaxtdan dayandırıblar. Bu işdə də məni şantaj etdilər. Pulu verəndə pulu alan adama qol çəkdirirlər. Mənim imzamla verdikləri pulun sənədəni göstərsinlər. Dövlət Abdin müəllimə 500 min əhalini tapşırıb. Ona yaraşar ki, erməni əsirliyindən xəstə gələn 75 yaşlı bir insanla döyüşə? Xahiş edirəm, binanın tikilərək bizə təhvil verilməsinə kömək edin”.
Sosial şöbə
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.