Məhkəmələrin və icra hakimiyyətlərinin cinayətkar iş birliyi
Azərbaycan məhkəmələrindəki özbaşınalıqlarla heç kimi təəccübləndirmək olmaz. “Bizim” məhkəmələrdə şəhidin qanpuluna görə cavabdeh edilməsi, ölünün ifadə verməsi, dirinin ölü sayılması adi haldır. Rüşvətlə elə aktlar çıxarılır ki!
Qarabağ əlilinin “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30, 31 və s. maddələrini əsas tutub, Nərimanov heykəlinin yanından metronun “Içərişəhər” satansiyasına düşən Şeyx Şamil küçəsindəki pilləkənin başında yerləşən zibilxananı icarəsinə götürməsinə qoyulan qadağadan yazmışıq. Səbail RIH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov məhkəməyə saxta şirkətin – “Alyans-F” MMC-nin adına saxta qeydiyyat çıxarışı verib ki, guya “Alyansı-F” MMC Nərimanov prospekti-2A ünvanında 1 sotdan artıq sahədə 90 kv.m.-lik qeyri-yaşayış otağının yiyəsidir.
Səbail məhkəməsinin hakimi Nurəddin Bağırov tərəfləri çağırmadan çıxardığı qətnamədə bunu əsas tutub, əlilin iddiasını təmin etməyib. Yuxarı instansiyalar da bunu qüvvədə saxlayıb ki, mülkiyyət hüququ toxunulmazdır. Konstitusiya Məhkəməsi 1 ildir əlilin şikayətini icraata götürsə də, hələ də baxmağa tələsmir. Ədliyyə Nazirliyinin tövsiyəsilə Qarabağ əlili saxta şirkətə qarşı iddia qaldırıb. Fikir verin, əlil Ş.Şamil küçəsindəki ortalıq 20 kv.m-lik zibilxananı istəyir, amma çıxarış Nərimanov prospektindəki 90 kv.m-lik, 1 sotdan bir az artıq olan əmlaka verilib. Bu çıxarışın saxta olduğunu Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), Vergilər Nazirliyi(VN), “Azərpoçt” və digər qurumlar rəsmi arayışlarla təsdiq ediblər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinə əsasən “Alyans-F” MMC-nin adına dövlət reyestrindən çıxarışın verilməsinin təmin edilməsi barədə əlilin müraciəti ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (DƏDRX) VN-ə göndərilib və VN yanında Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyat Idarəsi “ALYANS-F” MMC-nin hüquqi ünvanının saxta çıxarışda göstərildiyi kimi, SƏBAIL RAYONU, NƏRIMANOV PROSPEKTI-2A, 123 MƏHƏLLƏ deyil, BÜNYAD SƏRDAROV,123 MƏHƏLLƏ olması barədə 23.07.2015 tarixli arayış verib. “Azərpoçt” isə, ümumiyyətlə, Səbail rayonunda 123 məhəllə adlı ünvanın olmadığını bildirib. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 23.06.2015 tarixli məktubla Ş.Şamil küçəsində yerləşən “40 pilləkən” kompleksinə yeni qaydalara uyğun ünvanının verilmədiyini bildirib. Di gəl, məhkəmələr Səbail RIH-in təzyiqindən qopa bilmir.
Əlilin “Alyans-F” MMC-yə qarşı iddiasına bu işdə saxtalığı ilə maraqlı və qərəzli olan Səbail məhkəməsi (hakim Zaur Əliyev) baxıb və cavabdehin olmamasına baxmayaraq, zibilxananın cavabdehin qanunsuz sahibliyindən götürülməsi barədə tələbini təmin etməyib ki, Səbail RIH-in hüquq şöbəsinin müdirinin mülkiyyət hüququ toxunulmazdır. Bu hakim 5 aydır ƏMDK DƏDRX-nin Bakı Ərazi Idarəsindən (rəis müavini Elşad Məmmədov) alınan 10 vərəqlik sənədi də verməkdən imtina edir. Qanunun tələbinə görə isə məhkəmə sənədləri tərəfə verilməli və bilərəkdən saxta rəy verməyə görə məsuliyyət tədbiri görülməlidir.
Bakı Apelyasiya Məhkəməsi (sədrlik edən Ismayıl Xəlilov) bu gün(dünən – red.) 14.09.2015 tarixinə təyin etdiyi iclasda “aşağı” həmkarının qətnaməsini qüvvədə saxlayıb. “Yuxarı” məhkəmə də məmurların mülkiyyət hüququnun toxunulmaz olduğunu bildirib. Maraqlıdır, hakim I.Xəlilov ünvanların ayrı olması nədənindən iddia tələbininin rədd edilməsi barədə qətnaməni əlil iddiaçının xeyrinə olması kimi dəyərləndirib. Əlilin həmin ünvana baxış keçirilməsi barədə vəsatətini müzakirə etmək üçün müşavirə otağına gedən hakimlər heyəti rayon məhkəməsinin aktının qüvvədə saxlanılması barədə(??) qərarlarını elan edib. Əlil anında ədliyyə naziri, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova elektron müraciət edərək, məhkəmə təminatı hüququnun pozulmasından şikayət edib. Görəsən, nazir 3 metrlik pilləkənin üstünə 90 kv.m-lik qeyri-yaşayış otağını və 1 sotluq torpağı yerləşdirən 11 hakimi (hələ yeni 3-ü də kassasiya instansiyasında gözləyir) Ginnesin “Rekordlar” kitabına təqdim etməyəcək ki? Hələ Komstitusiya Məhkəməsinin hakimlərini (hələ də şikayətə baxmayıblar) və Ali Məhkəmənin sədrini (əlavə kassasiya şikayətini qanunsuz sayıb) demirik.
M.Ağsu