«The Daily Telegraph»: «Amerikalıların təlim keçdiyi suriyalılar IŞID-ə yox, Əsədə qarşı savaşmaq istəyir»
“Əl-Qaidə” yaraqlıları ABŞ-ın Türkiyədəki düşərgələrində təlim keçən suriyalı müxaliflərin döyüşlərdən qaçdığını iddia edir. Bu barədə iddia “The Daily Telegraph”dakı məqalədə dərc olunub. Söhbət, Yeni Suriya Qüvvələri kimi tanınan “30-cu diviziya”dan gedir. Məlumatlara görə, bu döyüşçülərdən 75-i təlimlər başa çatan kimi – sentyabrın 21-də IŞID-lə savaşmaq adı altında silah-sursatla birlikdə Türkiyə-Suriya sərhədini keçib.
“30-cu diviziya”nın döyüşçüləri təslim olub?
Lakin dünən “Əl-Qaidə”nin nəzarətində olan “Ən-Nüsra Cəbhəsi” məlumat yayıb ki, “30-cu diviziya”nın döyüşçüləri tam tərkibdə onlara təslim olub. Qruplaşmada təmsil olunan döyüşçülərdən Əbu əl-Fəhd Tunisi baş verənləri ABŞ-a vurulan “sillə” kimi dəyərləndirib: “Diviziyanın döyüşçüləri dünən silahları yerə qoyublar. Döyüşçülərdən biri – Əbu Xəttab əl-Makdisi isə bildirib ki, “30-cu diviziya”nın komandiri Anas Ibrahim Obeyd islamçılara amerikalıları aldatdığını deyib. Dediyinə görə, məqsədi silah əldə etmək olub. O xeyli sayda hərbi sursatı “Ən-Nüsra Cəbhəsi”nə təhvil verib və yaxın vaxtlarda xüsusi bəyanatla çıxış edəcəyini bildirib.
Komandir itib, yoxsa…
“Associated Press”in məlumatına görə, hazırda “30-cü diviziya” öz üzvlərinin islamçılar tərəfə keçmə xəbərini araşdırır. Müxaliflərin sözlərinə görə, böyük ehtimalla söhbət, hazırda əlaqəni itirdikləri komandirdən və onun dəstəsindən gedir.
“The Daily Telegraph”dakı məqalədə qeyd olunur ki, ABŞ ümumilikdə il ərzində 5,4 min suriyalı müxalif döyüşçünü hazırlamağı hədəfləyib. Vaşinqtondan bunun üçün 500 milyon dollar vəsait ayrılıb. Lakin son məlumatlardan ABŞ-ın bu ideyasının iflasa uğradığı görünür: “Döyüşçülər şikayətlənir ki, onları IŞID-lə müharibəyə hazırlayırlar. Halbuki onların məqsədi Suriyada Bəşər Əsəd recimini devirməkdir”.
Amerikalı general çətin vəziyyətə düşdü
Ötən həftə ABŞ ordusunun yetkililəri Konqres qarşısında bu məsələ ilə bağlı hesabat verərkən olduqca pis vəziyyətə düşmüşdülər. ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığının rəhbəri, general Lloyd Ostin bildirmişdi ki, Suriyaya göndərilən 54 nəfərdən cəmi 4-5 nəfəri IŞID-ə qarşı vuruşmağa davam edir. Generalın bu cavabı Konqresdə narazılığa səbəb olmuşdu. Çünki bu, ABŞ büdcəsindən məlum təlimlərə ayrılan milyonların “havaya sovrulması” demək idi. Generalın dediklərini ilk baxışda ciddi qəbul etməyən Konqres üzvləri ondan cavabını təkrarlamağı xahiş etmişdilər. Ostin isə təəssüflə həmin rəqəmi təkrarlamışdı. General toplantı iştirakçılarını sakitləşdirmək üçün bildirmişdi ki, ilk vaxtlar belə uğursuzluqlar yaşana bilər. Lakin onun arqumentləri qarşı tərəfi qane etməmiş və zalda böyük gərginlik yaşanmışdı.
Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin yazında başlayıb. Bu müddət ərzində ölənlənlərin sayının 230 mindən çox olduğu bildirilir. Suriyadan qaçqın düşənlər isə 11,5 milyon nəfərdir. Bir müddətdir ki, ölkə ərazisinin bir hissəsi IŞID-in nəzarəti altındadır.
Gültəkin