Vahid Məhərrəmov: «Hökumətə yaxın adamlar, oliqarxiya böyük torpaq sahələrini uzun müdddətə ələ keçirib»
Xəbər verildiyi kimi, Azərbaycanda bəzi torpaq sahələrinin təyinatından kənar məqsədlər üçün istifadə edilməsinə görə cəzaların sərtləşdirilməsi mümkün ola bilər. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 88-1-ci və 88-3-cü maddələrinə əlavə və dəyişikliklər təklif olunur.
Layihəyə əsasən, 88-1-ci maddənin adı dəyişdirilərək “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” variantında verilir. Möcud variantda maddənin adı “Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə”si kimi gedir.
Layihədə təklif olunan maddənin 1-ci hissəsinə görə “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir”. Hazırda bu cərimələrin yuxarı həddi cəmi 32 manatdır.
Maddənin ikinci hissəsinə görə isə, qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə olunacaq. Hazırda isə bu cərimənin yuxarı həddi cəmi 35 manatdır. Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, sözügedən sahədə məsələ olduqca ciddidir. Torpaq haqqında qanunda, xüsusilə icarəyə götürülən torpaq sahələrinin təyinatına görə istifadə olunmaması qadağan olunub. Icra orqanları bu halda mütləq müəyyən tədbirlər həyata keçirməliydi. Ekspertə görə həmin mexanizm olmadığı üçün, yalnız indi bu haqda düşünməyə başlayıblar:
“Böyük torpaq sahələrini hökumətə yaxın adamlar, oliqarxiya uzun müddətə ələ keçirib və təyinatı üzrə istifadə etməyiblər. Həmin torpaq sahələrindən hətta özlərinə ev tikmək və müxtəlif məqsədlərlə istifadə olunub. Sözügedən həddə cərimələrin tətbiqinin effekt verəcəyini indiki halda demək çətin olsa da, belə qərara gəlinməsi müsbətdir”.
Nigar