Tədiyyə balansı ilə bağlı altı aylıq statistik məlumatlar onu göstərir ki, ölkəyə gələn dollarlar azılır
Mərkəzi Bank 2015-ci ilin yanvar-iyun üzrə Azərbaycanın tədiyyə balansı barədə məlumatı açıqlayıb. 2015-ci ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar balansında 63 min 280 dollar profisit yaranıb. Cari əməliyyatlar balansı üzrə daxilolmalar 12,06 milyard dollar, ödənişlər isə 11,99 milyard dollar təşkil edib. Qeyd edək ki, 2014-cü ildə Azərbaycanın cari əməliyyatlar balansında 10,43 milyard dollarlıq profisit yaranmışdı.
Cari əməliyyatlar balansında neft qaz sektoru üzrə 3,9 milyard dollarlıq profisit, digər sektorlar üzrə isə 3,84 milyard dollarlıq kəsir yaranıb.
Cari əməliyyatlar balansının tərkib hissələrindən biri olan xarici ticarət balansı üzrə daxilolmalar 8,68 milyard dollar, ödənişlər 4,92 milyard dollar, profisit isə 3,76 milyard dollar olub.
Cari əməliyyatlar balansının digər bir tərkib hissəsi olan xidmətlər balansı üzrə isə daxilolmalar 2,16 milyard dollar, ödənişlər 4,56 milyard dollar, kəsir isə -2,40 milyard dollar təşkil edib.
Bu göstərici nəyin mesacıdır və iqtisadiyyat üçün nə vəd edir?
Iqtisadçı Samir Əliyev bildirdi ki, tədiyyə balansı ölkəyə gələn və ölkədən çıxan vlyutanın statistikasıdır. Bu göstəriciləri nəzərdən keçirən zaman ölkəyə nə qədər valyutanın gəldiyini və ölkədən nə qədər valyutanın çıxdığını söyləmək olar: “Təbii ki, əgər ölkəyə çox pul gəlib, az pul çıxırsa, bu zaman müsbət saldo alınır. Bu yaxşı tendensiyadır. Çünki ölkəyə çoxlu valyuta gəlir. Yox əgər gedən gələnlərdən çoxdursa, bu o deməkdir ki, daha çox valyuta kənara gedir. Bu isə öz növbəsində devalvasiya məsələsini gündəmə gətirib. Tədiyyə balansı ilə bağlı altı aylıq statistik məlumatlar onu göstərir ki, ölkəyə gələn dollarlar azılır. Bu həm ixracda, həm turizm də, həm də başqa əməliyyatlarda özünü göstərir”.
S.Əliyev bildirdi ki, ixrac azaldığı üçün ölkəyə az pul gəlir. Eyni zamanda ölkədən kapital axınının da təhlükəli həddə olduğunu deyən S.Əliyev bildirdi ki, ölkədən kapital axını 4.5 milyard təşkil edib. Bu əsasən depozit və nağd valyuta axınıdır. “Ötən ilin müvafiq dövrü ilə bu rəqəmi müqayisə etsək bu göstərici 2.6 milyard olub. Bu il bu göstəricinin iki dəfə artması Azərbaycandan kapital axınının gücləndiyini göstərir. Eyni zamanda investisiyalarda da mənfiyə doğru dəyişiklik var. Ölkədən çıxan investisiyalar, ölkəyə gələn investisiyalardan çoxdur. Bütün bunlar isə ölkənin maliyyə sisteminin dayanıqlığı üçün problem yaradır. Bir qədər də konkretləşdirsək manatın gələcəyi üçün problem yaradır”, deyə S.Əliyev vurğuladı.
Xəyal