Hakimiyyət ucuzlaşdırdığı müəllim adını necə sığortlamaq istəyir
Təhsil Nazirliyi müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma layihəsini davam etdirir. Nazirlikdən verilən məlumata görə, layihəyə uyğun olaraq, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək.
Bununla, bu proqram çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq. Qeyd edilir ki, bu layihə Təhsilin Inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər çərçivəsində həyata keçirilir.
Ilk baxşıdan bu xəbər sevindirici görünə bilər. Amma biraz dərin düşünəndə yaranmış mənzərə ürək ağrıdır. Müqəddəs müəllim adı o qədər ucuzlaşdırılıb ki, müəllim olmaq istəyənlər kəskin surətdə azalıb. Bu hakimiyyət uzun illərdi müəllimi dilənçi maaşına möhtac qoyub, seçki saxtakarına çevirib. Şagird-müəllim münasibətləri itib. Müəllimi “süpürgə pulu”, “təbaşir pulu”, “gül pulu” yığana döndəriblər. Müəllim, ölkənin ən kasıb, zəruri ehtiyaclarını ödəyə bilməyən təbəqəsi hesab olunur. Artıq müəllimlik, repetitorluqla əvəz olunub. Məqsədli şəkildə təhsilsizlik siyasətinin aparılması, kütləvi savadsızlığın hökm sürməsi, müəllimin dəyərinin də itməsi deməkdir.
Vəziyyət o həddə çatıb ki, müəllimlik ixtisası seçənlərə ənam bəxş edirlər. Əslində, bunu mədəni rüşvət də hesab etmək olar. Statistika da göstərir ki, gənclər müəllimlik peşəsini ən perspektivsiz peşə hesab edirlər. Adamlar öz valideyinlərinin, yaxınlarının, qonşularının təcrübəsində müəllimin vəziyyətini aydın görürlər.
Bəli, müəllim adı böyük zirvədən dərə-təpəyə endirilib. YAP hakimiyyəti dövründə yaltaqlar, manıslar, satqınlar, rüşvətxorlar nə qədər ucaldısa, müəllimlik peşəsi də o qədər aşağılandı.
Bütün stimulu öldürəndən sonra, müəllimlik sənətini seçənlərə “stimul” vermək qərarına gəliblər. Hətta bu ağır vəziyyətdə də “stimul”ları 100 manatdan ibarətdi.
Samir