Hökumət indi də «sosial ev» şaiyəsinə start verib
Hər dəfə cəmiyyətdə narazılıq artanda hakimiyyət ortaya müəyyən şaiyələr atır və bununla da insanlarda müəyyən təsəlli yaratmaq istəyir. Gah qiymətlərin ucuzlaşacağını, gah güzəştli ipoteka kreditlərinin veriləcəyini, gah da kredit borclarının silinəcəyini ictimailəşdirdilər. Amma həmişə belə şaiyələrin ömrü qısa olur və bir müddətdən sonra unudulur.
Heç kimə sirr deyil ki, bu gün ölkə vətəndaşının əsas problemlərindən biri də evsizlikdir. 10-minlərlə ailə evsizlikdən əziyyət çəkir, gənc ailələr kirayədə yaşamaq məcburiyyətindədi, hətta küçələrdə yatanlar da var.
Hakimiyyət əhalinin zəif yerini bildiyi üçün bu dəfə də əhaliyə sosial evlərin veriləcəyini söyləyirlər. Millət vəkilləri də açıqlama verir ki, bu məsələdə dünya təcrübəsindən istifadə ediləcək, mənzillər tam təmirli olacaq. Eyni zamanda əlavə edirlər ki, ailə tərkibi kiçik olanlar üçün 70-100 kvadratmetr sahəsi olan mənzillər verilir. Ailə tərkibi geniş olanlara isə 150-200 kvadrat metr yaşayış sahəsi olan evlər verilir.
Göründüyü kimi hökumət yenə də qulağa xoş gələn vədlər verir. Əslində belə bir layihə həyata keçirilsə, çox yaxşı olar. Amma bu illər ərzində evlərin sənədləşdirilməsi, Tibbi Sığortanın tətbiqi, Rəqabət Məcəlləsinin qəbulu, məmurların gəlirləri haqqında məlumat verməsi kimi o qədər təkliflər it-bat olub ki, belə vədlərə cəmiyyət toxdur.
Ölkəyə 100 milyardlarla vəsait gələndə evsizlik problemini həll etməyən hökumət, belə bir sosial böhran şəraitində vətəndaşa sosial evlər təklif edə bilərmi? Əlbəttə ki, bu vədlər qeyri-ciddi səslənir.
Hökumət həqiqətən də bu problemi həll etmək istəyirsə, asan ipoteka şərtlərini həyata keçirsin. Yaxud, bu gün 1000-lərlə vətəndaş ödəniş etdiyi mənzillərdə yaşaya bilmir. Vətəndaş mənzil dələduzluğunun qurbanına çevrilib. Məmurlara məxsus hündürmərtəbəli binalarda ağlagəlməz maxinasiyalar üzə çıxır. Gah bir mənzil 5 adama satılır, gah vətəndaşdan pul alıb tikintini yarımçıq qoyurlar, gah da bu tikinti şirkətlərinin dələduzluqla məşğul olduğu üzə çıxır. Vətəndaşa yalançı vədlər verincə, vətəndaşın halal evini özünə qaytarın.
Ölkənin bütün gözəgəlimli yerlərini hasara alıb, hər tərəfdə milyonluq villalar tikdirib, sonra vətəndaşa sosial evlər təklif etmək çox gülünc görünür.
Yaxşı olar ki, insanları belə yalan vədlərlə ümidləndirməyəsiz. Mənasız layihələrə xərclənən milyardlar evsizliyə sərf olunsaydı, indi ölkədə evsiz ailə qalmazdı.
Bir sözlə, hökumət yenə də reallığa uyğun olamyan vədlər verir və bir neçə il bu məsələnin müzakirəsini təmin etməklə cəmiyyəti sakitləşdirmək istəyir.
Samir