«Mərkəzi Bankın bu istiqrazları alması inflyasiyanı yüksəldən faktordur»
Samir Əliyev: «Mərkəzi Bank aldığı istiqrazların müddəti başa çatdıqdan sonra onları «Aqrarkredit»ə qaytaracaq»
Beynəlxalq Bankın maliyyə durumunun sağlamlaşdırılması məqsədilə bir sıra addımlar atılıb. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 3 milyard faizli dövlət təminatlı istiqrazların buraxılması da bu qəbildəndir. Bəs atılan bu addım yaranmış gərgin durumdan çıxmağa kömək edəcəkmi? Üç milyard dəyərində istiqrazın buraxılmasının hər hansı fəsadı ola bilərmi?
Iqtisadçı Samir Əliyev bildirdi ki, istiqrazların çapı dövlət başçısının müvafiq sərəncamının icrasını təmin edir. S.Əliyevin sözlərinə görə, bu sərəncamın əsas mahiyyəti Beynəlxalq Bankın zərərli, toksid aktivlərini “Aqrarkredit”ə yönəltmək idi. Beynəlxalq Bankın özündə sağlam aktivlərin saxlanıldığını deyən S.Əliyev bildirdi ki, hazırda “Aqrarkredit”in istiqrazlarının buraxılması dövlət vəsaiti hesabına vəziyyətdən çıxmaqdır: “Aqrarkredit”in 3 milyardlıq istiqrazını Mərkəzi Bank alacaq. Bu istiqrazlar satışa çıxarılmayacaq. Mərkəzi Bank bu istiqrazları, çox güman ki, aşağı faizlə alacaq. Nəticədə həmin vəsait bu yol ilə sağlamlaşdırılacaq. Amma baş verənlərdə maraqlı məqam odur ki, Mərkəzi Bank bu istiqrazları alacaqsa, deməli, o, bazara 3 milyard pul kütləsinin buraxılmasına səbəb olacaq. Nəticədə Mərkəzi Bank sərəncamında olan vəsaiti bazara yönəldəcək. Bu isə bazarda pul kütləsinin artmasına gətirib çıxaracaq. Bu isə investisiyanı artıran faktordur".
MB-nin bu istiqrazları almaq üçün 2 yolunun olduğunu deyən S.Əliyev bildirdi ki, bank ya pul çap etməlidir, ya da öz sərəncamındakı vəsaiti bazara yönəltməlidir: “Əslində Mərkəzi Bankın sərəncamında pul kütləsi var. Dövriyyədə olan pul kütləsi 2014-cü ildə 12 milyarda yaxın idi. Hazırda bu pul kütləsi yeddi yarıma düşüb. Ona görə Mərkəzi Bankın sərəncamında 4.5 milyard yarım pul kütləsi var. Görünür, bu vəsaitin bir hissəsi istiqrazların alınmasına yönəldildi. Bu bir borcdur. Mərkəzi Bank aldığı istiqrazların müddəti başa çatdıqdan sonra onları ”Aqrarkredit"ə qaytaracaq. Amma dövriyyədə pul kütləsinin çoxalması inflyasiyanı gücləndirəcək2.
Bank güclü olduqca onun istiqrazının faizinin aşağı olduğunu deyən S.Əliyev bildirdi ki, istiqrazlara qoyulan faiz müqabilində onu heç kim almaz. Ona görə bu prosesi Mərkəzi Bank reallaşdıracaq.
Xəyal