Azərbaycanda xarici ölkə vətəndaşlarına məxsus əmlakların sayı 53% artıb
Sülhəddin Əkbər: «Araşdırmaq lazımdır ki, bu ərazilərin alınmasında başqa niyyət güdülürmü»
Azərbaycanda daşınmaz əmlakın alğı-satqısı ilə bağlı maraqlı statistik məlumat diqqəti çəkib. Maraq doğuran məqamlardan biri isə ölkə xaricində ev, kommersiya obyekti alan soydaşlarımızın sayında qeydə alınan artımlardır. Ümumiyyətlə, son illərdə xaricdə daşınmaz əmlak alan soydaşlarımızın sayı çoxalmaqdadır. Əvvəlki kimi isə bu sırada əsas yeri Türkiyə, Rusiya, Avropa dövlətləri tutur. Məsələn, təkcə ötən ay Azərbaycan vətəndaşları Türkiyədən 68 mənzil alıb.
Türkiyə Statistika Qurumunun yaydığı məlumatda bildirilir ki, bu ilin 7-ci ayında isə azərbaycanlılara türklər 458 ədəd mənzil satıb. Qeyd edək ki, Türkiyə daxilində mənzil satışları 2015-ci ilin iyul ayında keçən ilin analoji dövrünə nisbətən 13,5% artaraq 96589 ədəd olub. Bu isə son beş ayın ən aşağı satış rəqəmləridir.
Amma əsas məqam Azərbaycanda daşınmaz əmlak alan xarici ölkə vətəndaşlarının sayında müşahidə olunur. Bir məqamı da qeyd edək ki, xaricilərin də Azərbaycanın daşınmaz əmlak bazarına marağı artır. Belə ki, ötən il Azərbaycanda xarici ölkə vətəndaşlarına məxsus əmlakların sayı kəskin artaraq 2 850-yə çatıb. Bu, 2013-cü illə müqayisədə 53% çoxdur. Ümumilikdə, son 3 ildə ölkəmizdə xaricilərə məxsus əmlakların sayı 2 dəfədən çox artıb.
“Xarici alıcıların sayında 50 faiz artım”
Maraqlıdır ki, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı artıq Bakı deyil, regionlardır. Getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Ötən il xaricilərə məxsus olan 2 850 əmlakdan 1812-si və ya hər 3 əmlakdan 2-si regionların payına düşüb. Xaricilər ən çox cənub, Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarından əmlak almağa üstünlük verir. Belə ki, əcnəbilərə məxsus əmlakların sayına görə Bakıdan sonrakı yeri Cəlilabad, Lənkəran və Xaçmaz rayonları tutur.
“Daha çox torpaq sahələri alınır”
Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlakların növündə də dəyişiklik var. Belə ki, bir il əvvələ qədər ölkəmizdə xaricilərə məxsus ən çox əmlak mənzillər olduğu halda, hazırda torpaq sahələri daha böyük yer tutur. Əcnəbilərə məxsus əmlakların 1 275-i və ya təqribən 45%-i məhz torpaq sahələridir. Sonrakı yerləri mənzillər tutur. Paytaxtdan başqa, xaricilərin ən çox mənzil aldığı bölgələr Sumqayıt, Gəncə və Xaçmazdır. Xaricilərə məxsus torpaq sahələrinin isə böyük hissəsi Cəlilabaddadır.
Sonrakı yerləri Lənkəran, Şəmkir və Şirvan tutur. Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Bakıda alıblar – 71 ev. Fərdi evlərin sayına görə sonrakı yeri Quba-Xaçmaz və Zaqatala-Balakən zonaları tutur. Kommersiya obyektlərinə gəlincə, xaricilərə məxsus qeyri-yaşayış sahələrinin böyük hissəsi Bakıda yerləşir. Qarşıdakı müddət ərzində isə Azərbaycanda daşınmaz əmlak alan xaricilərin sayında daha böyük artım gözlənir (“Bakı-Xəbər”).
Regionumuzdakı həssas durum nəzərə alınarsa, şimal və cənub sərhədlərimizdə torpaq sahələrinin alınması maraq doğurur. Bu baxımdan müvafiq təşkilatların baş verən alğı-satqı ilə maraqlanması dövlət maraqları və təhlükəsizliyi baxımdan əhəmiyyət kəsb edir.
Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, öncə bu torpaqları alan şəxslərin alğı-satqı müqavilələri araşdırılmalıdır. Çünki bu torpaqları əldə edənlər rəsmi olaraq xarici ölkə vətəndaşı olsa da, əslən azərbaycanlı ola bilərlər: “Istisna deyil ki, Rusiya vətəndaşlığını alan azərbaycanlılar şimal ərazilərimizdə mülk almaq istəsinlər. Daha bir aydın gətirilməli məqam Azərbaycanın şimal və cənub zonalarında hansı ölkənin vətəndaşlarının mülk almasıdır. Əgər mülk sahibləri hamısı bir ölkənin vətəndaşlarıdırsa, o zaman burada diqqətli olmaq lazımdır. Azərbaycan bu sahədə liberal siyasət yürütsə də, bəzi istiqamətlərdə diqqətli olmaq lazımdır. Düzdür, hüquqi baxımdan xarici ölkə vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak almasına qarşı çıxmaq mümkün deyil. Məsələn, Türkiyədə çoxlu sayda xarici vətəndaşlar ev, torpaq sahələri alırlar. Əsasən burada turizm bölgələri seçilir. Ola bilsin ki, Azərbaycanda da mülklərin alınması bu bölgənin coğrafiyası ilə əlaqəlidir. Ona görə araşdırmaq lazımdır ki, bu ərazilərin alınmasında başqa niyyət güdülür, yoxsa yox”.
Xəyal