Avropanı qazla təmin edəcəyini bəyan edən hakimiyyət niyə Cəlilabada qaz çəkə bilmir?
Prezident Ilham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfəri zamanı növbəti dəfə bölgələrdə qazlaşdırma işlərinin ləng getdiyini bildirib. Ilham Əliyev xüsusilə Cəlilabadda qazlaşdırma səviyyəsinin qanedici olmadığını deyib: “Mənə verilən məlumata görə, Cəlilabadda qazlaşdırma orta hesabla təxminən 40 faiz səviyyəsindədir. Bu, çox aşağı səviyyədir və Dövlət Neft Şirkətinə, onun qurumu olan ”Azəriqaz"a tapşırıq veriləcək ki, burada qazlaşdırmanın sürəti artırılsın".
Ilham Əliyevin bu məsələyə xüsusi diqqət ayırması səbəbsiz deyil. Azərbaycan hakimiyyəti istər daxili, istərsə də xarici təbliğatda neft-qaz amilinə xüsusi qabardır. Avropanı qazla təchiz etmək gücündə olduğunu bəyan edir, Azərbaycanın Avropaya deyil, Avropanın ölkəmizə ehtiyacı olduğunu vurğulayır. Amma indi bəlli olur ki, Azərbaycan heç öz daxilində paytaxta yaxın bölgələrdə belə qazlaşdırma işini həyata keçirmək gücündə deyil. Aydın olur ki, regionun “lider ölkəsi”ndə Bakıdan o qədər də uzaq olmayan Cəlilabadın yalnız 40 faizində qaz var. Bu fakt hakimiyyətin bütün təbliğatını alt-üst edir. Ilham Əliyev də bunun fərqində olduğu üçün məsələyə xüsusi diqqət yetirməklə “Azəriqaz”a xəbərdarlıq edir. Bu fakt Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə də baha başa gələr. Çünki faktiki olaraq Rövnəq Abdullayev Avropaya neft-qazla meydan oxuyan Ilham Əliyevi pis vəziyyətdə qoyub.
Hikmət