Eyyub Hüseynov: «Bitkilərin toxumu növbəti il cücərmirsə, bu artıq GMO-nun əlamətidir»
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi genetik modifikasiya olunmuş (GMO) bitkilərin və onun materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə tədbirlərin görülməsini qərara alıb.
Komitədən verilən məlumata görə, Dövlət Nəzarəti Xidmətinin əməkdaşları ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürərək, Komitənin GMO məhsulların sınağı laboratoriyasına təqdim edib. Qeyd edilib ki, 4 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülmüş nümunələrin sınaqları başa çatıb və sınaq nəticələrinə əsasən, adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib.
Bu məlumatla bağlı fikirlərini bölüşən Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yada salır ki, iki ay əvvəl Azərbaycanda GMO məhsullara həsr edilmiş beynəlxalq konfrans keçirilirdi. Deputatların da iştirak etdiyi konfransda ölkədə GMO məhsulların olduğu bəyan edilsə də, qarşı tərəf bunu inkar edib: “BMT-nin qərarları, ölkəmizin qoşulduğu kartogen protokolu bu halda nəyə lazımdır? Həmin yığıncaqda GMO laboratoriyasının müdiri də iştirak edirdi. O, Azərbaycanda GMO-nun olmadığını iddia edirdi. Sadəcə olaraq onlar heç nəyi yoxlamadan bunu inkar edirdilər. Yoxlanmadan məhsulda GMO-nun olmadığını demək nə dərəcədə məntiqlidir? Bu gün nəhayət ki, GMO-lu məhsulların ekspertizası aparılmağa başlayır. Bir daha deyirəm, yer üzündə bütün soyalar 98 faiz genetik modifikasiya olunub. Təmiz soya yoxdur. Bitkilərin toxumu növbəti il cücərmirsə, bu artıq GMO-nun əlamətidir”.
E.Hüseynov təkcə soyanın deyil, əksər məhsulların genetik modifikasiya olunduğunu söyləyir. Daxili bazarda satılan və “Amerikanka” deyilən qarpızın hamısının GMO-lu olduğunu deyən qurum sədri, ölkədə modifikasiya olunmuş məhsulların təkcə qarpızla məhdudlaşmadığını bildirir. Kartofun, çuğundurun və s. məhsulların GMO-lu olduğunu deyən ekspert “qosstandart”ın laboratoriyasının normal cavab verəcəyinə ümid etdiklərini də dilə gətirir: “Bu sahədə nəhayət ki, laboratoriyalar işə başlayır”.
Nigar