Tarixi binaları da Bakının tarixindən siləcəklər…

Yaxud «Sovetski»dəki abidələrin sayını azaltmaqda məqsəd nədir?

Son bir ildə Bakının “Sovetski” ərazisindəki tarixi memarlıq binalarının sayı ilə bağlı bir neçə fərqli rəqəm irəli sürülüb. Təkcə Mədəniyyət və Turizm Nazirliyinin açıqlamalarında sözügedən binaların sayının gah 230, gah da 118 olduğu bildirilib. Bu yaxınlarda isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, “Sovetski”də 138 tarixi bina var…
Problem təkcə bu binaların ümumi sayında deyil, eyni zamanda onlardan neçəsinin sökülüb-sökülməyəcəyi ilə bağlıdır. Ötən ilin sonunda mədəniyyət və turizm naziri ÿ30-a yaxın binanın sökülməyəcəyini demişdisə, bu yaxınlarda isə nazir 15-16 binanın saxlanılmasının qərara alındığını söyləyib.
Beləliklə, təkcə Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarında tarixi binaların sayı ilə bağlı 3 fərqli rəqəmə rast gəlirik, üstəlik, əvvəl 30 binanın sökülməyəcəyi bildirilir, sonra isə onların da sayı iki dəfə azaldılır.
“Sovetski”nin yerləşdiyi Yasamal rayonunun icra hakimiyyətindən isə ötən ilin aprelində bildirilmişdi ki, bu ərazidə 168 tarixi memarlıq binası var.
Nəhayət, ən son açıqlama isə “Sovetski”dəki memarlıq binalarının tarixinin araşdırılması və restavrasiyası üçün baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında Mədəniyyət və Turizm Nazirliyi nəzdində yaradılmış xüsusi qrupdan gəlib.
Qrupun üzvüÿ Arif Əliyevÿ ANS TV-yə bildirib ki, ərazidə dövlət qeydiyyatına alınmış 171 abidə var. Əvvəlcə bunlardan 76-nın sökülməsi, 95-nin isə saxlanılmasına qərar verilib. Sonradan daha 18 abidə əlavə olunmaqla, ümumilikdə 113 abidənin saxlanılması Nazirlər Kabinetinə təklif olunub.
A.Əliyev qeyd edib ki, ərazidə aparılan təhqiqat işləri zamanı mövcud binaların bir qisminin tarixi abidə olmadığı müəyyən edilib. Məhz sökülənlər də həmin binalar olacaq.ÿÇiyinlərində tarixin yükünü daşıyan binalar isə yeni “Sovetski”nin görkəminə uyğunlaşdırılmaqla saxlanılacaq.
Maraqlıdır ki, bu açıqlama mədəniyyət və turizm nazirinin “Sovetski”də 138 tarixi binanın olduğu və onlardan 15-16-nın saxlanılacağı barədə məlumatından üç-dörd gün sonra verilib. Məlumatlara görə, bu, təsadüfi olmayıb. Nazirin son açıqlaması birmənalı qarşılanmayıb və daha sonra Nazirlər Kabinetinə yeni təklif verilib.
Doğrudan da, “Sovetski”dəki “138 tarixi binadan 15-16-nın saxlanılması” qərarı absurddur və köhnə Bakının bu tərkib hissəsinə ikinci sort ərazi kimi yanaşmadan xəbər verir. Hələ nəzərə alınmalıdır ki, burada tarixi binaların sayı 100 yox, 200-dən artıqdır. Bunu Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiqlənən “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda görmək mümkündür.
Elə anlaşılmayan da budur ki, 14 il öncə hökumətin qərarı ilə müvafiq siyahıya alınan tarixi binaların yarısını bu gün isə sökmək qərara alınır?! Axı, o siyahı da mütəxəssislərin rəyi ilə təsdiqlənmişdi… Bəs, indi necə olur ki, siyahıdakı binaların “bir qisminin tarixi abidə olmadığı” müəyyən edilir?! Görünür, “Sovetski”dəki tarixi binaların sayını azaltmaqda məqsəd həmin binaların sakinlərinə veriləcək kompensasiyanın məbləği ilə əlaqədardır. Təbii ki, adi evlərlə müqayisədə tarixi binaların sakinlərinə böyük məbləğdə kompensasiya ödənilməlidir. Bu isə hökumətə sərf etmir.
“Sovetski”də hətta hökumətin qoruma altına almadığı elə binalar var ki, onlar da saxlanmalı və ya saxlanmalı idi. Məsələn, məşhur “Sovetski” hamamı – o böyük və yaraşıqlı binanın sökülməsini hansı məntiqlə izah etmək olar?! Onu da “yeni ”Sovetski"nin görkəminə" uyğunlaşdırmaq olmazdımı? Ümumiyyətlə, bu ərazidə diqqət çəkən binaların önəmi təkcə memarlıq və ya qədimliklə bağlı deyil. Onlar həm də öz təyinatı ilə Bakının ictimai-siyasi və sosial-mədəni həyatına verdikləri töhfələrə görə dəyərlidir və dəyərləndirilməlidir. Bu gün “Sovetski”də hətta məşhur “Əbilov klubu”nun binasının taleyi qaranlıq görünür. Bu binanın kluba – mədəniyyət mərkəzinə necə çevrilməsi hadisəsi özü bir tarixdir. Həmin klub ki, Azərbaycanın neçə-neçə görkəmli sənətkarı ilk dəfə burada səhnəyə çıxıb.
Yeri gəlmişkən, “Sovetski”də söküləcək binalardan biri də Azərbaycanın ilk peşəkar heykəltəraşı Zeynalabdin Əliyevin evidir. Bu bina Murtuza Muxtarov küçəsi 30 ünvanında yerləşir. Göründüyü kimi, burada maraqlı binalar çoxdur, lap çox… Və bunların hər biri muzeyə çevrilməyə belə layiqdir. Hətta ən sadə bir küçəni, dalanı da açıq muzeyə çevirmək, keçmişin şəhərsalmasından nümünə kimi saxlamaq olardı… Təkcə “su fontanları”nın ətrafında o dövrün məişətini canlandırmaq kifayətdir ki, Bakı ekzotikası olaraq turistlərin diqqətini bura cəlb edəsən… Ümumiyyətlə isə “Sovetski”nin ən yaxşı tarixi binalarından birində Şəhər Muzeyi yaratmaq, burada Bakının və xüsusi olaraq “Sovetski”nin tarixini yaşatmaq lazımdır.
Bu günlərdə prezident Ilham Əliyevin sədrliyilə keçirilən Nazirlər Kabinetinin iclasında dövlət başçısı dünyada hüquq normalarının işləmədiyindən və bir çox məsələlərin güc amili ilə həll edildiyindən gileyləndi. Uzağa getməyək, elə “Sovetski”nin halını göz önünə gətirəndə düşünürsən ki, bəs, öz cəmiyyətimizdə hakimiyyət güc amilinə söykənmir? “Sovetski”nin özü zorla tarixdən silinmir? Bu ərazidən insanlar “kimin gücü varsa, o da haqlıdır” prinsipilə köçürülmür? Indi isə nəinki daxma hesab edilən evlər, hətta hökumətin vaxtilə siyahıya aldığı tarixi binaların da güc bahasına sökülməsi gündəmə gəlib.
Yoxsa, hakimiyyət bu məsələnin həlli ilə bağlı ictimai rəyi öyrənib və nəzərə alıb?!

Şövkət Məmməd