
Böyük Qışlaq kəndinin icra nümayəndəsi Vilayət Həsənov deyir ki, son dolunun evlərə və əkin sahələrinə ümumilikdə vurduğu ziyan 800 min manata yaxındır. Amma bu hadisə il ərzində kənd təsərrüfatına dəyən zərərlərdən yalnız biridir. Yanğın, sel, dolu, şaxta və daşqın kimi hadisələr hər dəfə əkin sahələrinə, fermer təsərrüfatlarına xeyli ziyan vurur.
“Sığorta risklərini qiymətləndirmək çətindir”
Məsələyə münasibət bildirən “Azərsığorta” şierkətindən bildirildi ki, aqrar sektorda fərdi təsərrüfatların əksəriyyəti kiçik və zəifdir. Bunların böyük hissəsi adi aqrotexniki qaydalara əməl etmirlər. Bu isə məhsul itkisini artırır. Belə təsərrüfatlarda əkin sahələrinin, məhsuldarlığının və yığılan məhsulun uçotunun aparılmaması dəyə biləcək zərəri qiymətləndirməyə imkan vermir. Nəticədə belə təsərrüfatlarda statistika, uçot işi olmadığından, vəziyyəti qiymətləndirmək və onları sığortalamaq mümkün deyil: "Bizim əlimizdə son bir neçə ilin məlumatları olmaldır ki, bu təsərrüfatda orta illik məhsuldarlığın səviyyəsinin ölçülməsi mümkün olsun və biz də riskin səviyyəsini qiymətləndirib sığortalaya bilək".
“Uçotu aparılan təsərrüfatları asanlıqla sığortalayırıq”
“Azərsığorta”dan onu da bildirirlər ki, uçotu aparılan təsərrüfatlar asanlıqla sığortalanırlar: "Məsələn, biz 7 ildir ki, İsmayıllı rayonunun İvanovka kəndində yerləşən “Nikitin” kolxozunun təsərüfatlarını sığortalayırıq. Çünki onlarda əkin sahələrinin və məhsuldarlığın dəqiq uçotu aparılır və lazımi statistika əlimizdə olur. Bundan başqa, bizim mütəxəssislər həmin təsərüfatda olur və əkin-biçin işlərinin gedişinə, aqrotexniki qaydalara əməl edilməsinə nəzarət edirlər. Onlar özləri sığortaya maraq göstərirlər. Digər yerlərdə isə, sığortalanma çox aşağıdır, əsasən də taxıl sahələri sığortalanır”.
“Kiçik təsərrüfatlar birləşməli, dəqiq uçot aparılmalıdır”
“Azərsığorta”da hesab edirlər ki, kənd təsərrüfatında sığortanı inkişaf etdirmək üçün bəzi tədbirlərin həyata keçirilməsinə ehtiyac var: “Əvvəla, xırda təsərrüfatlar birləşib iri təsərrüfatlar yaratmalıdırlar. Bunlarda sistemli iş, dəqiq uçot aparılmalı, dövlət statistika orqanına ətraflı məlumat verilməlidir. Sovet dövründə böyük kollektiv təsərrüfatlar var idi, onlarda həm əkin sahələrinin, həm texnikanın, həm də yığılan məhsulun uçotu aparılırdı və sığorta icbari idi. İndi də belə təsərüfatlar yaradılmalıdır. Hazırda Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı yeni mexanizmlər müzakirə olunur. Bu sahədə bəzi islahatlar aparılsa, aqrar sığorta güclü inkişaf edə bilər, çünki böyük potensial var".
“Ümid ayrıca qanunun qəbul edilməsinə qalıb”
Yaxın vaxtlarda iri kollektiv təsərrüfatların yaradılmasına stimul verəcək "Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanunun qəbulu aqrar sığortada yeniliyə səbəb ola bilər: "Bu təşkilatların sığortalanması daha rahat olacaq. Çünki, onlar Dövlət Statistika Komitəsinə öz əkin sahələri, məhsuldarlıq səviyyəsi və sair məsələlərlə bağlı məlumatları verməli olacaqlar" – deyə “Azərsığorta”dan bildirilib.