Pakistanın keçmiş baş naziri Yusuf Rıza Gilani iki il əvvəl oğurlanan oğlu Əli Heydərlə ilk dəfə telefonda danışıb. Gilani ona gizli nömrədən zəng gəldiyini və heç gözləmədiyi halda oğlu ilə 8 dəqiqə danışdığını bildirib. Oğlunun səsinin yaxşı gəldiyini deyən Gilani qeyd edib ki, söhbətdən onun səhhətinin də qaydasında olduğunu anlayıb. Keçmiş baş nazirin sözlərinə görə, oğlunu qaçıranların şərti olub. Bildiriblər ki, Əli Heydərin evə sağ-salamat qayıtması müqabilində Pakistan həbsxanalarında saxlanılan «Taliban» və «Əl-Qaidə» üzvləri azad edilməlidir. Lakin qarşı tərəf ad çəkmədiyi üçün Y.Gilani onların konkret kimləri nəzərdə tutduğunu öyrənə bilməyib.
Yusuf Rıza Gilani 2008-2012-ci illərdə Pakistanın baş naziri olub. Oğlu Əli Heydər Gilani 2013-cü ilin mayında atasının seçki-təbliğat mitinqində naməlum şəxslər tərəfindən qaçırılıb. Uzun sürən araşdırmalara baxmayaraq tapılmayan Əli Heydərin «Taliban» üzvləri tərəfindən Əfqanıstana aparıldığı ehtimal olunur. Y.Gilani ötən ay Əfqanıstan prezidenti ilə görüşərək oğlunun xilas edilməsi üçün kömək istəmişdi.
Gültəkin