Aida Hüseyn, Rahib Nəbizadə və Səyyad Kərimov 6 aydan sonra Konstitusiyanın qüvvədə olmadığını aktlaşdırıblar
Mediada bilgi verilib, yenidən diqqətə çatdıraq. Bu sətirlərin yazarının xəstəxanada sistem altında olduğu zaman Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalov 13.09.2023-cü il tarixli həm dövlət hesabına vəkil ayrılmasından imtina edilməsi, həm də iddianın mümkün sayılmaması haqqında 2 qərardad çıxarıb. Məhkəmə hakiminin hansı qərardadı əvvəl çıxarması bilinməsə də, dövlət hesabına vəkil ayrılmasından imtinanı əvvəlcədən iddianı mümkün saymayacağı ilə “əsaslandırıb”. İddiaçı 1-ci dərəcəli Qarabağ qazisinin əvvəlcədən şəxsi kabinetdən xəstəxanada olması nədəni ilə iclasın ertələnməsi haqqında ərizəsinə də önəm verməyib ki, xəstəxanadan sənəd təqdim edilməyib(?). Hər 2 qərardaddan apellyasiya şikayəti verilsə də, 8 aydır vəkildən imtina haqqında qərardaddan şikayət prosessual qanunvericiliyin tələbinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməyib. Onu da vurğulamaq önəmlidir ki, qarşı tərəf – DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı DSMF-də Konstitusiyaya zidd yaradılan, prosessual hüquq qabiliyyəti olmayan MƏHKƏMƏ FİLİALI- 39 SAYLI VƏKİL BÜROSU ilə təmsil olunub. Konstitusiyanın 25-ci maddəsi ilə təminat verilən hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə əməl edilmə(mə)sinə baxın, bir yanda iddiaçı Qarabağ əlili xəstəxanada, o biri yanda bütöv MƏHKƏMƏ FİLİALI- 39 SAYLI VƏKİL BÜROSU! Üstəlik, hakim də qarşı yanın vəkili rolunda! Necədir səninçün, Qarabağ qazisi?
Eldə deyildiyi kimi, Allahından 2-3 aydan bir xəstəxanada müalicə olunan əlil bu antihumanist, vicdansız, qərəzli davranışdan stressə düşdüyündən məhkəmə zallarını xəstəxana palataları ilə dəyişmək zorunda qalıb. Bu yol Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Aytən Oruczadə olan heyəti iddiaçı əlilin xəstəxanada olması haqqında ərizəsini görməzliyə vurub və 01.11.2023-cü il tarixli qərardadla şikayəti təmin etməyib. Bu qərardaddan kassasiya şikayəti verməyə dövlət hesabına vəkillə təminatına ərizə verən Qarabağ əlilinin ərizəsi təmin olunmayıb ki, konstitusion məhkəmə təminatı, hüquqi yardım hüququndan SUİ-İSTİFADƏ edir, dövlət büdcəsini dağıdır !(?) Maraqlıdır ki, bu qərardad başqa iş üzrə Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov üçlüyünün çıxardığı 05.07.2023 tarixli aktın plagiatıdır; Cahangir Yusifov özbaşına Aytən Oruczadənin sədri olan heyətə salınıb və 4 ay qabaqkı qanunsuz aktını olduğu kimi köçürüb.
Vəkil ayrılmasından imtina haqqında qərardaddan kassasiya şikayəti vermək üçün ərizə verən iddiaçı qaziyə sədrlik edən Aytən Oruczadə bildirib ki, belə şikayət vəkilsiz verilir. Kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan imtina haqqında qərardadın Konstitusiyanın 61-ci, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci, İPM-in 31.1-ci, MPM-in 14.5 və 67-1.1, 67-1.4.1-ci maddələrinin tələbinə zidd olduğunu əsaslandıran şikayət 6 ay Səyyad Kərimovun sədrliyində “yatıb”. Ali Məhkəməyə çoxsaylı şikayətlərdən sonra 30.04.2024-cü ildə 2-1(102)-784/2024 saylı işə Aida Hüseynin sədr edildiyi, 01.05.2024-cü ildə yekun akt çıxarıldığı “e-məhkəmə” sistemindən bildirilib. Aida Hüseyn Səyyad Kərimovun 6 ayda qərar verməkdə “çətinlik çəkdiyi” işə bir gündə baxıb, kassasiya şikayətinin qəbulundan imtina aktı çıxarıb. Qərardad sistemdə yerləşdirilməsə də, oxşar 29.12.2023 tarixli Ali Məhkəmənin ( İlqar Hüseynov, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov) qərardadındakı eyni əsasla – vəkilin tərtib etməməsi, işdə vəkilin orderinin olmaması əsası ilə mümkün sayılmaması şübhəsizdir. Ali Məhkəmə vəkildən imtina barədə qərardaddan şikayəti mümkün saymır ki, vəkil tərtib etməyib!(?) Vəkil ayrılır ki, şikayəti yazsın, orderi əlavə olunsun? Elə şikayət vəkilin ayrılmamasındandır, vəkil ayrılsaydı, daha şikayətə ehtiyac qalmazdı ki!
Ali Məhkəmə növbəti dəfə məhkəmə təminatı, hüquqi yardım almaq hüququna qadağa qoyub. Bu qadağanın Konstitusiyanın 60, 61-ci maddələrinə uyğun olmadığı şübhə doğurmur. Konstitusiya Məhkəməsi qadağanı qüvvədən salar yəqin.
Ali Məhkəmədən zəng edib, 02.05.2023-cü ildə İnzibati Kollegiyanın sədrinin qəbuluna çağırıblar. 25.12.2023-cü ildəki qəbuldan 4 gün sonra 29.12.2023-cü ildə kassasiya şikayəti mümkün sayılmadı, indi qəbuldan 1 gün qabaq. Daha heç nə, üç nöqtə…
Məğrur Bədəlsoy
P. S. İnzibati Kollegiyanın sədri Xaqani Məmmədov 02.05.2024-cü ilə qəbuluna çağırdığı 1-ci dərəcəli Qarabağ əlilini qəbul etməkdən imtina edib ki, artıq gecdir, bir gün qabaq Aida Hüseyn “ildırım sürətli” qərardadla şikayəti mümkün saymayıb, qəbulundan imtina edib. Hüquqa baxın, nə şikayət mümkün sayılır, nə qəbul. Qalır Ali Məhkəmə sədrinin qəbulu . O da apreldə dincəlişdə olub, mayda görək hansı bölgədə qəbula, məhkəmə təminatına qadağa qoyacaq.