Partiyanın seçki-təbliğat maşınına isə silahlı hücum oldu
Türkiyədə parlament seçkilərinə qalan vaxt daraldıqca ölkənin siyasi mühitində gərginlik daha da artır. Mayın 23-də axşam saatlarında AKP-nin Adanadan millət vəkilliyinə namizədi Ramazan Demir naməlum şəxslər tərəfindən bıçaqlanıb. Hadisə R.Demirin seçki qərargahında iş başında olduğu vaxt baş verib. Kimlikləri hələ müəyyənləşdirilməyən iki nəfər namizədin qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vuraraq qaçıb. R.Demir yaxınlıqdakı insanların yardımı ilə Adana xəstəxanasına aparılıb. Hadisə ilə bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılsa da, basqınçıların onlar olub-olmadığı hələ açıqlanmır.
Mədəniyyət və Turizm naziri Ömər Çelik «Twitter» hesabından hadisəyə münasibət bildirərək hücumu lənətləyib və Ramazan Dəmirə şəfa diləklərini çatdırıb: «Ramazan qardaşımız üç bıçaq yarası alıb. İnşaallah tezliklə sağalacaq».
Mayın 23-də eyni saatlarda Adıyaman bölgəsində isə AKP-nin seçki-təbliğat maşınına silahlı basqın olub. Məhəllələri gəzən maşına qəfildən bir neçə dəfə atəş açılıb. Basqınçılar avtomobilə minərək gözdən itiblər. Polis ərazidə araşdırma aparandan sonra silahlıların olduğu avtomobili tapıb. İki nəfər şübhəli şəxs qismində saxlanılıb.
Gültəkin