Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Elçibəy haqlıdır: doğrudan da, hər şeyin zamana ehtiyacı var, bəzən adamlara ən adi həqiqətləri anlatmaq, bunları onlara izah etmək və inandırmaq üçün illərcə dönə-dönə, təkrar-təkrar yazırsan, deyirsən, üstəlik, buna görə “xalq düşməni”, “vətən xaini” olursan, bədəlini həbslə, sürgünlə, döyülərək, söyülərək, işsiz qalaraq ödəyirsən, amma elə bir gün gəlir, proseslərin, həyatın, zamanın gedişatı bütün gerçəklikləri çılpaqlığı ilə ortaya qoyur.
Budur, srağagün keçirdiyi iclasda Ilham Əliyev elə beləcə də deyib: “Binalar təmir edilir, müqavilə bağlanmır. Bu, ümumiyyətlə, qəbuledilməzdir. Yaxud sertifikat bir maddəyə verilir, oda davamlılığın artması, materialın yüksək səviyyəli olması üçün hansısa maddələr əlavə edilməlidir, lakin istehsalat zamanı o qatqı əlavə edilmir, beləliklə, o keyfiyyət itirilir… Ona görə də burada hüquq-mühafizə orqanlarının çox geniş iş fəaliyyəti nəzərdə tutulur ki, biz birdəfəlik bu hərc-mərcliyə son qoyaq”.
Halbuki yaptokratlar illərdir təkrarlayıb dururdular ki, ölkədə hərc-mərclik dövrü 92-93-cü illərdə qalıb, əlhəmdülillah, indi Azərbaycanda hər şey qaydasındadır, ölkə güllük-gülüstanlıqdır. Di gəl, məmur özbaşınalığının, idarəetmə yarıtmazlığının məntiqi nəticəsi olan faciəvi bina yanğını kifayət etdi ki, “hərc-mərclik” ifadəsi bəlkə də ilk tam fərqli təyinatla – 22 il əvvəlin yox, bu günün kontekstində işlədilsin.
Əslində ortada qəribə, qeyri-adi heç nə yoxdur. Sistemin mahiyyəti hamıya aydındır. Buna adım kimi əminəm. Hamı bilir ki, AzTV-dəki Azərbaycan real Azərbaycandan 180 dərəcə fərqlənir. Hamı bilir ki, bu rejim yalan və talan üzərində qurulub. Bəli, bəli, istisnasız olaraq hamı bilir! Ən qatı yapçı da bilir! Həqiqətləri ən ustalıqla malalayanlar, qaraya ağ, ağa qara deyənlər də bilir və başa düşür ki, 21-ci əsrdə, təqvim 2015-ci ili göstərərkən bir ölkə bu cür çağdışı, geriçi üsullarla idarə olunmamalıdır. Hüquqlar və azadlıqlar karikaturaya çevrilməməlidir. Əks halda bunun qarşılığı faciədir, qandır, göz yaşıdır, aclıqdır, yoxsulluqdur, özbaşınalıqdır, hərc-mərclikdir.
Heraklit nə deyirdi? Deyirdi ki, “ədalətsizliyin qarşısını yanğından daha tez almaq lazımdır”. Onlarca insanımızın həyatını söndürən bina yanğını bu qədim müdrikliyin hələ də nə qədər aktual səsləndiyini göstərdi. Ölkədə ədalətsiz bir düzən formalaşmasa, o yanğın da olmayacaqdı.
Unutmayın: ədalətsizliyin xirtdəyəcən çıxdığı yerdə hətta təsadüfi ölümlər də qətldir!
Bizdə isə yenə ortada “belə faciələr dünyanın hər yerində ola bilər” deyib yaşanan fəlakətin ağırlığını kiçiltmək istəyən yandaş mirzələr-gürzələr var, onları başa düşürük, korrupsiyadan bəslənirlər, bu faciə onların ağalarının bitib-tükənməyən tamahkarlığının, sərvət ehtirasının məntiqi sonluğudur, belə qeyri-vicdani yanaşma ilə də məhz ağalarının çulunu sudan quru çıxarmağa çalışırlar; amma əmin olun – hətta onlar da qəlbinin dərinliklərində çox yaxşı bilirlər ki, 19 mayda yaşadığımız faciə dünyanın gəlişmiş, hüquqa, demokratiyaya dayalı ölkələri üçün anlaşılmaz, izahedilməzdir. Belə ölkələrdə kiməsə başa sala bilməzsən ki, 14 can kiminsə cibişdanını doldurmasının güdazına gedib. Lap bunun bənzəri onların ölkələrində yaşansa belə, belə sakit, səssiz qarşılanmazdı, yer yerindən oynayardı, hökumətin yarısı istefaya gedər, dəmir barmaqlıqlar ardına göndərilərdi. Bizdə isə hələ də nə Kəmaləddinə toz qondururlar, nə Hacıbalaya, nə yanğının baş verdiyi Binəqədinin yolların kənarında dağlar düzəltməklə məşğul və məşhur olan Xaləddin adlı icra başçısına.
Hətta dünən bir xəbərdə deyilirdi ki, yanmış bina ilə bağlı 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin (“JEK”) rəisi Nizami Orucov həbs edilib, çünki sözügedən binaya həmin “JEK” məsul imiş! Sən bunların “suç keçilərinə” bax, sən allah – “JEK” müdiri! Camaatı da bu qədər dolamaq, ələ salmaq olar?!
Iş başında yapçılardırsa, əlbəttə, olar da, hələ o yana da keçər!..