Hikmət Hacızadə: «Vəziyyəti bu həddə gətirmək düzgün siyasət deyil»
Ölkə başçısı Ilham Əliyevin mayın 21-22-də Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitinə qatılmamasını rəsmi Bakı demarş kimi dəyərləndirir. Halbuki bir neçə gün əvvəl Latviyanın baş naziri Laymdota Strauyuma bəyan etmişdi ki, I.Əliyev Riqa sammitinə qatılacaq. Laymdotanın da bu bəyanatını da rəsmi Bakı təkzib etməmişdi.
Siyasi şərhçilərin fikrincə, I.Əliyevin bu bəyanatı Patruşevin səfərindən bir neçə gün sonra verməsi də maraq doğurur. Belə hesab olunur ki, qərarın qəbul olunmasında Rusiya faktorunun da təsiri ola bilər.
Rəsmi Bakı I.Əliyevin Riqa sammitinə getməməsini Avropa Oyunlarının başlanmasına çox az vaxt qalması ilə əlaqələndirir. Yəni dövlət başçısının qrafiki həddən artıq sıxlaşıb, buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.
Amma bunun səbəb deyil, bəhanə olduğu aydındır. Çünki Avropa liderlərindən Merkelin və Ollandın iştirak edəcəyi tədbirdə I.Əliyevi çətin müzakirələr gözləyirdi. Əliyevlə ötən görüşdə Merkel insan haqları və demokratiya məsələsində tərəflər arasında fikir ayrılığının olduğunu dilə gətirmişdi.
Bundan başqa, hakimiyyət mətbuatında səfərin baş tutmamasının bir səbəbi də açılıb. N.Məmmədovun vasitəsilə AB-ın Bakı ofisinin təmsilçisinə Azərbaycana qarşı aparılan kampaniyanın dayandırılması mesajı çatdırılıb. Yalnız belə olan halda I.Əliyevin Riqaya səfərinin reallaşa biləcəyi söylənilib. Amma bu istiqamətdə razılıq əldə olunmadığından səfər təxirə salınıb.
Politoloq Hikmət Hacızadə bildirdi ki, rəsmilərin də bu istiqamətdə çıxışlarına diqqət yetirmək lazımdır. Rəsmilər bəyan edir ki, dövlət başçısı ona görə Riqaya səfər etməyib ki, orada ona qarşı siyasət yürüdülür: “Amma vəziyyəti bu həddə gətirmək düzgün siyasət deyildi. Avropa Birliyi ilə münasibətləri kəskinləşdirmək, təşkilatdan, ümumiyyətlə, Qərbdən gələn istəklərə etinasız yanaşmaq münasibətləri kritik həddə çatdırıb. Jurnalistləri tutmaq, siyasi azadlıqları məhdudlaşdırmaq yanlış addım idi. Bu siyasəti yürütməkdə davam edəcəksənsə, Riqaya getdin nə fərqi var, getmədin nə fərqi var. Əsas insan hüquqları və demokratiya ilə bağlı yürüdülən siyasətdir”.
Azərbaycanın AB-yə təklif etdiyi sazişin Brüssel tərəfindən qəbul olunub-olunmayacağına gəlincə, H.Hacızadə bildirdi ki, AB əlacsızlıqdan Azərbaycanı tam itirməmək üçün bu sazişə razılıq verə bilər. Amma bu o demək deyil ki, bu sazişlə AB ilə əməkdaşlığı dərinləşdirmək siyasəti tam dayanacaq. “Bu saziş bir keçid xarakter daşıya bilər. Amma Avropa Birliyi Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlıdır”, deyə H.Hacızadə vurğuladı.
Xəyal