Nemət Əliyev: «Ucuzlaşma bankların bu yöndə verdiyi kreditlərin qaytarılmasında problem yaratmayacaq»
Bu ilin martında Bakıda ilkin əmlak bazarında qiymətlər yeddi faiz, təkrar bazarda isə altı faiz ucuzlaşıb. “NBA Consulting Group”un rəhbəri Nüsrət Ibrahimov bu barədə “Azadlıq” radiosuna məlumat verib. Nüsrət Ibrahimov qeyd edib ki, devalvasiya səbəbilə artmış 14 faizdən əlavə, qiymətlər real olaraq 10 faiz də düşəcək. Yəni ilin sonuna qədər bu ilin martındakı qiymətlərin 24 faiz azalması müşahidə olunacaq.
Iqtisadçı-ekspert Nemət Əliyevin açıqlamasına görə banklarda girov qoyulan mənzillər var ki, 25 faiz dəyər itkisindən sonra götürülən kreditlərlə münasibətdə qeyri-bərabər nisbət yaranacaq. Belə olan vəziyyətdə banklara guya dolayısıyla zərər dəyəcəyi ehtimalı səslənir ki, ekspert buna uyğun ölkədə normal bank sisteminin inkişaf etmədiyini vurğulayır. Ekspert söyləyir ki, ölkə banklarının kredit verərkən tələb etdikləri mənzil şəklində olan girovları qiymətləndirərkən daşınmaz əmlak həmişə aşağı həddə dəyərləndirilir:
“Banklar bunun üçün ustalıqla bacaran ”mütəxəssisləri" cəlb edirlər. Bir çox banklar bəzən özləri qiymətləndirmə şirkətlərini açır ki, dolayı şəkildə girov mənzillərin qiymətini dəyərindən 20-30 faiz aşağı göstərsinlər. Girova qoyulan mənzillərin çoxu bu nisbətdədir. Mənzillərin qiyməti 25 faiz ucuzlaşacaqsa, bankların verdikləri kreditlərin geri qaytarılmasında problem olacağını düşünmürəm. Ölkənin mövcud məhkəmə sistemi fonunda girov təminatları olmasa da, vətəndaşların evini yıxmaq hesabına belə olsa, kreditləri onların canından çıxaracaqlar. Bu bir ədalət məsələsidir və onu da çoxdan basdırıblar. Kreditlərlə bağlı problem yaranarsa, o qədər ədalətsiz rıçaqlar və vasitələr var ki, ondan istifadə edəcəklər".
Nigar