"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun qüvvəyə minib. Lent.az-ın məlumatına görə, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2014-cü il 17 oktyabr tarixli Qanununun tətbiqi ilə əlaqədar qəbul edimiş sənəddə bildirilir: "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 18-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.".
2. İkinci hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin (6 saylı Əlavə) blankları müvafiq icra hakimiyyəti orqanından əldə edilir.".
3. Üçüncü-səkkizinci hissələr ləğv edilsin.
Qeyd edək ki, bir neçə gün əvvəl prezident İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib. Dünən isə dəyişikliklər rəsmi qəzetdə çap olunub və qüvvəyə minib.