«Polislər məni təhqir edərək döyməyə başladılar. Onlar məni döyəndə çənəmdən və ayağımdan xəsarət aldım»
Bakı sakini Xəzanə Çələbiyeva Səbail Rayon Polis Idarəsinin 8-ci polis bölməsində qanunsuzluqla üzləşib. O, bu barədə “Azadlıq”a göndərdiyi müraciətdə bildirib. Xəzanə Çələbiyevanın sözlərinə görə, 19 aprel 2015-ci li tarixində Səbail Rayon Polis Idarəsinin 8-ci polis bölməsindən zəng edərək onu bölməyə çağırıblar:
“Polis işçiləri məni qonşuluqda yaşayan Basam adlı xarici ölkə vətəndaşının pulunun oğurlanmasıyla bağlı danışdırdılar. Mən bu barədə xəbərsiz olduğumu dedim. Bu barədə məndən izahat alınsa da bununla razılaşmayıb izahatı cırdılar və özlərinin dediyini yazmağı tələb etdilər. Onlar dedi ki, oğurluğu Ramin adlı tanışımız edib və Ramini oraya pulu oğurlananın qohumu Cihad və bacım göndərib. Ona görə də izahatımda Cihadla bacım Tünzalənin adını göstərməliyəm”.
Xəzanə Çələbiyevanın sözlərinə görə, o, polislərin dediyi ilə razılaşmadığı üçün fiziki və mənəvi işgəncəyə məruz qalıb: “Polislər məni təhqir edərək döyməyə başladılar. Onlar məni döyəndə çənəmdən və ayağımdan xəsarət aldım.
Mənə bildirdilər ki, onların dedikləri kimi izahat verməsəm, üstümə narkotik qoyub məni tutduracaq. Mən də qorxumdan onların dediyi kimi yazdırdıqları izahata qol çəkdim. Polislər məni bölmədə bir otaqda saxladılar və səhəri gün müstəntiqin yanına aparıb ona da yazdığım yalan izahat kimi izahat yazmağı tələb etdilər. Qorxumdan müstəntiqə də eyni yalan izahatı verdim. 20 apreldə bacımın vəkili DIN-ə şikayət edəndən sonra məni bölmədən buraxdılar. Məni təhqir edərək döyən və əsassız olaraq bir gün bölmədə saxlayan polis işçilərinin barəsində qanuni tədbir görülməsini xahiş edirəm".
Xəzanə Çələbiyevanın vəkili Sadiq Əfəndiyev də məsələ barədə “Azadlıq”a danışıb. Vəkilin sözlərinə görə, 2015-ci ilin aprel ayının 18-dən 19-na keçən gecə Xəzanə Çələbiyevanın qonşuluğunda yaşayan Iordaniya Respublikasının vətəndaşı Bassam adlı şəxsin pulu oğurlanıb. Bununla bağlı 19 aprel 2014-cü ildə günorta saatlarındaÿXəzanə Çələbiyeva izahat verməsi üçün 8-ci polis bölməsinə çağrılıb və həmin vaxtdan qanunsuz olaraq polis bölməsində saxlanılıb: “Ilkÿ növbədə bizi maraqlandıran məsələ Xəzanə xanımın taleyi idi. Ona görə də dərhal 8-ci polis bölməsində olub Xəzanə xanımla maraqlandıq. Polis bölməsinin növbətçi hissəsi Xəzanə Çələbiyevanın orada olmasını təsdiq etsə də, mənim onunla görüşməyimə icazə verməyərək vəkil səlahiyyətlərimin həyata keçirilməsinə şərait yaratmadılar. Belə olduqda mən Daxili Işlər Nazirliyinin ”102 xidməti"nə 8-ci polis bölməsinin qanunsuzluqları barədə məlumat verdim və məhz bundan sonra Xəzanə xanım azadlığa buraxıldı. Sonradan Xəzanə xanımla söhbət zamanı məlum oldu ki, o, polis bölməsində qanunsuz saxlanılan zaman polis əməkdaşları tərəfindən mənəvi və fiziki zorakılığa məruz qalıb, bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Bununla bağlı tərtib etdiyimiz şikayət ərizəsi hazırda Səbail rayon prokurorluğunda icraata götürülüb araşdırma aparılır".
Sosial şöbə