Novruz Məmmədovdan ilginc etiraflar: “Bizə elə kütləvi hücum başlayıb ki…”
Prezident Administrasiyası (PA) rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Diasporla Iş üzrə Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 3-cü Qlobal Bakı Forumunda çox kəskin çıxış edib. Çıxışı zamanı cənab Məmmədov bir sıra etiraflarda bulunub. Əslində bu etiraflar son günlər hakimiyyət düşərgəsində yaşananlara aydınlıq gətirmiş olur. Bir daha təsdiqini tapır ki, bir neçə gün əvvəl hakimiyyətin nəzarətində olan mətbuatda Kerriyə qarşı səslənən ittihamlar təsadüfi deyilmiş.
“Bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz”
N. Məmmədov vurğulayıb ki, Azərbaycanın hazırda üzləşdiyi beynəlxalq təzyiqin miqyası olduqca genişdir. “Əlbəttə, bizim nöqsanlarımız da çoxdur. Amma bu nöqsanlara bu cür yanaşmaq olmaz. Hər gün Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Nə üçün belə olmalıdır”, – deyə N. Məmmədov gileyini də bildirib. N.Məmmədov əlavə edib ki, Azərbaycanda demokratiya ilə bağlı problem ola bilər. Amma hakimiyyət təmsilçisi çıxışına iqtidarın ənənəvi tezisləri ilə davam edib: “Əgər Qərb səmimidirsə, nə üçün Azərbaycan ərazilərinin 25 ildən artıq işğal altında olması barədə bir mövqe ortaya qoymurlar. Insan hüquqları pozulursa, başa düşürəm bunu tənqid etmək lazımdır. Amma 25 ildir 1 milyon insanın haqı pozulub, niyə bir dövlət başçısı ortaya prinsipial mövqe qoymur, Qərb bir kəlmə demir. Bu gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhrandır. Ədalət yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizimçün”.
Azərbaycanın hazırda üzləşdiyi beynəlxalq təzyiqə toxunan N.Məmmədov deyib ki, qədim yunanlarda olimpiada vaxtı düşmənçiliklər dayanardı: “Amma Azərbaycanda keçiriləcək Avropa oyunları ərəfəsində bizə elə kütləvi hücum başlayıb ki, biz bunu təsəvvür edə bilmirik. Bəlkə olimpiada bitərdi, sonra başlayardılar. Biz bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz”.
PA rəsmisi 2012-ci ildə “Avrovizion” ərəfəsində də eyni basqıların olduğunu deyib.
N.Məmmədov çıxışında Qərbin bir sıra “məxfi” planlarına da aydınlıq gətirməyi nutmayıb. PA rəsmisinə görə, Qərb Azərbaycandan ikinci Liviya və Suriya düzəltmək istəyir: “Gördüyümüz odur ki, sanki Azərbaycandan Liviya, Suriya kimi ölkə düzəltmək istəyirlər. Amma bu mümkün olmayacaq”.
N. Məmmədovun bu fikirlərindən əvvəl hakimiyyətyönlü mediada ABŞ dövlət katibi Con Kerri Azərbaycanda dövlət çevrilişi planlaşdırmaqda ittiham edilmişdi. Bir gün sonra N.Məmmədovun “bildiklərimizin hamısını desək heyərətə gələrsiniz” deyərək ictimai rəydə şok yaratmaq istəyi Əliyev hakimiyyəti ilə Ağ Ev arasında münasibətlərin göründüyündən də pis olduğu qənaətini yaradır. Hakimiyyət Avropa Yay Oyunları ərəfəsində belə bir situasiya ilə üzləşmək istəməzdi təbii ki. Axı bu yarışma həm də Orta Asiyanın diktatorlarından seçilməyən Əliyev üçün “avropalı, demokrat rəhbər” imici formalaşdırmaq məqsədi daşıyır. Qərblə toqquşma bu imicin formalaşdırılmasına ciddi zərbə vura bilər. Amma bu arzuolunmaz situasiyanı elə Azərbaycan hakimiyyəti özü yaradıb. ABŞ-ın demokratiya çağırışlarına sərt təpki verməklə münasibətləri gərginləşdirib.
Bu azmış kimi Avropa da Əliyev başağrısına çevrilib. Fransa prezidenti Fransua Ollandın səfərindən dərhal sonra bu ölkənin nüfuzlu dərgisi “Le Mond” Azərbaycan hakimiyyətini sərt tənqid edən iki məqalə yayımlayıb. Bunun təsadüf olmasına inanmaq çətindir. Görünür, Əliyev Ollandın mesajlarına əhəmiyyətsiz yanaşıb. Yeri gəlmişkən, elə iqtidaryönlü mətbuat bu görüş barədə yazarkən Ilham Əliyevin siyasi məhbus Leyla Yunusun azadlığa buraxılması barədə Ollandın təklifinə “yox” deməsi qeyd edilirdi. Beləliklə, hakimiyyət artıq beynəlxalq təcridlə üz-üzədir və bunu etiraf etməkdən başqa çıxış yolu görmür.
Hakimiyyət gözlənilməz situasiya ilə qarşılaşıb
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da N.Məmmədovun fikirlərini şərh edərkən bildirib ki, PA rəsmisinin fikirləri hakimiyyətin yürütdüyü siyasət üzündən beynəlxalq təcridə məruz qalmasının etirafıdır. Bu üzdən də bu gün Azərbaycan Qərbin demokratiya, insan haqları ilə bağlı ciddi basqısı altındadır: “Hakimiyyət bu reallığı dünənə qədər danır, beynəlxalq aləmdən gələn təzyiqləri ayrı-ayrı dairələrin, erməni lobbisinin fəaliyyətinin nəticəsi kimi təqdim etməyə çalışırdı. Amma hazırda münasibətlər elə bir səviyyəyə çatıb ki, hakimiyyət indiyə qədər verilən bəyanatlar boş olduğunu və hakimiyyətin yürütdüyü siyasətə görə dünyada mənfi imicə sahib olduğunu etiraf etmək məcburiyyətində qalır. Məhz bu imicə görə də ciddi beynəlxalq təzyiqlərlə üzləşib”.
F. Qəhrəmanlı bildirib ki, N. Məmmədovun söylədikləri həm də hakimiyyətin pərt vəziyyətə düşdüyünün göstəricisidir. Çünki Avropa Oyunlarının keçirilməsinə böyük vəsait sərf olunub: “Hakimiyyət Avropa Oyunlarının keçirilməsinə imicinin yaxşılaşdırılması vasitəsi kimi baxırdı. Amma hazırda aydın olur ki, bütün bu cəhdlər boşunadır. Novruz Məmmədovun etiraf etdiyi kimi Azərbaycan ciddi təzyiqlər, basqılar altındadır. Novruz Məmmdov deyir ki, heç olmasa gözləyərdilər Avropa Oyunları başa çataydı daha sonra insan haqları gündəmə gələrdi. Bu onu göstərir ki, hakimiyyətin ortaya qoyduğu məqsəd artıq ifalasa uğrayıb. Çünki Avropa Oyunları Azərbaycandakı demokratiya problemlərinə, insan hüquqlarının vəziyyətinə, korrupsiyaya diqqəti cəlb edir. Nəinki Avropa Oyunları zamanı, hətta oyunlara xeyli qalmış artıq bəlli olur ki, Azərbaycandakı mənfi məqamlarla bağlı tənqidlər kəskinləşir. Novruz Məmmədovun ”biz çox şeyləri demirik, desək heyrətə gələrsiz" deməsi o anlama gəlir ki, hakimiyyət elə bir gözlənilməz situasiya ilə qarşılaşıb ki, ciddi narahatlıq keçirir".
Dünya ilə bu cür qarşıdurmaya getməyin hakimiyyətə yaxşı heç nə vəd etmədiyini deyən F.Qəhrəmanlı əlavə edib ki, yaranmış problemi həll etməyin yolu çox sadədir. Sadəcə olaraq tənqid olunan məqamlarla bağlı ölkə daxilində addımlar atılmalıdır: “Hakimiyyətin ondan istənilənləri reallaşdırmadığı, rəngləri daha da tündləşdirdiyi şəraitdə tənqidlərin ritorikası daha da sərtləşəcək. Artıq görünən odur ki, Azərbaycan hakimiyyəti ölkəni beynəlxalq səviyyədə təcridə aparır”.
Hikmət