Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, aprelin 25-də saat 23 radələrində Səbail rayonu, Neftçilər prospekti 145-in qarşısında naməlum sürücünün idarə etdiyi “Hyundai-Elantra” markalı avtomobillə təxminən 30-35 yaşlarında 2 naməlum qadın vurulub. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb, digərinin vəziyyəti orta-ağırdır.
Avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən Zığ yolu küçəsində saxlanılıb, lakin sürücü avtomobildən düşərək qaçıb.
İlkin araşdırmalardan sonra avtomobilin 1985-ci il təvəllüdlü Canəli Xanməmmədova məxsus olması müəyyən edilib. Hadisə baş verərkən sükan arxasında kimin olması, eləcə də vurulan piyadaların kimliyi məlum deyil.
Qeyd edək ki, avtomobilin vurduğu qadınların prospektlə bulvar istiqamətinə keçmək istədiyi bildirilir.