İşdən çıxarıldığını deyən şikayətçinin səsini eşidən yoxdur
Bakının Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov 13, mənzil 14-də yaşayan Əliağa Hüseynov “Azadlıq”a məktub göndərib. Məktubda deyilir: “20 dekabr 2011-ci ildən 01 dekabr 2014-cü ilədək Azərbaycan Dəmir Yolları QSC-i Yükdaşımaları Departamenti Xırdalan stansiyasında yük kontorunun rəisi vəzifəsində işləmişəm. 28 noyabr 2014-cü ildə ”ADU" QSC Daxili Audit Şöbəsinin auditoru Müzəffər Əsədov və Xırdalan stansiyasına 3 gün əvvəl təyin olunan rəis Vüsal Eminov iş otağıma gələrək məndə olan ciddi hesab blanklarını təhvil verməyimi tələb ediblər.
Bu barədə onlardan soruşanda isə belə bir tapşırıq verildiyini və işdən çıxmaq barədə ərizə yazmağımı söylədilər. Onlar heç bir əsas göstərmədən otaqda olan ciddi hesab blanklarını aktlaşdırıb təhvil verməyim üçün mənə imza atmağı dedilər. Işdən çıxmağımı kimin istədiyini soruşanda dedilər ki, bu, nazir Ziya Məmmədovun tapşırığıdır. Bundan sonra akta imza etdim. 01 dekabr 2014-ci il tarixdə işdən çıxmağım üçün ərizəni də yazıb verdim.
Təhvil-təslim aktının nəyin əsasında, kimin tapşırığıyla, ərizəm və ya QSC-nin əmri əsasında suallara səbəb göstərilmədən akt yazılıb və ciddi hesab blankları məndən alınıb.
Işdən çıxmaq barədə ərizə verəndən iki gün sonra əvvəlki ərizəmi etibarsız sayıb işimdə qalmaq üçün ərizəylə rəis Vüsal Eminova müraciət etdim. O ərizəmi alaraq işimə davam etməyimi söylədi. Dekabrın 15-nə qədər işlədim və bu müddətdə 122 ədəd xidmətə görə yığım qəbzi yazıb 28 min 859 manat 37 qəpik pul qəbul etmişəm. 2015-ci ilin yanvarın 10-na kimi stansiya rəisi Vüsal Eminovun göstərişiylə əmrsiz işlədim. Mənə dedi ki, sənə kassada başqa iş verəcəyəm. 01 dekabr 2014-cü ildən işdən azad olunmuşdumsa, 01-15 dekabr 2014-cü il tarixə kimi kassaya aid olan bütün sənədləri, kassa mədaxil orderlərini, həmin dövrün yaddaş vərəqələrinin hesablanmasını, yük alan və göndərən təşkilatlarla hesablaşmaların aparılmasını mənə hansı səlahiyyətlərlə etibar etmişdilər?
QSC Yükdaşıma Departamentinin rəisi Əşrəf Məmədov və Xırdalan stansiyasının rəisi Vüsal Eminovun işdən çıxmağım üçün nazir Ziya Məmmədovun adından istifadə edərək məndən məcburi ərizə almaları Konstitusiya, Əmək Məcəlləsi və dövlət başçısı Ilham Əliyevin dediklərinə ziddir. Əşrəf Məmmədov 2014-cü ilin noyabrında bir həftə ərzində heç bir əsas olmadan 8 nəfərin işdən çıxması üçün ərizəsini məcburi şəkildə alaraq əmək müqavilələrinə xitam verib. Həmin adamlar bugünədək işsiz qalıb. Prezidentdən tutmuş əksər qurumlara etdiyim müraciətlər nəticəsiz qalıb. Işdən çıxmağım üçün məndən məcburi ərizə alan və ərizələrimi cavabsız qoyan şəxslərin cəzalandırılmasını, barəmdə verilən qanunsuz əmrin ləğv edilərək işimə bərpa olunmağımı xahiş edirəm".
Sosial şöbə