«Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru, keçmiş «vicdan məhbusu» Elşən Həsənovun ölkədən çıxmasına qadağa qoyulub.
Bunu AzadlıqRadiosunaonun özü bildirib.
Elşən Həsənov deyir ki, aprelin 13-də səhər tezdən İrana getmək üçün avtobusa minib:
«Meşədə ziyarətə gedən qrupa qoşulmuşdum. Biləsuvar keçid məntəqəsində bütün qrupu buraxdılar, məni buraxmadılar, dedilər ki, pasportun ilə bağlı problem var. Sonra dedilər ki, Ədliyyə Nazirliyi ölkədən çıxmağıma qadağa qoyub. Məni bir otağa saldılar, utanıram da deməyə, alt paltarına qədər soyundurdular, 10-15 dəqiqə soyuq otaqda məni beləcə saxladılar. Sonra içəri bir nəfər girdi, dedi ki, sizi taniyaram, prezidentin sinif yoldaşısınız. O biri əməkdaşlara dedi, adam sərhəd keçməyib ki, onu belə yoxlayırsınız. Bundan sonra məni rahat buraxdılar».
Elşən Həsənov deyir ki, 2012-ci ildə azadlığa çıxandan sonra Gürcüstana gedib-gəlib: «Ölkədən çıxmağıma heç bir problem olmayıb.сSərhəddə mənə dedilər ki, 2012-ci ildə Bakının Sabunçu rayon Məhkəməsi ölkədən çıxmağıma qadağa qoyub. Halbuki mən həmin vaxt Gürcüstana gedib-gəlmişəm».
O, ölkədən çıxmasına qoyulan qadağa ilə bağlı məhkəməyə şikayət edəcəyini deyir.
Elşən Həsənov 2011-ci ildə İctimai Palatanın keçirdiyi 2 aprel mitinqində saxlanıb, 2 il azadlıqdan məhrum edilmişdi.
Beynəlxalq hüquq müdafiə təşkilatları onu vicdan məhbusu saymışdı.