Qazax rayon Daş Salahlı kənd sakinləri dövlət başçısı İlham Əliyevə müraciət məktubu ünvanlayıblar. Müraciətə səbəb kəndin mərkəzi yolunun yarasız hala düşməsidir. Bu barədə redaksiyamıza adıçəkilən kənddən bildirilib. Sakinlər dövlət başçısından sözügedən yolun yenidən bərpasını xahiş edirlər. Müraciətin mətnini təqdim edirik: "Sizə bildirmək istəyirik ki, yaşadığımız kənddə yolların vəziyyəti dözülməz hala düşüb. Əhalisin sayı 10 min nəfərə yaxın olan bu kəndin şəhid Fidat Məmmədov adına mərkəzi küçəsi müstəqillikdən əvvəlki dönəmdə çəkilib. Hazırda isə asfalt örtük tamamilə dağılaraq sıradan çıxıb və yoldan istifadə mümkünsüz hala gəlib. Doğrudur, kənd rəhbərliyi yolların təmiri məqsədilə müxtəlif tədbirlər (çınqıl örtüklə üzlənməsi) görsə də, bu addımlar heç bir müsbət effekt vermir və qısa müddətdə öz faydasını itirir. Çünki, yollarda suyun çəkilməsi üçün hər hansı iş aparılmır və nəticədə yol yenə əvvəlki çala-çuxurlu vəziyyətinə düşür. Biz,kənd sakinləri xüsusilə də, nəqliyyat vasitələrinə sahib olanlar mövcud vəziyyətdən olduqca əziyyət çəkirik. Sosial-iqtisadi durumumuz isə məlum halı ortadan qaldırmağa imkan vermir. Bu ağır problemi nəzərinizə çatdırıb, Sizdən artıq dərəcədə xahiş edirik ki, məsələnin həlli istiqamətində əlaqədar qurumlara göstəriş verəsiniz".
Qeyd edək ki, məktubun sürəti Qazax rayonu İcra Hakimiyyətinə və Daş Salahlı icra nümayəndəliyinə də təqdim olunacaq.
Onu da əlavə edək ki, artıq məsələyə dair kənd sakinlərinin imza toplama kampaniyasına start verilib. Sakinlərin kütləvi şəkildə qatıldığı kampaniyanın qısa müddətdə başa çatacağı gözlənilir.
İnformasiya şöbəsi