Bu səbəbdən jurnalistin işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsində sabaha təyin olunan iclas baş tutmayacaq
Sabah Sumqayıt Apelyasiya Məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı, eləcə də “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə məhkəmə prosesi davam etdirilməlidir. Lakin çox güman ki, məhkəmə iclası baş tutmayacaq. Çünki apellyasiya şikayəti üzrə ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Bu barədə “Azadlıq”a Seymur Həzinin vəkili Adil Ismayılov məlumat verib.
Qeyd edək ki, martın 31-də keçirilən ilkin baxış iclasında Adil Ismayılov vəsatət qaldıraraq, prosesin məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) keçirilməsini istəmişdi. Lakin Nazim Mövsümovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti təmin etməyib və prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsinə qərar verilib. Bu, ilkin baxış iclasının qərarında da öz əksini tapıb. Bu səbəbdən də vəkil ilkin baxışın qərarından kassasiya şikayəti verib. Adil Ismayılov bildirib ki, artıq şikayət Ali Məhkəməyə təqdim olunub.
Ali Məhkəmə sözügedən şikayətə baxıb, onunla bağlı müvafiq qərar verənə qədər apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilə bilməz. Bu səbəbdən Ali Məhkəmə qərar verənə qədər Sumqayıt Apelyasiya Məhkəməsində proses təxirə salınacaq.
Xatırladaq ki, Seymur Həzi ötən il avqustun 29-da həbs olunub. O, Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxıb işə gələrkən dayanacaq yaxınlığında Məhərrəm Həsənov adlı bir nəfər yaxınlaşıb və “facebook”da ona yazdıqlarına niyə cavab vermədiyini soruşub, daha sonra onu vurmağa başlayıb. Bu zaman o, özünü qorumaq məqsədilə əlindəki butılka ilə həmin şəxsi vurub. Elə hadisə yerinin yaxınlığında olan polislər Seymur Həzini dərhal saxlayaraq, Abşeron Rayon Polis Şöbəsinə aparıb. Bu il yanvarın 28-də isə Abşeron Rayon Məhkəməsində Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb. Jurnalistin vəkili həmin hökmdən apellyasiya şikayəti verib.
Qeyd edək ki, yerli və beynəlxalq ictimaiyyət Seymur Həzinin hökuməti tənqid edən məqalə və çıxışlarına görə həbs olunduğu qənaətindədir. Onun həbsinə səbəb olan hadisə isə təxribat kimi qiymətləndirilir. Yeri gəlmişkən, Abşeron Rayon Məhkəməsində prosesin gedişi də bunu bir daha sübut etdi. Məlum oldu ki, sosial şəbəkədə mesajlarının cavabsız qalmasından şikayətlənən Məhərrəm Həsənovun ümumiyyətlə, “facebook”dan anlayışı yoxdur.
Aytən