Avropa Yenidənqurma və Inkişaf Bankının araşdırmasına görə, Azərbaycanda biznes mühiti acınacaqlı durumdadır
Azərbaycanda dövlət qeydiyyatından keçməyərək fəaliyyət göstərən şirkətlərin bazarda payı 40,7%-dən 18,4%-dək düşüb.
Bu barədə Avropa Yenidənqurma və Inkişaf Bankının (EBRD) biznes mühiti və müəssisələrin fəaliyyəti ilə bağlı apardığı araşdırmada (Business Environment and Enterprise Performance Survey (BEEPS)) qeyd edilib.
Araşdırmanın müəllifləri hesab edir ki, Azərbaycan bu irəliləyişə 2009-cu ildən etibarən nail olub. Həmin dövrdən etibarən ölkəmizdə biznes qurmaq şərtləri xeyli yüngülləşib.
Bankın analitikləri hesab edir ki, Azərbaycandakı sahibkarlıq subyektlərinin ən böyük problemlərindən biri maliyyə mənbələrinə çıxış imkanlarının məhdud olmasıdır. Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yalnız 14,6%-i üçün kredit əlçatan olub. Avropalı bankirlərin fikrincə, bu, olduqca aşağı göstəricidir.
Sənəddə qeyd olunur ki, sahibkarlıq subyektlərinin təxminən 65%-i kredit cəlb etmək üçün müraciət etsə də, mənfi cavab eşitməli olub.
Sahibkarlıq subyektlərinin fəaliyyətinə ən böyük maneələrdən biri də torpağa çıxışın məhdud olmasıdır. Lakin bu istiqamətdə də irəliləyiş nəzərə çarpır.
EBRD mütəxəssislərinin apardığı araşdırma göstərir ki, Azərbaycan korrupsiya ilə mübarizədə xeyli nailiyyətlər əldə edib. Bankirlər bunu müvafiq qanunvericilik aktlarının qəbulu ilə izah edir.
Iqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, Azərbaycan şəraitində kreditlərin verilməsində müəyyən subyektiv faktorlar nəzərə alınmalıdır. Bura həm son zamanlar maliyyə resurslarının çatışmamazlığını da aid etmək olar: “Ümumiyyətlə, kreditlərin götürülməsi zamanı çox vaxt girov problemi meydana çıxır. Bir çox sahibkarlar uzunmüddətli krediti girovsuz ala bilmir. Burada bir neçə amil nəzərə alınmalıdır. Amma bankların müəyyən dərəcədə ayrı-seçkilik qoyması da qeyd edilməlidir. Kredit alan sahibkarları araşdırsaq görərik ki, onların əksəriyyəti bankların elə öz adamlarıdır”.
Xəyal