Arif Əliyev: «Tənqidçi xarici jurnalistlər ölkəyə buraxılmazsa, bunu gizlətmək, üstündən sakit keçmək mümkün olmayacaq»
Azərbaycan Xarici Işlər Nazirliyinin (XIN) Kollegiyası bu il martın 18-də “Azərbaycanda xarici kütləvi informasiya vasitələri (KIV) nümayəndələrinin akkreditəsi Qaydaları”nı təsdiqləyiib. Sənəd aprelin 4-də qüvvəyə minib.
Sənədə görə, qaydalar Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici KIV-lərin müxbir və operatorlarına tətbiq edilir. Xarici KIV nümayəndələrinin akkreditəsi “KIV haqqında” Azərbaycan qanunu, müvafiq dövlətlərarası müqavilələr və bu qaydalar ilə tənzimlənir.
Amma tələb olunan kriterilərdən bir neçəsi xaricə səfər etmək istəyən tənqidçi beynəlxalq jurnalistlərə problem yarada bilər. Çünki yarışlar vaxtı Azərbaycana diqqətin böyük olacağı şübhə doğurmur. Ölkəmiz bu dönəmdə eyni zamanda insan haqları, demokratiyanın durumu ilə də bağlı gündəmə gələcək. Məhz belə bir məqamda Azərbaycandakı qüsurları olduğu kimi göstərə biləcək qələm sahiblərinin ölkəmizdə olması arzulanan deyil.
Xarici KIV nümayəndələrinin akkreditəsi barədə müraciətə 30 gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici KIV nümayəndələrinə akkreditə kartı verilir.
Qaydalara görə, Xarici Işlər Nazirliyi xarici KIV nümayəndələrinin akkreditəsindən aşağıdakı hallarda imtina edə bilər:
– xarici KIV nümayəndələri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə XIN-in razılığı olmadan səfər etdikdə;
– xarici KIV nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.
Məzmunundan da göründüyü son məqam hökumət tərəfindən istənilən yöndə yozula bilər.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, şərtlərdən biri Qarabağa razılaşdırılmamış şəkildə səfər etmiş xarici jurnalistlərin Azərbaycana buraxılmamasına xidmət edir. Amma digər bir şərt istənilən istiqamətdə yozula və xarici KIV təmsilçisinin ölkəmizə buraxılmasının qarşısını ala bilər: “Bu maddələrin digər məqsədlərə istifadə oluna biləcəyinə gəlincə, əlbəttə, bu baş verə bilər. Istənilən halda iynə də silah ola bilər. Bu maddələrin tənqidçi jurnalistlərin Azərbaycana buraxılmaması üçün istifadə olunacağını indidən söyləmək olmaz. Amma belə bir fakt olarsa, nəzərə almaq lazımdır ki, Azərbaycanda keçiriləcək Ilk Avropa Oyunlarına həm ölkə daxilində, həm də xaricdə böyük maraq var. Ona görə belə faktlar üzə çıxacağı təqdirdə onu gizlətmək, üstündən sakit keçmək mümkün olmayacaq”.
Xəyal