Eynulla Fətullayev: «Qürurumuzu, hürriyyətimizi, dəyanətimizi saxladığımıza görə həm də Sizə borcluyuq»
Çox hörmətli cənab Soros!
Sizə müraciət edən həyatının son 4 ilini baxışlarına və fəlsəfi dünyagörüşünə görə qəddar və feodal orta əsrlik zindanda keçirmiş bir Azərbaycan jurnalistidir. Mən yenicə həbsdən çıxmışam. Əlbəttə, XXI əsrdə əqidəsinə görə həbsə salınan insanın faciəsi Sizə qəribə görünə bilər, çünki Sizin xidmət etdiyiniz açıq cəmiyyətdə dəyərli insan həyatının siyasi acgözlük naminə qurban gətirilməsi ehtimalı belə dəhşətli görünə bilər. Lakin qapalı cəmiyyətlərdə insan həyatının siyasi acgözlüyə qurban verilməsi adi bir normadır. Sizə yazdığım dəqiqələrdə hələ də unuda bilmədiyim düşərgənin acı xıltının təsiri altındayam.
Mənim yaşadığım məkanda zaman qeybə çəkilmişdi, orada günəş doğmurdu, qürub üçünÿdə çox darıxırdıq. Baxmayaraq ki, həyatımız qüruba çox bənzəyirdi. Öz kiçik şəxsi faciələrini yaşayan insanların əhatəsinə düşən, lakin yalnız cəmiyyətin iztirablarından sarsılan bir azərbaycanlı jurnalistin suçu yalnız və yalnız müqəddəs ümumbəşəri dəyərə çevrilmiş ifadə azadlığı hüququndan bəhrələnməsi idi. Ifadə azadlığının və dinc mübarizə üsullarının hökumətimizə təhlükə törədəcəyini zənn etməzdim. Fəqət, bəlkə də etsəydim belə, müqəddəs Avropa dəyərlərindən imtina etməzdim. Məhz ifadə azadlığı hüququndan bəhrələndiyim üçün Azərbaycan hökuməti məni dalbadal 4 dəfə məhkum etdi, azadlığımı əlimdən aldı, məni üst-üstə 15,6 il müddətə həbsə layiq gördü. Bu illər ərzində mənimlə yanaşı yaşlı valideynlərim, yaxınlarım, dostlarım əzablı həyata məhkum edildi. Biz həyat və azadlıq uğrunda mübarizəyə çəkildik. Və əzabla dolu bu illərdə beynəlxalq ictimaiyyət, həqiqət carçıları, Avropanın demokratiya məbədləri bizimlə həmrəy oldu. Avropa Insan Haqları Məhkəməsinin 2 qərarı, Avropa Şurası Nazirlər Komitəsinin 2 qərarı, AŞ Parlament Assambleyasının saysız-hesabsız qərarları mənim azadlığa buraxılmağım haqda tələbləri təsbit, dünya liderlərinin çağırışları hökumətimizin diqqətini cəlb, nüfuzlu beynəlxalq təşkilatlarının aramsız bəyanatları ölkə rəhbərliyini narahat etsə də fəqət, uzun illər ərzində məni azadlığa buraxmaqdan çəkinib imtina edirdilər. Lakin dünya birliyi yorulmadan nəticəyə qədər mübarizə apardı. Budur, artıq mən azadlıqdayam.
Bu qələbə sevincində Sizin və əsası qoyduğunuz fondların payı çox böyük olub. Mən həbsdə olduğum illərdə Sizin fond mənə və ailəmizə böyük maliyyə yardımları edib. Qürurumuzu, hürriyyətimizi, dəyanətimizi saxladığımıza görə həm də Sizə borcluyuq. Eyni zamanda məhz Sizin dəstəyinizlə fəaliyyət göstərənÿAçıq Cəmiyyət Institutu-YardımÿFondunun KIV/Ifadə azadlığı proqramının və Jurnalistlərin Müdafiəsi və Söz Azadlığı Fondununÿmülki və sosial hüquqlarımın müdafiəsində müstəsna xidmətlərə var. Müdafiəm uğrunda vüsət almış beynəlxalq kampaniyanın avanqardında təmsil olunmuş beynəlxalq qeyri-hökumət təşkilatlarının geniş koalisiyasının ifadə azadlığı qurbanları ilə bağlı strategiyası da məhz Sizin fondun təşəbbüsü ilə ötən ilin sentyabrında Bakıda keçirilmiş forumda işlənib hazırlanmışdı.
Bir sözlə, Tanrı Sizə yar olsun. Tanrı – güc deyil, Tanrı – həqiqətdir, həqiqət isə Tanrıdır. Həqiqət və səmimiyyət, mərhəmət yolu… Sizin qət etdiyiniz yol…
Sizi bağrıma basıram!
Dərin ehtiramla,
Eynulla Fətullayev, Beynəlxalq Pen Klubun fəxri üzvü