YAP İctimai Palata ilə görüşən böyük dövlətlərin səfirlərini aşağıladı
Ictimai Palata hakimiyyət və Qərb diplomatlarının sərt polemikasına səbəb oldu. Qərb ölkələrinin diplomatlarının Ictimai Palatanın rəhbərliyilə görüşünə ilk reaksiya hakim partiyanın ikinci şəxsindən gəldi. YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı diplomatik korpusu eyhamla təhqir etməkdən və təmsil etdikləri dövlətləri aşağılamaqdan belə çəkinmədi.
YAP yetkilisi görüşə belə reaksiya verib: “Heç bir ictimai dayağı və rəsmi qeydiyyatı olmayan sadəcə adı olan bir qurumla böyük-böyük dövlətlərin səfirləri görüşür və bu görüşü də ictimailəşdirib, onun ətrafında hay-küy yaratmaq istəyirlər. Mənə elə gəlir ki, imici olan və dövlətinin siyasi imicini qoruyan səfir həmin Ictimai Palatada görüşməzdi”.
Mübariz Qurbanlının böyük siyasi həyəcanını ört-basdır edə bilmədiyi aydın görünür. Indi gəlin ayırd edək, görək ki, bu, Qərb ölkələrinə yalvarmaqdır, yoxsa onlara hücumdur?
YAP danışanı girişini yalvarmaq üzərində qurur. “Böyük dövlətlər” deyimi ilə gücü etiraf edir. Sonra da bu böyük dövlətlərin böyük səfirlərinə deyir ki, “siz özünüzün və dövlətinizin imicini düşünürsünüzsə, bu qeydiyyatı olmayan təşkilatla görüşməyin”. Amma nədənsə Mübariz Qurbanlı anlamır ki, siyasi güc möhürdən, ştampdan ibarət deyil. Nə də siyasi liderliyin başlıca keyfiyyəti Dubayda villalarının olması deyil. Siyasət böyük və ciddi adamların, təsisatların işidir. Ofsaydda qalanlar isə bu vəziyyətləri barədə düşünmək bir tərəfə, gözü çıxmış qardaşlarına bələ baxmaq, ibrət götürmək fikrində deyillər.
Imic məsələsilə bağlı bir qeyd də pis olmazdı. Ingiltərənin keçmiş baş naziri Toni Bleyer Azərbaycana gəlmişdi. Öz ölkəsinə qayıdandan sonra ona bir divan tutdular ki, buradakı məruzədən aldığı qonorarı geri qaytarmalı oldu. Dünyanın böyük dövlətlərində (Mübariz Qurbanlı onları yaxşı tanıyır) Ilham Əliyevlə görüşmək qeyri-rəsmi şəkildə plandan çıxarılıb. Xüsusilə də həmin ölkələrdə seçki gözlənilirsə… Çünki kim seçkiqabağı Ilham Əliyevlə görüşsə, öz ölkəsində ictimai qınağa tuş gəlir və səs itirir. Məsələn, sonuncu belə fakt kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu ilin yanvarında Azərbaycana planlaşdırılan səfərinin seçkidən sonraya qədər təxirə salınmasını göstərmək olar. Indi biz neyləyək ki, bu imiclə Azərbaycan hakimiyyəti ancaq postsovet ölkələrinin diktatorları ilə görüşə bilir?
Hələ “Qoşulmayanlar Bloku”na qoşulmağına da baş qoşmuruq. Bəs bu böyük dövlətlər orada varmı, hörmətli Mübariz Qurbanlı?
Bunu da o deyib: “Arxasında heç bir ictimai dayağın olmadığı bir qurumun nümayəndələri ilə görüşməklə səfirlər özlərini gülünc vəziyyətə salmış olurlar”.
Mübariz Qurbanlı yəqin ki, bu ifadələrinə görə xeyli danlaq sahibi olacaq. Çünki belə səhvlər cəzasız qalmır. Həmin böyük dövlətlər bu zarafata cavab verərlər.
Brayza cavab verdi…
ABŞ səfiri Metyu Brayza isə deyib ki, ölkədə siyasətlə məşğul olan qüvvələrlə görüşüb danışmaq diplomatların vəzifəsidir: “Diplomatların vəzifəsidir ki, istənilən siyasi qrupa mənsub olan insanlarla görüşsünlər. Əgər biz demokratiyadan danışırıqsa, siyasətlə məşğul olan hər kəslə görüşməli, onları dinləməliyik. Amma dinləməyimiz o demək deyil ki, biz onlarla razılaşırıq”.
Bu da Mübariz Qurbanlıya rəsmi cavab…
Bir sual isə məndən: Benqazidə fəaliyyət göstərən, Yəməndə hökumət qurmağa hazırlaşan qüvvələrin qeydiyyatı varmı, görəsən?
Bilirsiniz niyə soruşdum? Axı ABŞ, Ingiltərə, Fransa kimi böyük dövlətlərin nazirləri bu qüvvələrlə görüşlər keçirir, siyasət planlaşdırırlar…
Seymur Həzi