Qalibi 2 il əvvəl bilinən bahalı tenderi ARDNŞ necə keçirdi və xərclər niyə böyükdür?
Şahvələd Çobanoğlu
ARDNŞ-in yeni inzibati binasının – SOCAR TOWERS-in şöhrəti böyük, görünüşü isə gözəldir. Onun təməlqoyma mərasimi də böyük təntənə ilə keçirildi, prezident Ilham Əliyev və ARDNŞ prezidenti Rövnəq Abdullayev bu bina haqqında fəxrlə danışdılar. Bina hələ hazır olmasa da, üstəlik, tikintinin gedişi ilə bağlı heç kimə heç bir “sirr” verilməsə də, onun layihəsini hazırlayan “Heerim Architects & Planners Co. Ltd” şirkətinin (Koreya) təqdim etdiyi eskizdən bu göydələn kifayət qədər yaraşıqlı görünür. Rəsmi açıqlamalardan bilinən odur ki, 200 metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ərazisi ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Bəzən 2000, bəzən də 2200 nəfərin burada işləyə biləcəyi deyilir. Binada istifadə sahəsi 100 min kvadratmetrdir, orada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək, yeraltı və yerüstü avtomobil dayanacaqları olacaq.
Amma binanın başa gələcəyi xərcin miqdarı da az şey demir. Bu vəsait 235 milyon dollar, başqa sözlə, 185 milyon manatdır. Necə deyərlər, kifayət qədər böyük, şöhrətli və gözəgəlimli bir məbləğdir. Dövlət büdcəmizin, az qala 2 faizini təşkil edir. Adətən, bizim hökumət rəsmiləri gəlir və xərclərimizi Ermənistanın xərc və gəlirləri ilə müqayisə etməyi sevir, 235 milyon dollar bu mənada Ermənistan büdcəsinin ondan birini edir. Lakin biz müqayisə üçün öz büdcəmizə üz tutaq. 2011-ci il dövlət büdcəmizdə iri şəhərlərin xərcləri aşağıdakı kimi göstərilib (milyon manatla): Sumqayıt – 60, Gəncə 54, Şəki 31, Lənkəran 30. Büdcədə paytaxt Bakının xərcləri ayrıca göstərilmir, amma yuxarıda sadalanan digər 4 iri şəhərin 1 illik xərci 175 milyon manatdır, yəni bizim haqqında danışdığımız binanın xərcindən 10 milyon manat az. Bu binanın xərci büdcəmizdə ali təhsilə ayrılan xərclərdən təxminən 2 dəfə çoxdur. Onu da yada salaq ki, Səhiyyənin Inkişafı barədə 5 illik Dövlət Proqramı çərçivəsində son 5 il ərzində cəmi 200 milyon manat xərclənib, təxminən SOCAR TOWERS-in xərci qədər. Bir sözlə, binanın tikintisi sıradan bir layihə deyil. Iqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, bu qiymətə inzibati bina tikmək indiki Azərbaycan reallığında, hətta fantastik sayıla bilər.
Bəlkə elə bu səbəbdən də ictimaiyyət arasında müəyyən suallar ilk gündən, yəni bina ilə bağlı ilk xəbərin yayıldığı andan səslənməyə başladı.
– Bir bina üçün bu məbləğ çox deyilmi?
– Bir şirkət üçün bu qədər xərcə ofis tikmək israfçılıq deyil ki?
– Bu pula qeyri-neft sektorunda iri bir müəssisə qurmaq olmazdımı?
Nəhayət, hər zaman eşitdiyimiz və Azərbaycan üçün çox xarakterik olan suallar:
– Layihənin qiyməti şişirdilibmi?
– Onun icrası şəffafdırmı?
Gizli məlumatlarla ən bahalı bina tikmək
12 oktyabr 2010-cu ildə təntənəli mərasimlə inşasına start verilən SOCAR TOWERS-in tikintisini Türkiyənin “Tekfen Holdinq”inə daxil olan Tekfen Inşaat ve Tesisat A.Ş. – qısa desək, “Tekfen-Inşaat” aparır. Rəsmi məlumata görə, “Tekfen-Inşaat” həmin ilin martında elan olunmuş tenderlə – açıq müsabiqə yolu ilə 8 nüfuzlu şirkət arasından seçilib (bax: http://www.socar.az/2045-news-view-az.html). Tenderin şəffaf və qanuni keçirilməsini müəyyən etmək, həmçinin binanın xərclərinin şişirdilib-şişirdilməməsi barədə düzgün qənaətə gəlmək üçün apardığımız araşdırmalar zamanı ARDNŞ-ə verilən bütün sorğular cavabsız qaldı. Amma biz hesab edirdik ki, ARDNŞ belə gözədəyən məbləğdə vəsaitin xərcləndiyi bir layihə ilə bağlı məlumatları ictimaiyyətə verməkdə maraqlı olmalı idi. Ən azı layihənin şəffaflığını göstərmək üçün. Lakin ən maraqlısı odur ki, qazandığı tender və bizim ölkənin dövlət vəsaiti hesabına gördüyü işlə bağlı heç Türkiyə şirkəti də sorğulara cavab vermədi. Halbuki həmin sorğular həm “Tekfen Holdinq”ə, həm də ona daxil olan Tekfen Inşaat ve Tesisat A.Ş.-yə yollanılmışdı. Hətta şirkətin Bakıdakı ofisinə də…
Informasiya almaq, ifadə azadlığı və mətbuat hüququ üzrə mütəxəssis sayılan Media Hüquq Institutunun rəhbəri Rəşid Hacılı deyir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun vəsaitləri ilə iş görən təşkilatlar “Informasiya əldə etmək haqqında” Qanunun 9-cu maddəsinə əsasən, informasiya verməyə borclu olan informasiya sahibləri sırasına aiddir. Həmin Qanunun 29-cu maddəsinə əsasən də, bizim istədiyimiz bilgilər də açıqlanmalı məlumatlardır.
“Ekspert” iqtisad jurnalının baş redaktoru, Iqtisadi Tədqiqatlar Mərkəzinin sədri, uzun müddətÿIctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının koordinatoru olmuş tanınmış iqtisadçı Qubad Ibadoğlu tenderlə bağlı məlumatların açıqlanmamasını pisləyir və bunu layihə bağlı bütün proseslərin şəffaf və açıq olmaması kimi dəyərləndirir: “Hər şey düzgün olduğu halda məlumatların gizlədilməsinə heç bir maraq olmazdı. SOCAR-ın əsas gəlirləri neft və qaz hasilatındandır və bu gəlirlər hesabına özünün korporativ maraqlarının reallaşdırılması zamanı məlumatların gizlədilməsi qanunlara ziddir”.
Şok yaradan “Tekfen” gizlininin açılması
Bəs biz nəyi müəyyən etdik? Axtarışlar və sorğular bizi hamının fəxrlə bəyan edəcəyi bir xəbərə yönləndirdi. Məlum oldu ki, sözügedən binanın tikintisi ilə bağlı tenderə qədər ARDNŞ-in “Tekfen-Inşaat”a sahib olması barədə razılaşması var. Daha doğrusu, hələ 2008-ci ildə ARDNŞ və azərbaycanlı iş adamı Mübariz Mənsimovin sahibi olduğu “Palmali Holdinq” bu şirkətin 50 faizini satın almaq barədə “Tekfen Holdinq”lə razılaşma imzalayıblar. Türkiyə mətbuatı bu xəbəri “Azeri petrol devi Tekfen’in yarısını satın aldı” (bax: http://www.zaman.com.tr/haber.do?haberno=735491&title=azeri-petrol-devi-tekfenin-yarisini- satin-aldi), “Tekfen Inşaat’a Azeri ortak” (bax: http://www.tumgazeteler.com/ ?a=4086792) kimi başlıqlarla yayıb. Bu haqda sənədlər isə həmin dövrdə Bakıda imzalanıb.
Düzdür, 2009-cu ilin əvvəlində “Tekfen Holdinq” və ARDNŞ qlobal maliyyə böhranı ilə əlaqədar bu ortaqlığın həmin ilin sentyabr ayına qədər ertələndiyini bəyan etmişdi. Lakin söhbət yalnız ertələnməkdən gedirdi, razılaşmanın ləğv edilməsi haqda bu günə qədər heç bir qərar elan edilməyib. Əksinə, tərəflər ona yenidən baxılacağını dəfələrlə bəyan ediblər. Ekspertlər deyir ki, ortaqlıq niyyəti elan edilib və rəsmiləşdirilib, sonradan dondurulsa da, hələ ləğv edilməyib. Odur ki, bu hal maraqlar toqquşması sayılmalı idi və “Tekfen” ARDNŞ-in elan etdiyi tenderlərdə iştirak edə bilməzdi.
Lakin tutaq ki, ARDNŞ “Tekfen Inşaat”da doğrudan da pay sahibi deyil. Bununla belə, onlar arasında ortaqlığı sübut edən başqa bir faktı heç kim inkar etmir. Bu ortaqlıq “Azfen” şirkətidir. Bu şirkətin 60 faizi ARDNŞ-in, 40 faizi Tekfenindir. Gəlin, “Tekfen Holdinq”in rəhbəri Erhan Önərin Türkiyə mətbuatıan veridyi açıqlamaya diqqət yetirək. “Azerbaycanlı Socar ile Azerbaycan”daki şirketleri Azfen”de 12 yıldır ortak olduklarını hatırlatan Erhan Öner, “Biz zaten ortağız, birbirimizi tanıyoruz” dedi (bax: http://www.emlakpencerem.com/socar-ortakligi-tekfen-e-yarayacak.html və yaxud http://www.hurriyetemlak.com/socar_ortakligi_tekfen8217;e_10_yilda_37_milyar_dolarlik_is_getirecek/emlak-yasam-sektorden-haberler/qqQjNmN0pwI=/Ra7fDwO1s8k=).
Iqtisadi və Sosial Inkişaf Mərkəzinin sədri, makro-iqtisadiyyat üzrə xaricdə nəşr olunan bir sıra əsərlərin, həmçinin Dövlət Neft Fondunun Gəlirlərindən Istifadə Istiqamətləri haqda Strateji Sənədin müəllifi olan iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Bayramov sözügedən tender və layihə barədə məlumatların ARDNŞ tərəfindən gizlədilməsini daha çox onun “Tekfen Inşaat”la şərik olması ilə bağlayır: “Tekfen Inşaat” şirkətinin səhmlərinin 50 faizinə ARDNŞ və məşhur azərbaycanlı biznesmen, Türkiyədə yaşayan Mübariz Mənsimovun başçılıq etdiyi “Palmali”nın alması ilə bağlı razılaşma ciddi məqamdır. Üstəlik, ARDNŞ və Tekfenin buna qədər də ortaqlığı vardı. Həmin şirkətin ARDNŞ-in tenderində iştirak etməsi “maraqların münaqişəsi” baxımından qadağandır. Keçirdiyi tenderdə ARDNŞ-ə ortaqlığı olan şirkətlər iştirak edə bilməz. Məhz bu baxımdan da tender sənədləri ictimaiyyətə açıqlanmır. Halbuki ARDNŞ dövlət şirkətidir və dövlət şirkəti olduğu üçün onun tikdirdiyi bina heç də özəl vəsaitlər hesabına inşa edilən bina ilə eyniləşdirilməməlidir. Məhz bu layihə ilə bağlı məlumatların ictimaiyyətə açıqlanması vacibdir”.
Qanunlar isə hər cür ortaqlığı tenderdə iştirak etməyə zidd sayır. Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin həmsədri, Azərbaycanda əks-səda yaradan bir sıra iqtisadi araşdırmaların və monitorinqlərin müəllifi, tanınmış iqtisadçı Rövşən Ağayev isə bu məsələ ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu xatırladır: “Qanunun 13-cü maddəsi ”Dövlət satınalmalarında maraqların ziddiyyəti” adlanır və onun birinci bəndinə görə, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Bu qayda bütün növ tenderlərə aiddir. ARDNŞ özünə bağlı şirkətə bu cür böyük məbləğdə sifarişi verə bilməz. Qanun ciddi şəkildə pozulub və böyük məbləğdə vəsaitin şəffaf xərcləndiyinə zəmanət yoxdur. Bu, çox nadir və ağır pozuntulardandır”.
Ekspertlər deyir ki, SOCAR TOWERS-in tikintisi qanunsuz yolla aparılır və hətta tenderdə iştirak edən digər 7 şirkət də məhkəmə yolu ilə bu tikintini dayandırtdıra bilərlər. Normalda səlahiyyətli dövlət qurumları da bu qanunsuzluğu araşdırmalıdır.
Nəticəsi 2 il öncə bilinən tender…
Iqtisadçı Rövşən Ağayev “Tekfen Inşaat”ın tenderdə qanunsuz iştirakını və qalib gəlməsini beynəlxalq qalmaqala səbəb olacaq fakt sayır: “Adətən Türkiyə şirkətləri bu cür qanun pozuntusu olan işlərə girmir və belə hallar həmin cəmiyyətdə qalmaqal yarada bilən bir haldır”.
Amma bu məsələdə kifayət qədər maraq doğuran başqa məqamlar da var. Türkiyə mətbuatı Tekfen Inşaat’a ortaqlıqla bağlı xəbərlərdə qeyd edir ki, Tekfen ortaqlığa o şərtlə razı olub ki, SOCAR yaxın dönəmdə şirkətə milyardlarla tikinti sifarişi verəcək. “Yeni Şafak” qəzeti yazıb: “Anlaşma karşılığında Palmali ve Socar ortaklığı Tekfen Inşaat’a 37 milyar dolarlık inşaat işi verecek” (bax: http://yenisafak.com.tr/Ekonomi/?t=09.09.2008&i=138832). Tekfen rəhbərliyi də bunu hər yerdə fəxrlə deyir.
Iqtisadçılar isə bunu yolverilməz sayır. Onlar deyir ki, qanunlara görə heç bir dövlət sifarişi əvvəlcədən kiməsə söz verilə bilməz, xüsusən də dünyada 100-lərlə belə icraçı olduğu halda. Bu cür iqtisadi əhdlər, öncədən razılaşmalar zərərli və qanunsuz olmaqla yanaşı, şəffaf niyyətlərdən xəbər vermir, hər zaman korrupsiya və rüşvətə yol aça bilər. Həm də qanunlara görə icraçılar yalnız tenderlə müəyyən edilməlidir.
Öncədən razılaşmalardan söz düşdü və elə bu vaxt bəlkə də Azərbaycan tarixinin ən iliginc bir tender müsabiqəsindən danışmalıyıq. Sözügedən binanın təməlqoyma törənində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev söyləmişdi: “2010-cu ilin martında Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilmişdir. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin ”TEKFEN Inşaat” şirkəti qalib gəlmişdir” (bax: http://xalqqazeti.com/az/none/prezident-ilham-eliyev-dovlet-neft-shirke- tinin-yeni-inzibati-binasinin-temelqoyma-merasiminde-ishtirak-etmishdir?lngs=eng&cats=9&ids=49).
Amma… hələ 2008-ci ildə Türkiyə mətbuatı yazırdı ki, ARDNŞ-in yeni inzibati binasını “TEKFEN Inşaat” tikəcək: “Tekfen Holding A.Ş, bağlı ortaklıklarından Tekfen Inşaat ve Tesisat A.Ş ve Azerbaycanÿ devlet petrol şirketi Socar arasında Socar’ın yeni yönetim binasının yapımı hususunda Bakü’de bir protokol imzalandığını duyurdu. 09ÿEkimÿ2008″. Bax: http://www. porttakal.com/haberler/ekonomi/socar-in-merkezini-tekfen-yapacak-139458.html və ya http://www.milliyet.com. Tr/tekfen-insaat-ile-socar-pro- tokol-imzaladi/ekonomi/sondakikaarsiv/09.10.2008/100 1006/default.htm.
…Yəni, 2010-cu ildə keçirilən bir tenderin qalibi 2008-ci ildən bəlli olub.
ardı var