Baş energetik Heydər Əliyev sarayının tikintisini nədən başa çatdırmır?
«Azərenerji» rəhbərinin tikdirdiyi liseyin binasında çatlar əmələ gəlib
Son günlər mətbuatda “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin fəaliyyətinin ciddi araşdırıldığı barədə məlumatlar yer alıb. Buna səbəb E.Pirverdiyevin həyata keçirdiyi bir sıra nəhəng layihələrdə maliyyə maxinasiyalarına yol verməsidir. Bəzi məlumatlarda onun, hətta həbs olunacağı bildirilir. Sözsüz, “Azərenerji” rəhbəriylə bağlı araşdırmaların kökündə onun Dövlət Bayrağı Meydanının inşası zamanı yol verdiyi yanlışlıqlar dayanır. Məhz həmin vaxtdan dövlət başçısının qəzəbinə tuş gələn Pirverdiyev barədə ciddi tədbirlərə start verilib.
Lakin hələlik bütün bunlar Pirverdiyevə olan etimadın itirilməsinə səbəb olmayıb. Əksinə, cənab Pirverdiyev öz biznesini genişləndirməkdədir. “Azərenerji” prezidentinin ötən il məhz bu vaxt bütün ölkəni ayaqda saxlayan Mingəçevir su anbarı üzərindəki SES-in normadan artıq istismar olunmasını qazanc mənbəyinə çevirməsi barədə məlumatlar var. Belə ki, ölkənin enerji nəhənglərindən sayılan Mingəçevir SES-də daha çox elektrik enerjisi istehsalı üçün anbara həddən artıq çox su buraxılır. Alınmış əlavə enerji isə elə “Azərenerji”yə yaxın olan qurumların əli ilə istilik elektrik enerjisi kimi təqdim olunur.
“Azərenerji” rəhbərini Mingəçevirlə təkcə SES bağlamır. Məlumdur ki, ölkənin ayrı-ayrı rayonları konkret olaraq hansısa məmur-oliqarxın inhisarındadır. Ölkə energetikasının flaqmanı olan Mingəçevir şəhərinə də qeyri-rəsmi “kuratorluğu” E.Pirverdiyev həyata keçirir. Baxmayaraq ki, baş energetikin Mingəçevirə səfərləri prezident və parlament seçkiləri öncəsi daha intensiv xarakter alır. E.Pirverdiyevin belə səfərlərindən birində, 2008-ci ilin prezident seçkiləri öncəsi şəhərdəki N.Nərimanov adına mədəniyyət evinin sökülərək yerində Heydər Əliyev adına sarayın inşasına başlanması barədə qərar qəbul edildi. Qeyd edək ki, bu haqda elə həmin ilin fevralında Mingəçevir şəhər Icra Hakimiyyətində keçirilən yığıncaqda məsələ qaldırılmışdı. Şəhər mədəniyyət və turizm şöbəsinin bu gün artıq sabiq müdiri Idris Məmmədov “Azərenerji” ASC-nin prezidentinə müraciət edərək Mingəçevirdə Heydər Əliyev sarayına ehtiyac olduğunu bildirmişdi (məlumat üçün bildirək ki, 1963-cü ildə istifadəyə verilmiş və mingəçevirlilərin hafizəsində bu günədək “Kosmos” kinoteatrı kimi qalmış binanı və ətrafını 2003-cü ilin prezident seçkiləri öncəsi “Azərenerji” ASC kosmetik təmir etmiş və N.Nərimanov adına mədəniyyət evi adlandırılmışdı – Z.).
O vaxt E.Pirverdiyev bu işin onun imkanları xaricində olduğunu, rəhbərlik etdiyi qurumun şəhərdə artıq bir məktəbin (bu haqda bir qədər sonra) əsaslı təmiri işlərini görməsini öhdəsinə götürməsiylə izah etsə də, qısa zaman kəsiyindən sonra mədəniyyət evinin söküntüsünə start verildi. Söküntü işləri başa çatdıqdan sonra sarayın inşasına başlanılsa da, bu iş ilyarımdan çoxdur ki, yarımçıq saxlanılıb. Əvvəllər bunu E.Pirverdiyevin başının Dövlət Bayrağı Meydanına qarışması ilə izah etdilər. Lakin həmin tikinti başa çatdıqdan sonra da nədənsə Mingəçevirdəki saray unuduldu.
Maraqlıdır ki, şəhərin digər böyük mədəniyyət mərkəzi olan M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binası da 2008-ci ildən burada aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə əlaqədar qapılarını tamaşaçıların üzünə bağlayıb. 2010-cu il oktyabrın 14-də Mingəçevirə səfəri çərçivəsində burada aparılan işlərlə tanış olan Ilham Əliyevə binada yenidənqurma işlərinin 2011-ci ilin martında başa çatdırılacağı barədə məlumat verilmişdi.
Yuxarıda adını çəkdiyimiz Mingəçevir Texniki liseyinin inzibati binası da “Azərenerji” ASC-nin vəsaiti hesabına inşa olunub. Xatırladaq ki, lisey keçmiş 15 saylı orta məktəbin bazasında yaradılıb. Inşaat işlərini “Azərenerji” rəhbərinə məxsusluğu bildirilən “Azenko” şirkəti həyata keçirib. Maraqlıdır ki, prezidentin Mingəçevirə səfəri zamanı açılışı planlaşdırılan obyektlərdən biri də məhz “Azərenerji”nin inşa etdirdiyi həmin lisey idi. Lakin son anda bu təhsil ocağının adı siyahıdan çıxarıldı. Ilk günlər bunu hər kəs müxtəlif cür izah etsə də, sonralar əsas səbəb kimi lisey binasının keyfiyyətsiz tikilməsi, hətta binanın ayrı-ayrı yerlərində gözlə görünən çatların meydana gəlməsi göstərildi.
Zeyd