Müzəffər Baxışov: «70 faiz icra statistikası şişirdilib»
Azərbaycanda məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb. Ədliyyə Nazirliyindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildirilib ki, məhkəmə qərarlarının icrası ilə bağlı 2014-cü ildə yerli icra qurumlarının icraatında 278 862 icra sənədi olub. Onlardan da qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülərək 70%-nin icrasına nail olunub.
“Icra haqqında” qanunun 84-1-ci maddəsinə əsasən, 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Icra sənədi icra olunduğuna görə isə 929 şəxs barəsində əvvəl qoyulmuş məhdudiyyətin götürülməsi haqqında qərar qəbul edilib.
Məsələ barədə fikirlərini “Azadlıq”a açıqlayan hüquqşünas Müzəffər Baxışov məhkəmə qərarlarının icrasında çox ciddi problemlərin olduğunu bildirir. 70 faiz icranın da reallığı əks etdirmədiyini deyən hüquqşünas, statistika üçün belə bir rəqəm açıqlandığını söyləyir:
“Guya ölkədə məhkəmə qərarlarının icrası vəziyyəti 70 faiz həcmində icra olunur. Bu statistikanı şişirdirlər. Məhkəmə əslində ictimai asayişin təmin edilməsinə xidmət etməlidir. Bütün dünyada belədir. Məhkəmə keçirilməsinin ən ciddi əsaslarından biri də qərarların icrasıdır. Bu barədə Avropa Məhkəməsinin qərarlarında da dəfələrlə bildirilib ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, həmin qərarlar icra olunsun. Çünki məhkəmə qərarının qəbul edilməsi insan hüquqlarının sadəcə xəyali təminatıdır. Amma icra edilməsi əsaslı təminatdır. Yəni qərar icra olunursa, deməli, o hüquqlar təmin olunur”.
M.Baxışov qeyd edir ki, ölkədə məhkəmə qərarlarının icra olunması barədə ciddi problemlər var. Belə ki, nazirliklər, dövlət qurumları məhkəmə qərarlarını icra etməkdən birmənalı şəkildə boyun qaçırırlar. M.Baxışov Nərimanov rayon ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi Xidmətinin məhkəmə qərarlarını saymadığını deyir:
“Nərimanov rayon məhkəməsinin icra şöbəsiylə maraqlansanız, görərsiniz ki, məhkəmə qərarlarının icrasıyla bağlı onunla Bakı Ərazi Idarəsi arasında ciddi problemlər yaşanır. Digər belə qurumlar var ki, onlar məhkəmə qərarlarını icra etmirlər. Son dövrlərdə bankların verdiyi kreditlərlə bağlı məhkəmə qərarları mövcuddur. Bütün bunlar ölkədə məhkəmə qərarlarının icrasına çox mənfi təsir göstərir. Onun icrasını təmin etmək üçün dövlətin icra qurumlarının da kifayət qədər imkanları mövcud deyil. Onlar özlərinə əziyyət vermir və qərarların icrasının təmin edilməsi üçün lazımi tədbirlər görmürlər”.
Nigar