Hakimiyyət onların azadlığını Rusiya qarşısında şərt qoymalıdır
Ermənilər tərəfindən əsir götürülən soydaşlarımız Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətində azadlıqdan məhrum edildi. Onlar doğma yurdlarına, doğmalarını ziyarət etmək üçün getmişdilər. Ermənilər isə işğal etdikəri ərazidə qondarma məhkəmə qurub, onlar barəsində etmə hökm verdilər. Bu hadisə erməni vəhşiliyinin növbəti təzahüri idi və insanlığa qarşı növbəti terror faktıdır. Təbii ki, bütün beynəlxalq qurumlar bu hadisəyə münasibət bildirməli və soydaşlarımızın azadlığı təmin edilməlidir. Soydaşlarımızın erməni girovluğunda keçirdiyi hər gün, özünü vətəndaş hesab edən hər kəsi narahat etməlidir, ağrıtmalıdır.
Əslində, Azərbaycan hakimiyyəti Dilqəm Əsgərovu və Şahbaz Quliyevi asanlıqla ölkəyə qaytarmağa borcludur. Çünki, soydaşlarımızı əsir edənlər, hökumətimizin ən yaxın dostu olan Rusiyanın himayəsindədir. Bunu, YAP-çı deputat Siyavuş Novruzov da təsdiqləyib: “Rusiya istəsə, bu gün girovların hər ikisi azadlığa çıxar. Sergey Lavrov təqdirəlayiq bir bəyanat verdi. Amma bu məsələni həll etmək üçün Rusiyanın istəyi olmalıdır. Şəxsi istək vacibdir. Ermənistan Rusiyanın forpostudur. Düşmən ölkə Rusiyasız heç bir addım atmır. Bu məsələdə əlavə fikir ola bilməz” – deyə Siyavuş Novruzov bildirib.
Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu hər kəs bilir və hamı təsdiqləyir ki, Qarabağı Rusiya işğal edib. Hətta Ilham Əliyevin Almaniya səfəri zamanı Angela Merkel də bu məlum həqiqəti təkrarladı.
Indi sual olunur. Niyə Azərbaycanın bu qədər bəxşişləri qarşısında, Rusiya 2 soydaşımızın azadlığını təmin etmir? YAP hakimiyyəti 20 yanvar faciəsini, Xocalı soyqırımını, Qarabağın işğalını Rusiyaya güzəştə getdiyi halda, Azərbaycan xalqını təhqir edən Jirinovskini Bakıda yüksək səviyyədə qarşıladığı halda, bütün dünya ilə Rusiyaya görə düşmən olduğu bir məqamda, Putin iki nəfərin azadlığına niyə göstəriş vermir?
Barak Obamanı ikiüzlü adlandıran “milli maraq” mühafizəçiləri, Putinin sayı itmiş simasından niyə üz döndərmir?
Başqa vaxt ikili standartlardan, Azərbaycana qarşı Qərbin qərəzindən danışan hakimiyyət, bu gün Rusiyanın ətalətini görməzdən gəlir. Maraqlıdır, Azərbaycan hakimiyyəti nəyin qarşılığında Rusiyaya bu qədər xidmət edir? Rusiya ilə bu dostluq nəinki Qarabağı, 2 vətəndaşımızın azadlığını geri qaytara bilmirsə, bu “qardaşlıq” nəyə lazımdır?
Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında çıxış edən milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib ki, ölkə rəhbərinin daim diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycan Respublikası müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış tələblər qaldırıb. Daha sonra qeyd edib ki, bütün səylərə baxmayaraq, qarşı tərəfin tutduğu qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb.
Bəli, Azərbaycan hakimiyyəti “ermənipərəst”, “ikiüzlü”, “qərəzli”, “Azərbaycanın inkişafını gözü götürməyən” kimi təqdim etdiyi bütün təşkilatlara müraciət edib və girovların azad edilməsi mümkün olmayıb.
Bundan sonrakı mərhələdə hökumət təmsilçiləri Ermənistanı da unudub, beynəlxalq təşkilatları növbəti dəfə hədəf seçəcək. Yenə də “böyük qardaş”ları Rusiya toxunulmaz qalacaq. Bütün beynəlxalq təşkilatlara nota verəcəklər, amma Dilqəm və Şahbazı dərhal azad etdirə biləcək Rusiya “müqəddəs” olaraq qalacaq.
Bəli, Azərbaycan hakimiyyəti Rusiyaya milli maraqlara görə deyil, şəxsi istəklərə görə bağlıdır. Rusiya Qarabağ münaqişəsinin həllinə, soydaşlarımızın azadlığına töhfə vermir. Amma demokratiya, insan haqlarını da tələb etmir. Hakimiyyət də ikinciyə görə, birincini qurban verir.
Bir sözlə əsir soydaşlarımızın azadlığı, Azərbaycan hakimiyyətinin “qarşılıqsız sevdiyi” Rusiyanın əlindədir. Deməli, eyni zamanda Azərbaycan hakimiyyətinin əlindədir. Rusiyanın belə bir çətin vəziyyətində, hakimiyyət soydaşlarımızın azadlığını şərt kimi ortaya qoya bilər. Bir vaxtlar dünyanı enerji məsələləri ilə şantaj etdiyi kimi.
Əgər soydaşlarımızın azadlığı şərt kimi ortaya qoyulmursa, deməli hakimiyyət bu məsələdə maraqlı deyil. Vəziyyət bu qədər sadədir.
P.S. Amma bir reallıq var ki, Azərbaycan hakimiyyəti üçün insan azadlığı önəmli olsaydı, ölkədə bu qədər siyasi məhbus olmazdı.
Akif